Ana Sayfa > Karusel / Manşet / Özəl / Siyasət / Yazar8 > Kəndinə gəl, Qəzənfər!
Kəndinə gəl, Qəzənfər!Bu gün, 10:26. Yazar: Semsi |
![]() Tehranın deputatlıq kürsüsündə əyləşən, amma təfəkkürü orta əsrlərin qaranlıq hücrələrindən o yana keçməyən Kamran Qəzənfəri növbəti dəfə elə bir "quş" buraxıb ki, adam baxanda heyrət edir: görəsən, bu qədər məntiqsizliyi və sərsəmləməni bir çıxışa sığışdırmaq üçün hansı xüsusi istedada sahib olmaq lazımdır? Son aylarda İranda Prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin hücumları onsuz da aqressiv xarakter alırdı, amma bu Qəzənfəri bu dəfə tamam "çaşıb" — həm öz prezidentini, həm də Azərbaycanı hədəf seçərək diplomatik etikanı və siyasi məsuliyyəti tamamilə ayaqlar altına atıb. İranın mühafizəkar dairələrinin daxili siyasəti uzun illərdir ki, real idarəçilikdən çox, kütləni emosiyalarla manipulyasiya edən birtərəfli bir teatra — geosiyasi "şəbih"ə bənzəyir. Qəzənfəri kimi radikallar parlament tribunasının arxasına keçəndə elə bilirlər ki, sarsaq hərbi ritorika ilə, "Bakını vurardıq", "gəmiləri batırardıq" tipli cəfəngiyyatlarla dünyanı qorxuda biləcəklər. Amma unudurlar ki, ssenarisi çoxdan köhnəlmiş və rəngi solmuş bu tamaşaya artıq nəinki dünyada, elə İranın özündə də inanan tapılmır. Pezeşkianın xalqın dözümünün tükəndiyini etiraf edən o məktubu əslində daxildəki acı reallığın səsidir. Məsələnin ironiyası da burasındadır: Quyunun dibində oturub ulduzlara baxaraq təhdid yağdırmaq reallığı dəyişmir; sadəcə qəfəsdəki populistlərin öz xalqından və dünyadan nə qədər qopuq olduğunu göstərir. Xarici düşmən uydurmaq köhnə taktikadır, Qəzənfər, amma bu dəfə hədəfi də, coğrafiyanı da bərk səhv salmısınız. Məhəllə ritorikası ilə böyük dövlətlərin siyasətinə burun soxmağın bədəli ağır olur. Bu daxili və xarici populist kükrəmənin eybəcər mənzərəsinə baxaq. Deputat Qəzənfəri öz dövlət başçısını divara dirəyib absurd sorğu-sual edir: "Nə üçün iki ABŞ hərbi gəmisi Hörmüz boğazı daxil olarkən, Silahlı Qüvvələr onları məhv etməyə hazır olduğu halda, bu gəmilər vurularsa prezident vəzifəsindən istefa verəcəyinizi dediniz? Niyə Ali Rəhbərin icazəsi olmadan atəşkəsi qəbul etdiniz?" Ay Qəzənfər, sən müharibəni uşaq oyuncağı, Hörmüz boğazını da kəndinizin arxı sanmısan bəlkə? Deputatın iddiasına görə, Pezeşkian "12 günlük müharibə" zamanı atəşkəsi qəbul edərək İsraili məğlubiyyətdən xilas edib, ABŞ və İsraili İranın raket zərbələrindən qoruyub. Hələ bu azmış kimi, aprelin 18-də Ali Rəhbərə ünvanlanan "kobud və hörmətsiz" məktubun altındakı imzanı da prezidentin üzünə vurur. O məktubda da nə yazılıbmış? Sən demə, Pezeşkian cəmiyyətin dözümlülüyünün zəiflədiyini iddia edib və mövcud müharibə vəziyyətinin davam etməsinin onun prezident postunda fəaliyyətinə ciddi maneə yaratdığını bildirib. Yəni, adam ölkəsinin real vəziyyətini, xalqın dözümünün tükəndiyini dilə gətirib, Qəzənfəri isə hələ də fantastik raket nağılları ilə daxili auditoriyanı uyutmaq davasındadır. Lakin bu boşboğaz radikalın daxili didişmələrdəki uğursuzluğunu ört-basdır etmək üçün tapdığı çıxış yolu daha rüsvayçıdır: xarici düşmən obrazı yaratmaq və Azərbaycana, Prezident İlham Əliyevə qarşı tamamilə əsassız, sarsaq ittihamlar irəli sürmək. Qəzənfərinin səsləndirdiyi bu sitat artıq siyasi xəstəliyin son həddidir: "Cənab Pezeşkian, siz yaxşı bilirsiniz ki, İlham Əliyev hökuməti həm İbrahim Rəisi şəhid olduğu hadisədə, həm də 12 günlük müharibə zamanı ABŞ və İsraillə əlbir olub. Bəs nə üçün Silahlı Qüvvələrimiz Bakıya peşmanedici zərbə endirmək istəyəndə bunun qarşısını aldınız?" Bax burada dayan, Qəzənfər! İbrahim Rəisinin helikopter qəzasını İran tərəfinin apardığı rəsmi araşdırmalar belə əlverişsiz hava şəraiti və texniki amillərlə əlaqələndirdiyi halda, hadisədən dərhal sonra ilk yardım təklif edən, Prezidenti səviyyəsində şəxsən başsağlığı verib İran xalqının kədərini bölüşən qonşu dövləti bu faciə ilə əlaqələndirmək sadəcə əxlaqsızlığın növbəti təzahürüdür. "Bakıya peşmanedici zərbə" endirmək xəyalları qurmaq isə tamamilə reallıq hissini itirmiş bir populistin cəfəngiyyatıdır. Rəsmi Bakı bütün regional proseslərdə beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və mehriban qonşuluq prinsiplərinə sadiq olduğunu dəfələrlə öz əməli addımları ilə sübut edib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. İki ölkə arasında son dövrlər yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması fonunda Kamran Qəzənfəri kimi siyasətçilərin səsləndirdiyi bu ittihamlar nə İranın dövlət maraqlarına xidmət edir, nə də regionda sabitliyə töhfə verir. Bu, sadəcə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönəlmiş uğursuz bir cəhddir. Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bu məsuliyyətsiz və dünyada, regionda, bütövlükdə isə Çindən Avropaya qədər olan coğrafiyada baş verən dəyişikliklərin mahiyyətini dərk etməyən Qəzənfərilərin daxili qorxularını çox sərrast ifşa edib. Bu qəzəbli bəyanatların əsas səbəbi — onun təmsil etdiyi siyasi qütbün və məzhəb pərdəsinə bürünmüş ultramillətçi qrupun siyasi səhnədən silinəcəkləri gözləntilərindən doğan reaksiyadır. Onlar sadəcə olaraq ictimai rəyə yönəlmiş emosional, bər-bəzəkli və mübaliğəli bəyanatları real həyat faktı kimi qəbul edirlər. Əslində, Kamran Qəzənfərinin Məsud Pezeşkiana olan bu dinməz qəzəb və nifrətinin təməlində tamamilə etnik qısqanclıq dayanır: İranın dünya tərəfindən qəbul edilən siyasi liderinin milliyyətcə azərbaycanlı, türk olması onları rahat buraxmır. Azərbaycana qarşı olan aqressiyanın kökündə də məhz bu panfarsist düşərgənin qorxusu var. Onlar öz ərazi bütövlüyünü, suverenliyini öz gücü, Ali Baş Komandanının qətiyyəti, əsgər və zabitinin rəşadəti sayəsində bərpa etmiş qalib Azərbaycan xalqını, Azərbaycan türklərini həzm edə bilmirlər. Qorxurlar ki, müstəqil Azərbaycan Respublikası bölgənin hüquqlarından məhrum edilmiş digər türk topluluqları üçün canlı və sarsılmaz bir nümunəyə çevriləcək. Elçin Mirzəbəylinin böyük şairimiz Səməd Vurğunun “Vaqif” poemasından gətirdiyi sitat tam da bu Qəzənfərin boyuna biçilib: “Ağılsız köpəklər ulduza hürər”. Bu bədbəxt məxluqlar unudurlar ki, onların gözləri önündə canlandırdıqları geosiyasi şəbih nümunələrinin real proseslərə heç bir aidiyyəti yoxdur. Bölgənin yeni təhlükəsizlik arxitekturasının tam formalaşması prosesində bu qondarma ideoloji pərdələrə bürünmüş panfarsist maraqlar heç bir nəticə əldə edə bilməyəcəklər — çünki bunun üçün onların əlində bircə dənə də olsun demoqrafik və ya siyasi zəmin yoxdur. Məsələnin siyasi tərəfi aydındır: Pezeşkian hakimiyyətə gəldiyi gündən etibarən qonşularla münasibətləri normallaşdırmaq, iqtisadi əməkdaşlığı genişləndirmək və İranı beynəlxalq təcriddən çıxarmaq istəyir. Bu isə uzun illər boyu regionda gərginlik siyasətindən, sanksiyalardan və xaosdan bəhrələnən radikal-mühafizəkar qüvvələrin biznes maraqlarına və siyasi varlığına birbaşa zərbədir. Ona görə də Qəzənfəri kimi siyasətçilər daxili uğursuzluqları gizlətmək üçün daim xarici düşmən uydurmaqla məşğuldurlar. Amma unudurlar ki, Azərbaycan artıq kənardan təzyiq və təhdidlərlə yönləndiriləcək, qorxudulacaq köhnə ölkə deyil. Bakı bu gün regionun əsas nəqliyyat, logistika və enerji mərkəzidir, Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır, Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir. Qonşu dövlətə qarşı sübutsuz ittihamlar səsləndirmək, hərbi təhdidlər dilində cızma-qara etmək və faciələr üzərindən siyasi manipulyasiya aparmaq yalnız reallıq hissini tamamilə itirmiş çarəsizlərin işidir. Odur ki, yaxşı olar ki, Qəzi çox qaza gəlməsin. Çünki heç gözləmədiyi və tam arxayın olduğu bir anda, sərhədin bu tayından ağzının üzərindən elə əsl “peşmanedici zərbə”ni ala bilər. Şəmsi Qoca Geri dön |