Ana Sayfa > Siyasət > Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?
Küçədə və ya parkda gəzərkən siqaret çəkmək olar?Bu gün, 18:00. Yazar: Subhan |
![]() Siqaret çəkilməsi ilə bağlı tətbiq olunan qaydalar bəzi hallarda vətəndaşlar arasında suallar yaradır. Ən çox maraq doğuran məqamlardan biri isə hansı məkanlarda tütün məmulatlarından istifadənin qadağan olunmasıdır. aia.az xəbər verir ki, Azərbaycan qanunvericiliyinə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunda siqaret çəkilməsinin yolverilməz olduğu yerlər dəqiq şəkildə müəyyən edilib. Məqsəd həm insanların sağlamlığını qorumaq, həm də tütün tüstüsünün ətraf mühitə mənfi təsirini minimuma endirməkdir. Qanuna görə, təhsil və məktəbəqədər təhsil müəssisələrində, xəstəxanalarda və reabilitasiya mərkəzlərində, idman və digər kütləvi tədbirlərin keçirildiyi obyektlərdə, restoran, kafe və barlar da daxil olmaqla ictimai iaşə məkanlarında, ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, hotellərdə və digər yerləşdirmə vasitələrində siqaret çəkmək qadağandır. Bundan əlavə, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər, sərgi salonları və digər mədəniyyət ocaqları, uşaq meydançaları, yeraltı və qapalı piyada keçidləri də tütün istifadəsinə icazə verilməyən məkanlar sırasındadır. Qadağa ictimai nəqliyyata da şamil edilir. Belə ki, şəhərdaxili və şəhərlərarası avtobuslarda, taksilərdə, metro stansiyalarında və vaqonlarda, hava, dəmir yolu və su nəqliyyatında siqaret çəkmək qanunla qadağandır. Eyni zamanda hava limanları, dəmir yolu vağzalları, avtovağzallar, avtobus dayanacaqları, liftlər, çoxmənzilli yaşayış binalarının ümumi istifadə sahələri, yanacaqdoldurma məntəqələri, tezalışan maddələrin saxlanıldığı obyektlər və bütün iş yerlərində də bu məhdudiyyət qüvvədədir. Qanun müəssisə və təşkilat rəhbərlərinə də öhdəlik qoyur. Belə ki, qadağanın tətbiq olunduğu ərazilərdə hər kəsin rahat görə biləcəyi yerdə "Tütün çəkmək qadağandır" yazısı və ya müvafiq xəbərdaredici nişan yerləşdirilməlidir. Bununla yanaşı, qanun bəzi obyektlərdə xüsusi siqaret çəkmə zonalarının yaradılmasına da imkan verir. Bu zonalar açıq havada və ya güclü havalandırma sistemi ilə təchiz olunmalı, sanitar-gigiyenik normalara və aidiyyəti qurumun müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Qeyd edək ki, qanunla siqaret çəkilməsi qadağan olunan yerlərdə bu qaydanı pozan şəxslər üçün 30 manat məbləğində inzibati cərimə nəzərdə tutulub. aia.az Geri dön |