Ana Sayfa > Təhsil / Özəl / Qərbi Azərbaycan > Bir şagird təbəssümü və bir imtahanın "Qızıl medal" hekayəsi

Bir şagird təbəssümü və bir imtahanın "Qızıl medal" hekayəsi


Dünən, 22:00. Yazar: Semsi
Ağbabalı müəllimin qürur verən uğuru


Bir şagird təbəssümü və bir imtahanın "Qızıl medal" hekayəsi

Bəzən insan harada yaşayırsa yaşasın, hansı zirvələri fəth edirsə etsin, onun uğurunun mayası doğulduğu torpağın havasından, suyunun saflığından və boya-başa çatdığı ocağın mənəviyyatından yoğrulur. Qərbi Azərbaycanın füsunkar mahalı olan Ağbabanın o gözəl yaylaqlarından, buz bulaqlarının başından boy atan, bu gün isə paytaxt Bakıda gənc nəslə xidmət edən bir qızımızın, dəyərli bir ziyalımızın uğur sevinci bu günlərdə hamımızın qəlbini dağa döndərib. Söhbət 161 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Həcər Şamilovadan gedir.

Bu uğurun arxasında həm də böyük bir nəsil şəcərəsi, unudulmaz xatirələr və el-oba ehtiramı dayanır. Həcər müəllim mənim doğma həmkəndlimdir. Onun atası, rəhmətlik İslaməli mənim sinif yoldaşım olub. Uşaqlığımız, gəncliyimiz bir yerdə, Ağbabanın o cənnət yaylaqlarında, buz kimi bulaqların başında keçib. İllər ötüb, o saf dağ havası və halallıqla böyüyən ocağın qızı boya-başa çatıb, Bakıda müəllimlik kimi müqəddəs bir peşəni seçib.

Həcər xanım həm də elm dünyasında tanınmış böyük ziyalı, ustad elmdarı, Professor Nazim Şəmilovun gəlinidir. O, eyni zamanda məni hər zaman saf, səmimi duyğularla, doğmalıqla "əmi" deyə çağıran, hamımızın böyük hörmət və rəğbət bəslədiyi, el-obamızın sevimlisi Səbuhi bəyin ömür-gün yoldaşıdır. Sözsüz ki, Nazim Şəmilov kimi bir şəxsiyyətin, böyük bir alimin ocağında püxtələşən, o mühitin elmi-mənəvi ab-havasından bəhrələnən bir müəllim əlbəttə ki, belə bir yüksək uğura imza atmalı idi. Bu köklü və nəcib ailə mühiti Həcər xanımın daxili potensialını, peşəkar məsuliyyətini daha da artırıb və bu gün qazanılan nailiyyətin möhkəm təməlinə çevrilib.

13 illik pedaqoji fəaliyyətə malik olan Həcər müəllim keçirilən sertifikatlaşdırma imtahanında öz peşəkarlığını və bilik səviyyəsini bir daha ən yüksək pillədə sübut edərək 58 bal toplayıb və imtahanı cəmi 50 dəqiqəyə tamamlayıb. Bu mühüm imtahan sınağından şərəflə çıxan Həcər müəllim edu.az saytına müsahibəsində deyib:
“Bu gün sertifikatlaşdırma imtahanı verdim. Uğurlu nəticə göstərmişəm. Buna görə çox sevinirəm. Üzərimdə çalışmışdım və zəhmətimin nəticəsini gördüm.
Düşündürücü tapşırıqlar var idi. Demək olar ki, bütün suallar tanış idi. Proqramdan kənar sual yox idi. Səhv etdiyim sualları isə daha çox həyəcanla əlaqələndirirəm. Ola bilsin ki, diqqətlə baxmadığım və ya texniki səhvə yol verdiyim məqamlar olub.

İmtahana hazırlaşanda ixtisasımın daha dərin tərəflərini öyrənmiş oldum. Bəzi mövzuların sirlərini, daha maraqlı hissələrini kəşf etdim. Bu proses mənə çox şey qazandırdı. Şərt təkcə maaş artımı deyil, bu sınaqla mən həm də özümü təkmilləşdirdim, öz üzərimdə işlədim.

İnanıram ki, sertifikatlaşdırma bizim inkişafımıza çox şey qatdı. Özümü daha da təkmilləşdirdiyimi hiss edirəm. Növbəti illərdə də üzərimdə daha çox işləyəcəyəm.

Mən həm də sinif rəhbəriyəm. İmtahan verəcəyimi deyəndə 5-ci sinif şagirdlərimdən biri elə bilib ki, hansısa yarışa gedirəm. Mənə dedi ki, “İnşallah, qızıl medal qazanarsınız”. Bu 58 balın mənim üçün qızıl medal dəyərində olduğunu düşünürəm. Bu uğurumu da şagirdlərimə həsr edirəm”.

Bir müəllim üçün ən böyük mükafat, şübhəsiz ki, təkcə topladığı bal deyil, şagirdlərinin ona olan sonsuz inamı və onun uğuruna ürəkdən sevinən saf qəlblərdir. Həcər müəllimin ən böyük mükafatı da məhz bu səmimi, təmiz inam olub.

Bu uğuru qazanan, bu uğuru ilə bütöv bir mahalın elmə, təhsilə dəyər verən ziyalılarını sevindirən Həcər müəlliməyə üz tuturam:
Əzizimiz, dəyərli Həcər müəllim, gözəl qızımız!
Sənin bu parlaq nailiyyətin təkcə fəaliyyət göstərdiyin təhsil ocağının deyil, bütövlükdə doğma Ağbaba elinin, Qərbi Azərbaycan icmasının böyük qürur mənbəyidir. Uşaqlığımın bir yerdə keçdiyi, o uca yaylaqlarda, buz bulaqların başında birgə böyüdüyüm əziz sinif yoldaşım, rəhmətlik İslaməlinin ruhunu şad edən, hamımızın sevimli balası, mənə saf və səmimi duyğularla "əmi" deyən Səbuhi bəyin ömür yoluna işıq saçan və professor Nazim Şəmilov kimi bir alimin ocağının adına layiq olan bu müvəffəqiyyətin bizləri necə sevindirdiyini sözlərlə ifadə etmək çətindir.

Səni qazandığın bu halal və uca nəticə — o saf qəlbli şagirdinin sənə arzuladığı o "Qızıl medal" münasibətilə ürəkdən təbrik edirəm! Sənə Səbuhi bəylə birlikdə qurduğunuz nümunəvi, gözəl və xoşbəxt ailənizdə xeyirli günlər, çətin və şərəfli pedaqoji fəaliyyətində isə hər zaman yeni-yeni zirvələr arzulayıram. Qoy şagirdlərinin sonsuz sevgisi və el-obamızın təmiz xeyir-duası səni hər zaman daha böyük uğurlara doğru daşısın. Yolun və bəxtin hər zaman açıq, uğurların daimi olsun, doğma elin fədakar müəllimi!


Şəmsi Qoca
Geri dön