Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilibBu gün, 18:57. Yazar: azer |
![]() İyunun 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, iyunun 22-dən 25-dək Bakıda Milli Məclisin ev sahibliyi ilə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası və sessiya ilə bağlı iclaslar keçirilib. Qeyd edilib ki, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq qurumlarından biridir və öz sıralarında 57 dövləti birləşdirir. Spiker 1969-cu ildə yaradılmış bu təşkilatın müsəlman ölkələri arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, habelə islam dünyasının ümumi maraqlarının müdafiəsi üçün mühüm platforma rolunu oynadığını söyləyib. Bildirilib ki, Təşkilatın Parlament İttifaqı Konfransının 20-ci sessiyası Azərbaycanın islam aləmində yüksək nüfuzunu bir daha təsdiq edən mühüm beynəlxalq hadisə oldu. Tədbirdə 43 ölkədən və 11 beynəlxalq təşkilatdan 54 nümayəndə heyəti, ümumən 500-dən çox nümayəndə iştirak edib. Nümayəndə heyətlərinin artıq iyunun 21-də ölkəmizdə olduğu və ertəsi gündən sessiyaya hazırlıq iclasları keçirilməyə başlandığı diqqətə çatdırılıb. Milli Məclisin sədri bildirib ki, İcraedici komitənin 56-cı iclası, habelə 5 daimi komitənin və 3 qrupun – Asiya, Afrika və Ərəb qruplarının, eləcə də müsəlman qadın parlamentarilərin, müsəlman icmaları və azlıqlar alt komitəsinin, Baş Katiblər Assosiasiyasının növbəti iclasları, məsləhətləşmə görüşləri və konqresləri, digər toplantılar sessiyada müzakirələrin səmərəli təşkili baxımından çox əhəmiyyətli idi. İyunun 24-də 20-ci sessiyanın açılış mərasimi olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sessiya iştirakçılarına müraciəti tədbirin əhəmiyyətini daha da artırdığı diqqətə çatdırılıb. Spiker bildirib ki, müraciətdə islam ölkələrinin həmrəyliyini və iş birliyini möhkəmləndirməyin əsas prioritetləri müəyyən edilib, islam dəyərlərinin qorunması naminə birgə səylərin əhəmiyyəti vurğulanıb. Milli Məclisin sədri qeyd edib ki, sessiyada İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqına sədrlik Azərbaycan Milli Məclisinə təhvil verilib. Bu, ölkəmizə göstərilən yüksək beynəlxalq etimadın yeni bir ifadəsidir və eyni zamanda, dövlətimizin müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirmək sahəsində ardıcıl siyasətinin təsdiqidir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, 20-ci sessiyanın sədri kimi açılış nitqində o, Parlament İttifaqına Milli Məclisin sədrliyi dövründə fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Milli Məclisin təşkilatın rolunun daha da güclənməsinə və üzv ölkələrin parlamentləri arasında iş birliyinin inkişafına çalışacağını qeyd edib. O cümlədən sülhün, dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. İslam dünyasının potensialını tam reallaşdırmağın və onun üzləşdiyi çətinlikləri aradan qaldırmağın yolları barədə fikirlərini bölüşüb. Spiker qeyd edib ki, sessiyada nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər. 2 gün ərzində ümumən 32 çıxış səslənib, beynəlxalq gündəliyin aktual məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Parlament İttifaqının fəaliyyətini daha da təkmilləşdirməyə və üzv dövlətlərin parlamentləri arasında qarşılıqlı əlaqəni genişləndirməyə yönələn qərarlar qəbul edilib. Milli Məclisin sədri tədbirin ən mühüm yekunlarından birinin də Bakı Bəyannaməsinin qəbul edilməsi olduğunu söyləyib. Bəyannamə İttifaqın üzvü olan parlamentlərin qarşılıqlı əlaqəni və əməkdaşlığı, həmrəyliyi və dialoqu daha da möhkəmləndirmək əzmini ifadə edir. Qeyd edilib ki, sessiya çərçivəsində Milli Məclisin Sədrinin 19 ikitərəfli görüşləri olub. Türkiyə, İran, İordaniya, Oman, Qətər, Yəmən, Mozambik, Niger, Şimali Kipr parlamentlərinin sədrləri, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Mərakeş, Qvineya-Bisau, Burkina Faso, Çad, Kot-d`İvuar və Mali parlamentlərinin sədr müavinləri, Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə danışıqlarda ikitərəfli və çoxtərəfli platformalarda iş birliyinin inkişaf etdirilməsi yolları nəzərdən keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb. Spiker vurğulayıb ki, Milli Məclisin deputatları həm 20-ci sessiyada, həm də müxtəlif komitələrin və qrupların iclaslarında və digər tədbirlərdə fəal iştirak ediblər. Milli Məclisin komitə sədrləri bir sıra təşkilati komitə iclaslarında sədrlik də ediblər. Milli Məclisin sədri vitse-spiker, Parlament İttifaqında nümayəndə heyətinin rəhbəri Rafael Hüseynova, iclaslarda və müxtəlif tədbirlərdə iştirak etmiş komitə sədrlərinə, dostluq qruplarının rəhbərlərinə və deputatlara minnətdarlığını bildirib. Spiker İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olduğunu və qarşıya qoyulan bütün hədəflərə nail olunduğunu nəzərə çatdırıb. Milli Məclisin sədri qeyd edib ki, Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edən İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi eyni zamanda, onun dəvəti ilə ölkəmizə rəsmi səfərini də həyata keçirib. İordaniya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilib. İyunun 22-də İordaniya Nümayəndələr Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə Azərbaycan Parlamentinin sədrinin görüşü olub. Görüşdə parlamentlərimiz arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və İordaniya parlamentlərində fəaliyyət göstərən dostluq qrupları üzvlərinin ayrıca görüşü də keçirilib. Milli Məclisin sədri İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar İsgəndərova da minnətdarlığımı bildirib. Çıxışına yekun vuran spiker səfərin həyata keçirilməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib. Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 14 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb. O, gündəliyin birinci məsələsinin – “Metrik Konvensiya”ya qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsinin beynəlxalq sənədlə bağlı olduğuna görə, müvafiq qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini söyləyib. İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsini təqdim edib. O, bildirib ki, “Metrik Konvensiya” 1875-ci il mayın 20-də Paris şəhərində imzalanıb və 1 yanvar 1876-cı ildə qüvvəyə minib. Diqqətə çatdırılıb ki, 67 ölkə hazırda Konvensiyaya tərəf dövlətlərdir, 36 ölkə, o cümlədən Azərbaycan assosiativ dövlətlərdir. Metrik Konvensiya 14 maddədən, sənədin tərkib hissəsi olan Əlavə Qaydalar isə 22 maddədən ibarətdir. Konvensiya ölçmə elmində qlobal əməkdaşlıq üçün çərçivə yaradaraq elm, ticarət və mühəndislik sahələrində istifadə olunan çəki və ölçülərlə bağlı beynəlxalq miqyasda vahidliyi təmin edib. Konvensiya əsasında fiziki ölçü qaydaları uzlaşdırmaq və tənzimləmək üçün üç əsas təşkilati struktur – Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro, Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitə və Çəkilər və Ölçülər üzrə Baş Konfrans təsis edilib. Qeyd olunub ki, Konvensiyanın müddəaları beynəlxalq prototiplər, onların nəzarət nüsxələri, saxlanma yerlərinə giriş, Büronun təsisi, qurulması illik xərcləri, Tərəflərin üzərinə düşən məbləğ, elmi avadanlığın təkmilləşməsi, Konvensiyaya qoşulmaq qaydalarını müəyyən edir. Konvensiyanın tərkib hissəsi olan Əlavə Qaydalarda Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun yerləşdiyi bina, laboratoriya, tərəzilər, müqayisəli cihazlar, geodeziya xətkeşləri, Baş Konfransın toplanma şərtləri, Konfrans çərçivəsində səsvermə, Beynəlxalq Komitəyə üzvlük, hesabata dair tələblər və digər məsələlər tənzimlənir. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələ barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb. Deputat Hikmət Məmmədov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib. Parlamentin spikeri növbəti məsələnin “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) olduğunu bildirib. Sədr bu məsələ ilə əlaqədar maliyyə naziri Sahil Babayevin, Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib. O, dövlət büdcəsi ilə bağlı parlamentdə aparılan konstruktiv və məhsuldar müzakirələrin büdcə prosesinin təkmilləşməsinə xidmət etdiyini söyləyib. Müzakirələr zamanı deputatların səsləndirdiyi fikirlərin, Hesablama Palatasının təklif və tövsiyələrinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkəmizdə iqtisadi sahədə vahid dövlət siyasəti həyata keçirilir. Parlament bu siyasətin formalaşdırılmasında və icrasında mühüm rol oynayır. Ölkə Prezidentinin rəhbərliyi ilə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatların şəffaflığın, hesabatlılığın və nəticə yönümlü büdcə siyasətinin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb. Qeyd olunub ki, müvafiq hesabatla birlikdə təqdim edilmiş qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə cavab verir. Ötən ilin dövlət büdcəsinin sosial-iqtisadi hədəflərin reallaşması üçün müvafiq maliyyə təminatı yaratdığı, müəyyən edilmiş strateji inkişaf prioritetlərinə uyğun olaraq icra edildiyi bildirilib. İclasda maliyyə naziri Sahil Babayev çıxış edib. O, 2025-ci ilin dövlət büdcəsinin icrası nəticəsində ölkəmizin dayanıqlı inkişafının, maliyyə sabitliyinin və vətəndaş rifahının yüksəldilməsinin təmin edildiyini söyləyib. Son illərdə dünyada gedən mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının öz dayanıqlığını qoruduğunu, dövlət maliyyə sisteminin çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərdiyini bildirib. Bütün bunların əsasında ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, fiskal intizamın gücləndirilməsinin, iqtisadiyyatın şaxələndirilməsinin və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş davamlı diqqətin dayandığını vurğulayıb. Nazir öz çıxışında büdcənin icrası ilə əlaqədar aparılan müzakirələr zamanı deputatlar tərəfindən büdcə gəlirlərinin formalaşması, qeyri-neft sahəsinin inkişafı, büdcə xərclərinin icrası, sosial müdafiə, səhiyyə və digər məsələlərlə bağlı qaldırılan məsələlərə münasibət bildirib. Belə ki, son illər ölkəmizdə aparılan ardıcıl islahatların qeyri-neft sektorunun davamlı inkişafını təmin etdiyi, dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının əsas prioritet istiqamətlərdən biri olduğu söylənilib. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirildiyi qeyd olunub. Habelə, bildirilib ki, qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrinin nizamnamə kapitalının artırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər onların bank hesablarına köçürülür və il ərzində xərclənməyən hissəsi növbəti illərdə xərclərinin maliyyələşdirilməsinə yönəldilir. Bununla yanaşı, dövlət büdcəsinin xərclərində müdafiə olunan xərclərin “Büdcə sistemi haqqında” Qanunda öz əksini tapdığı, sosialyönlü xərclərə isə əməyin ödənişi, dərman, sarğı ləvazimatlarının və qida məhsullarının alınması, sosial ödənişlər, icbari tibbi sığorta fonduna ayrılan vəsait, dövlət icbari şəxsi sığortası və digər bu kimi xərclərin daxil edildiyi diqqətə çatdırılıb. Həmçinin, qeyd olunub ki, qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olan kənd təsərrüfatı sahəsinə hər il dövlət büdcəsindən əhəmiyyətli dövlət dəstəyi göstərilir. Eyni zamanda, səhiyyə sahəsində profilaktik tədbirlərin və ilkin səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlərə də aydınlıq gətirilib. Sahil Babayev 2025-ci ildə dövlət və icmal büdcələrinin ölkə Prezidenti tərəfindən müəyyən edilmiş prioritet istiqamətlərin icrasına, sosial təminat tədbirlərinə, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin olunmasına, həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldildiyini və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsini təmin etdiyini vurğulayıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov öz çıxışında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və onunla birlikdə təqdim olunan hesabatın həm komitədə, həm də plenar iclasda müzakirəsi zamanı deputatların Palatanın rəyinə verdikləri qiymətə görə minnətdarlığını bildirib. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, məsələ barədə əvvəlki oxunuşlar zamanı geniş məlumat verildiyini deyib və heç bir əlavə təklifin olmadığını nəzərə alaraq, onun səsə qoyulmasını xahiş edib. Təqdim edilən sənəddə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslərlə bağlı prosessual qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Millət vəkili layihə ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini, sənədə dair heç bir təklifin daxil olmadığını söyləyərək, onun səsə qoyulmasını xahiş edib. Layihəyə əsasən, Cinayət-Prosessual Məcəlləsində böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat ilə bağlı bəzi müddətlərin artırılması təklif olunur. Məcəllənin bəzi maddələrində "şikayət" sözü "məlumat" sözü ilə əvəz edilir. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumat verib. Komitə sədri layihənin iki oxunuşda geniş müzakirə olunduğunu, sənəddə heç bir əlavə dəyişikliyin edilmədiyini söyləyib və onun səsə qoyulmasını xahiş edib. Layihədə uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlət nəzarəti imkanlarının artırılmasına yönəlmiş dəyişikliklər öz əksini tapıb. Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə həmin komitələrin rəylərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub. Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Deputat layihənin mahiyyəti barədə əvvəlki iki oxunuş zamanı ətraflı məlumat verildiyini, hər hansı qeyd və təklifin daxil olmadığını deyib, sənədin səsə qoyulmasını xahiş edib. Qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmin edilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənədə əsasən, "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu"nun yaradılması nəzərdə tutulur. Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təmsil etdikləri komitələrin müsbət rəylərini diqqətə çatdırdıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Spiker gündəliyin növbəti 2 məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Komitə sədri bildirib ki, Konstitusiya Qanununa təklif olunan dəyişiklik media sahəsində fəaliyyət göstərən tənzimləyici qurumun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar adının dəyişdirilərək "Media və Yayım Şurası" ilə əvəz olunmasını nəzərdə tutur. Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, qanun layihəsində vahid qurumun - Media və Yayım Şurasının yaradılması ilə bağlı vəzifə və öhdəliklərin "Media haqqında" Qanunda öz əksini tapması, eyni zamanda "Dövlət qulluğu haqqında" Qanunun müvafiq maddələrində də dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitənin rəyini diqqətə çatdırdıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Komitə sədri bildirib ki, mütərəqqi xarakter daşıyan bu dəyişikliklər barədə layihənin birinci oxunuşda müzakirəsi zamanı ətraflı məlumat verilib. Layihədə əsasən iki istiqamətdə - vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadəsinin, həmçinin hüquqi aktların layihələrinə dair ictimai dinləmə və müzakirələrin keçirilməsinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təşkili üçün hüquqi əsasların yaradılması təklif olunub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Dəyişikliklər barədə sənədin birinci oxunuşunda ətraflı məlumat verildiyini deyən komitə sədri layihə ilə bağlı komitəyə heç bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Bu qanun layihəsi də ikinci oxunuşda qəbul olunub. Birinci oxunuşda müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Məsələ ilə bağlı iclasda səhiyyə nazirinin müavini Nadir Zeynalov və nazirliyin şöbə müdiri Elçin Qədirov iştirak edirdilər. Komitə sədri bildirib ki, layihənin əsas məqsədi psixiatriya yardımı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, şəxslərin hüquq və təhlükəsizliyinin daha effektiv təmin olunması və elektron səhiyyə sisteminin tətbiqidir. Layihədə qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişiklik təklif olunur. Dəyişikliklərdə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur. Layihədə həmçinin psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər də öz əksini tapıb. Qanun layihəsinin müzakirəsində komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Bəxtiyar Əliyev, Elçin Mirzəbəyli və Nigar Məmmədova çıxış edərək dəyişiklikləri müsbət qiymətləndiriblər, bəzi qeydlərini bildiriblər. Layihə birinci oxunuşda qəbul edilib. Sonra “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirə edilib. Məsələ ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov iclasda iştirak edirdi. Layihə haqqında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara, beynəlxalq audit standartlarına və milli qanunvericiliyin tələblərinə uyğun olaraq təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd olunub ki, layihədəki dəyişikliklərə əsasən, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının büdcəsinə dair nəzarət mexanizmlərinin qanunvericiliyə uyğunlaşdırılması, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı məlumatların əldə olunması qaydalarının dəqiqləşdirilməsi təklif olunur. Sənəddə həmçinin dövlət auditi ilə bağlı informasiya sistemlərindən istifadənin hüquqi əsasları yaradılır. Vurğulanıb ki, layihə dövlət maliyyə nəzarətinin institusional əsaslarının gücləndirilməsinə, büdcə prosesində hesabatlılığın və şəffaflığın artırılmasına xidmət edir. Layihə birinci oxunuşda qəbul olunub. Növbəti məsələni də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Bildirilib ki, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) Ələt Azad İqtisadi Zonası ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin qorunması məqsədilə hazırlanıb. Belə ki, Azad zona ərazisində istehsal olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi müəyyən şərtlər əsasında gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu güzəştlər Ələt Azad İqtisadi Zonası ərazisində Azad zona hüquqi şəxsi tərəfindən istehsal və ya kifayət qədər emal olunmuş Azərbaycan mənşəli mallar üzrə və Azad zona hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində veriləcək. Layihə ilə bağlı deputat Rövşən Muradovun fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda qəbul olunub. Gündəliyin sonuncu məsələsi olan Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənədə əsasən, iqtisadi fəaliyyət sahəsində olan bəzi cinayətləri törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxslər, bundan əlavə vurulmuş ziyanın artıq bir misli deyil, əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcəklər. Həmçinin Cinayət Məcəlləsində yalançı sahibkarlıq fəaliyyəti dəqiqləşdirilir, "Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" adlı 208-ci maddə ləğv edilir. Texnoloji yeniliklərə uyğun olaraq, qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı cinayət tərkibləri dəqiqləşdirilir, habelə uşaqlarla bağlı bu qəbildən olan cinayətlərə görə cəzalar sərtləşdirilir. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, layihədə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması qaydaları təkmilləşdirilib. Müzakirədə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Nizami Səfərov çıxış ediblər, layihə barədə fikirlərini bildiriblər. Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bununla Milli Məclisin bugünkü iclası başa çatıb. Geri dön |