Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-4 > Novruzəli Aslanov: "Azərbaycanın rəqəmsal inkişaf sahəsində sistemli və uzunmüddətli hədəflər müəyyən edilib"

Novruzəli Aslanov: "Azərbaycanın rəqəmsal inkişaf sahəsində sistemli və uzunmüddətli hədəflər müəyyən edilib"


Bu gün, 14:06. Yazar: azer
Novruzəli Aslanov: "Azərbaycanın rəqəmsal inkişaf sahəsində sistemli və uzunmüddətli hədəflər müəyyən edilib"

"Azərbaycan son illərdə iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəçiliyinin müasirləşdirilməsi və innovativ inkişaf modelinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasətin məntiqi davamı kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirilən fikirlər göstərir ki, ölkədə rəqəmsallaşma artıq yalnız texnoloji yenilik kimi deyil, milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi qəbul edilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çıxışı bu baxımdan Azərbaycanın yaxın illər üçün müəyyən etdiyi strateji prioritetlərin mahiyyətini aydın şəkildə ortaya qoyur.
Müasir dünyada rəqabət üstünlüyünü təbii sərvətlərdən daha çox innovasiya potensialı, rəqəmsal həllər və süni intellekt texnologiyalarını mənimsəmək bacarığı müəyyən edir. Azərbaycan da bu qlobal transformasiyanın kənarında qalmaq deyil, onun fəal iştirakçılarından biri olmaq niyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq hazırlanmış üçillik Fəaliyyət Planı və Yol Xəritəsi ölkənin rəqəmsal inkişaf sahəsində sistemli və uzunmüddətli hədəflər müəyyən etdiyini göstərir. Bu isə təsadüfi layihələrdən deyil, vahid dövlət siyasətindən xəbər verir."

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili bildirib ki, rəqəmsallaşmanın yalnız elektron xidmətlərin genişləndirilməsi kimi təqdim olunmaması, bu prosesin iqtisadi artımın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, innovasiya ekosisteminin inkişafı və yerli startapların dəstəklənməsi ilə əlaqələndirilməsi xüsusilə diqqət çəkən məqamlardandır: "Belə yanaşma rəqəmsal iqtisadiyyatın ölkənin ümumi inkişaf modelinin ayrılmaz hissəsinə çevrildiyini göstərir. Başqa sözlə, söhbət texnologiyaların tətbiqindən deyil, onların iqtisadi və sosial inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsindən gedir. Mehriban xanım Əliyevanın süni intellekt və kibertəhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Hazırda dünyada texnoloji üstünlük təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik amili kimi qiymətləndirilir. Süni intellektin sürətli inkişafı yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Buna görə də Azərbaycanın bu sahədə qabaqlayıcı siyasət yürütməsi, informasiya təhlükəsizliyini və kibermühitin etibarlılığını gücləndirməsi gələcəyə hesablanmış strateji yanaşmanın göstəricisidir. Çıxışın mühüm cəhətlərindən biri də milli maraqlar prinsipinin ön plana çəkilməsidir. Beynəlxalq təcrübənin öyrənilməsi vacib hesab edilsə də, qərarların Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun qəbul edilməsinin vurğulanması göstərir ki, ölkə rəqəmsal transformasiyanı xarici modellərin kor-koranə tətbiqi kimi deyil, öz inkişaf prioritetlərinə əsaslanan müstəqil strategiya kimi formalaşdırır. Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu nümayiş etdirir. Bu mərhələnin əsas məqsədi yalnız texnoloji yenilənmə deyil, çevik, təhlükəsiz, innovativ və rəqabətqabiliyyətli dövlət idarəetmə modelinin qurulmasıdır. Məhz belə sistemli yanaşma Azərbaycanın regionda rəqəmsal inkişaf və süni intellekt sahəsində lider mövqeyini möhkəmləndirməsi üçün möhkəm zəmin yaradır" - deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön