Ana Sayfa > Dünya > Ekspertdən sensasion proqnoz: "Gələcəyin döyüşlərini süni intellekt idarə edəcək"
Ekspertdən sensasion proqnoz: "Gələcəyin döyüşlərini süni intellekt idarə edəcək"Dünən, 21:32. Yazar: vasif |
![]() Azərbaycan ordusunun yeni gücü: “Bayraktar”, “Akıncı”, JF-17 və süni intellekt… “Hər bir dövlətin suverenliyinin, ərazi bütövlüyünün və regional təhlükəsizliyinin əsas təminatçısı onun silahlı qüvvələridir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Azərbaycan Silahlı Qüvvələri, bu gün regionun ən peşəkar, döyüş təcrübəsinə malik və texnoloji baxımdan modernləşdirilmiş ordularından birinə çevrilib”. Bu fikirləri aia.az-a hərbi jurnalist Səxavət Məmməd bildirib. O, vurğulayıb ki, keçilən bu çətin, ancaq şərəfli yol sadəcə hərbi gücün artırılması deyil, həm də strateji düşüncənin və müharibə fəlsəfəsinin köklü şəkildə dəyişməsinin hekayəsidir: “Azərbaycan ordusunun formalaşma tarixi ağır sınaqlardan və böyük dərslərdən keçib. Diqqətçəkən əsas məqamlardan biri odur ki, həm əsrin əvvəlində, həm də əsrin sonlarında qurulan Silahlı Qüvvələrimiz məhz döyüş meydanlarında, real müharibə şəraitində formalaşıb. Aprel döyüşləri və Günnüt əməliyyatı ordunun özünəinamının bərpası, həmçinin uzun illər ərzində toplanmış taktiki hazırlığın ilk real sınaq meydanı oldu. Bu lokal əməliyyatlar gələcək böyük zəfərin ilkin anonsu və yeni nəsil hərbi taktikaların sınaq mərhələsi idi. Vətən Müharibəsi və lokal Antiterror əməliyyatı Azərbaycanın hərbi gücünü dünyaya fərqli bir ampluadan təqdim etdi. Ordumuz bu yüzilliyin müharibə dərsliklərini yenidən yazaraq, hibrid müharibə növünün ən mükəmməl nümunəsini nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu sürətlə Türk Modeli əsasında yenidən qurulur. Bu struktur islahatlarının mərkəzində yeni yaradılan Komando Briqadaları dayanır. Hərbi doktrinada komando modeli ağır və ləng diviziyalar yerinə, yüksək hərəkət və manevr qabiliyyətinə malik çevik bölmələrin ön plana çıxmasını təmin edir. Eyni zamanda hər hansı bir coğrafi şəraitdə, xüsusilə çətin dağ-meşə relyefində avtonom şəkildə nöqtəvi və effektiv zərbələr endirmək bacarığını artırır, dünyada real döyüş şəraitində sınaqdan keçmiş ən təcrübəli hərbi personal strukturunun formalaşması deməkdir”. S.Məmməd diqqətə çatdırıb ki, müasir müharibələr həm də mühəndislik və texnologiya yarışıdır: “Azərbaycan bu yarışda tək bir silah tədarükçüsündən asılılığı minimuma endirərək, balanslı və diversifikasiya olunmuş satınalma siyasəti yürüdür. Türkiyə, İsrail, Pakistan və bir sıra Avropa ölkələrinin qabaqcıl hərbi sənaye məhsulları vahid idarəetmə sisteminə inteqrasiya edilib. Hava üstünlüyünün qazanılmasında Bayraktar, Akıncı, Harop və digər zərbə həmçinin kəşfiyyat pilotsuz uçuş aparatları müharibənin taleyini həll edən əsas amillərdən oldu. Arsenalın yeni nəsil texnologiyaların tələblərinə cavab verən, müasir elektronika və aktiv fazalı barmaqlı radar sistemləri ilə təchiz olunmuş JF-17 qırıcıları ilə gücləndirilməsi isə hava məkanının müdafiəsini tamamilə yeni mərhələyə daşıyır. Paralel olaraq, Azərbaycanın strateji çəkindirmə raket sistemləri də mövcutdur. LORA və Polonez kimi uzaqmənzilli, yüksək dəqiqlikli operativ-taktiki raket kompleksləri düşmənin dərinlikdəki strateji hədəflərini anında məhv etmək gücündədir. Müasir döyüşlər göstərdi ki, dövlətlər yerli müdafiə sənayesinə çox ciddi yatırımlar etməlidir. Azərbaycan hazırda bu sahəyə də müstəsna önəm verir. Ölkəmizdə təkcə ənənəvi silah və sursatlar deyil, həm də yeni nəsil pilotsuz təyyarələr və yüksək texnoloji silah sistemləri istehsal edilir”. Həmsöhbətimizin fikrincə, gələcəyin müharibələri daha çox rəqəmsal məkanda, kiber-sferada və süni intellektin idarəçiliyi altında keçəcək: “Azərbaycan ordusunun növbəti inkişaf fazası məhz rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlıdır. Süni intellekt vasitəsilə onlarla, hətta yüzlərlə kiçik dronun vahid şəbəkə şəklində birləşərək, insan müdaxiləsi olmadan avtonom qərar qəbul etməsi və hədəfi kollektiv şəkildə məhv etməsi gələcək müdafiə sistemimizin əsas sütunlarından biri olmalıdır. Peyklərdən, radarlardan və kəşfiyyat aparatlarından gələn nəhəng məlumat axını insan gözünün qaça biləcəyi detalları gizlədir. Süni intellekt alqoritmləri saniyələr ərzində düşmənin kamuflyaj olunmuş texnikasını, gizli sığınacaqlarını təyin edərək koordinatları birbaşa atəş xəttinə ötürmək qabiliyyətinə sahibdir. Bu kontekstdə aşkarlanma və məhv zənciri arasındakı vaxt intervalının minimuma endirilməsi həlledici rol oynayır. Süni intellekt hədəfin tipinə və xarakterinə görə hansı silahın daha az xərclə və daha effektiv nəticə verəcəyini komandirə anında təklif etmək iqtidarındadır”. S.Məmməd həmçinin, qeyd edib ki, Azərbaycan Qarabağ müharibəsinə görə Xəzər istiqamətinə ciddi nəzər sala bilmirdi: “Artıq Azərbaycan gəmi əleyhinə raketlər, dəniz mühafizə sistemləri də alıb. Gələcəkdə hərbi donanmanın yenilənməsi prosesinə də şahid olacağıq. Azərbaycan Silahlı Qüvvələri keçmişin acı dərslərindən düzgün nəticə çıxararaq, bu günün reallıqlarına tam cavab verən bir qələbə ordusu formalaşdırmağı bacardı. Ancaq hərbi analitika bizə diktə edir ki, hərbi sahədə dayanan tərəf həmişə uduzur. Azərbaycan ordusunun gələcək hədəfi rəqəmsal mühitə tam inteqrasiya olunmuş, süni intellekt alqoritmləri ilə gücləndirilmiş və kiber-müdafiə xətti sarsılmaz olan gələcəyin smart ordusu modelini tamamlamaq və bu üstünlüyü qoruyub saxlamaqdır”. Geri dön |