Ana Sayfa > Dünya > Tramp-Ərdoğan sövdələşməsinin pərdəarxası: Ağ Ev sahibinin Türkiyə liderindən "gizli xahiş"inin sirri açılır
Tramp-Ərdoğan sövdələşməsinin pərdəarxası: Ağ Ev sahibinin Türkiyə liderindən "gizli xahiş"inin sirri açılırDünən, 22:00. Yazar: vasif |
![]() Hazırda ABŞ-Türkiyə münasibətlərində artıq yeni strateji mərhələ başlayıb, üstəlik, bu, Türkiyənin NATO daxilində geopolitik çəkisinin yenidən artmaqda olduğu bir dövrə paralellik təşkil edir... Və bu baxımdan, ABŞ-Türkiyə strateji tərəfdaşlığı həm də NATO-nun gələcək təhlükəsizlik konsepsiyasının və Avrasiya məkanındakı yeni geopolitik balansın formalaşmasında əsas faktorlardan birinə də çevrilə bilər... ABŞ-Türkiyə strateji ortaqlığı son vaxtlar yeni mərhələyə keçməyə başlayıb. Belə ki, Ağ Ev qlobal hərbi-siyasi proseslərdə rəsmi Ankara üçün "yaşıl işıq" yandırır və bu baxımdan, NATO-da yeni güc balansı formalaşır. Hər halda, ABŞ prezidenti Donald Trump və Türkiyə lideri Recep Tayyip Erdoğan arasındakı son pozitiv mesajlar onu göstərir ki, Ağ Ev-Ankara münasibətlərində uzun müddət davam edən gərginlik mərhələsi artıq geridə qalmağa başlayıb. Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Trampın Ankarada keçiriləcək NATO sammiti ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan barəsində təsadüfi hesab edilməyən müsbət ifadələri xüsusi maraq doğurur. Üstəlik, Ağ Evin Türkiyəyə 700 milyon dollardan artıq dəyərdə F110 mühərriklərinin satışına "yaşıl işıq" yandırması da ABŞ-ın Türkiyəyə münasibətdə yeni geopolitik kurs seçdiyini göstərir. Eyni zamanda, Ağ Ev sahibi Donald Trampın "NATO sammitinə prezident Ərdoğana olan hörmətimə görə gedirəm", "Ərdoğan mənim dostumdur", "O, hörmət edilən liderdir" kimi açıqlamaları əslində, ənənəvi diplomatik nəzakətdən daha artıq siyasi məna daşıyır. Çünki Ağ Ev sahibinin bu bəyanatları ABŞ-ın Türkiyəni yenidən NATO daxilində əsas strateji müttəfiqlərindən biri kimi daha ön plana çıxarmağa çalışdığını göstərir. Və bütün bunların məhz Ağ Evin həm NATO, həm də Avropa Birliyinə münasibətdə sərt mövqe tutduğu bir dövrə təsadüf etməsi də önəmli məqam hesab oluna bilər. Digər tərəfdən, daha bir önəmli məqamlardan biri də prezident Donald Trampın Yaxın Şərqdəki hərbi-siyasi böhranla bağlı açıqlamalarıdır. Belə ki, ABŞ prezidenti vurğulayıb ki, Türkiyə regional müharibəyə qoşula biləcək əsas dövlətlərdən biri idi və hətta müəyyən şərtlər daxilində İranı dəstəkləyəcəyinə yönəlik ehtimallar istisna deyildi. Ancaq Ağ Ev sahibinin iddiasına görə, məhz onun şəxsi xahişindən sonra rəsmi Ankara bu münaqişədən kənarda qalmağa üstünlük verib. Əslində, prezident Donald Trampın bu açıqlaması Türkiyənin Yaxın Şərq regionunda necə böyük təsirə malik önəmli geopolitik aktora çevrildiyini nümayiş etdirir. Çünki Ağ Ev sahibi açıq şəkildə etiraf edir ki, rəsmi Ankara istəsəydi, Yaxın Şərqdə qüvvələr balansını tamamilə dəyişdirə biləcək imkanlarını hər an işə sala bilərdi. Və ona görə də, Ağ Ev sahibi Türkiyənin müharibəyə qoşulmasını ABŞ üçün böyük siyasi-diplomatik uğur kimi təqdim edir. Təbii ki, prezident Donald yanaşma tərzi həm də Ağ Evin Türkiyəyə münasibətdə əvvəlki illərlə müqayisədə daha praqmatik siyasət yürütməyə başladığını da göstərir. Belə ki, əvvəlki dövrlərdə ABŞ-Türkiyə münasibətlərində adətən, əsas diqqət məhz "S-400 böhranı"na yönəldilirdi. Ancaq indi Tramp administrasiyası regional təhlükəsizlik məsələlərində Türkiyənin rolunu daha yüksək qiymətləndirir.ABŞ-ın Bayden administrasiyası dönəmində ön planda tutulan ənənəvi mövqedən tədricən geri çəkilməyə başlamasının əsas əlamətlərindən biri də məhz Ağ Evin Türkiyəyə "General Electric F110" mühərriklərinin satışını təsdiqləməsidir. Bu ən müasir mühərriklər Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan KAAN proqramının ilk seriya nümunələrində istifadə ediləcək. Bütün bunlar onu göstərir ki, Tramp administrasiyasının bu qərarı əslində, yalnız hərbi-texniki əməkdaşlıq deyil, həm də iki ölkə arasında siyasi etimadın bərpasının əlaməti kimi də qəbul oluna bilər. Çünki son illərdə ABŞ və Türkiyə arasında müdafiə sənayesi sahəsində mövcud olan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ilk ciddi addımlardan biri də məhz bu razılaşmadır. Və bu baxımdan, ABŞ-Türkiyə münasibətlərində yeni inkişaf perspektivlərinin önünün açılmaqda olduğu artıq qətiyyən şübhə doğurmur. Məsələ ondadır ki, bunun ən ciddi örnəyi məhz Tramp administrasiyasının Türkiyənin F-35 proqramına geri qaytarılması ilə bağlı verdiyi son mesajlardır. Belə ki, ABŞ prezidenti Donald Tramp "Türkiyə NATO-nun güclü üzvüdür. Yəqin ki, onları çox sevindirəcək addım atacağam" deməklə, rəsmi Ankara üçün gələcək güzəştlərin mümkünlüyünə açıq işarə vurub. Ağ Ev sahibinin bu önəmli mesajı Türkiyə üçün bu strateji hərbi-texniki proqrama geri dönüş qapısının prinsipial şəkildə bağlanmış olmadığını göstərir. Maraqlıdır ki, ABŞ Konqresinin hazırda Türkiyəyə mühərrik satışını bloklamaq imkanlarının məhdud olduğu da bildirilir. Çünki ABŞ qanunvericiliyinə görə, etiraz proseduru mövcud olsa da, bunun üçün həm Nümayəndələr Palatasında, həm də Senatda yüksək səs çoxluğu tələb olunur. Ancaq mövcud siyasi situasiyada isə belə nəticənin əldə olunması o qədər də real görünmür. Və bütün bunları nəzərə aldıqda, Tramp administrasiyasının Türkiyəni yenidən ABŞ və Qərbin təhlükəsizlik arxitekturasında əsas sütunlardan biri kimi görməyə başladığını ehtimal etmək mümkündür.Ancaq ABŞ və Türkiyə arasında başlanmış bu yaxınlaşma prosesi yalnız ikitərəfli münasibətlərə aid deyil. Çünki bu, eyni zamanda, NATO daxilində yeni güc balansının formalaşmasına da birbaşa təsir göstərə bilər. Belə ki, Türkiyə hazırda Qara dəniz, Cənubi Qafqaz, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Orta Asiyanı birləşdirən strateji məkanda yerləşən yeganə NATO dövlətidir. Və bu səbəbdən də, Ağ Ev üçün rəsmi Ankara ilə münasibətlərin normallaşdırılması Rusiyanın, İranın və qismən də Çinin regional təsirinin məhdudlaşdırılması baxımından, xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, Ağ Ev sahibi Donald Trampın Türkiyə ilə münasibətlərdə şəxsi diplomatiyaya üstünlük verməsi də bu prosesdə böyük önəm daşıyır. Ağ Ev sahibinin Türkiyə prezidentini "dost", "hörmət edilən lider" kimi təqdim etməsi onu göstərir ki, yaxın gələcəkdə ABŞ-Türkiyə münasibətləri əsasən daha çox liderlər arasındakı birbaşa siyasi dialoq üzərində qurula bilər. Göründüyü kimi, hazırda ABŞ-Türkiyə münasibətlərində artıq yeni strateji mərhələ başlayır. Üstəlik, bu, Türkiyənin NATO daxilində geopolitik çəkisinin yenidən artmaqda olduğu bir dövrə paralellik təşkil edir. Əgər, bu tendensiya eynilə davam edərsə, yaxın gələcəkdə ABŞ-Türkiyə strateji tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də NATO-nun gələcək təhlükəsizlik konsepsiyasının və Avrasiya məkanındakı yeni geopolitik balansın formalaşmasında əsas faktorlardan birinə də çevrilə bilər.musavat.com Geri dön |