Ana Sayfa > Dünya > Polşada "Ukrayna tikən” Ermənistan Qarabağın bərpasında niyə iştirak etmir?
Polşada "Ukrayna tikən” Ermənistan Qarabağın bərpasında niyə iştirak etmir?Bu gün, 16:44. Yazar: vasif |
![]() Polşanın Qdansk şəhərində Ukraynanın bərpası üzrə beynəlxalq konfrans keçirilib. Siyasətçi, dövlət rəsmisi və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə Ukrayna ilə bağlı mühüm qərarların qəbul olunduğu bildirilir. Təki nəticəsi olsun, Ukrayna heyfdir. Amma Rusiyanın işğalı dayanmayıbsa, müharibə davam edirsə, bərpa qərarları nəyi dəyişəcək, demək çətindir... Bu konfransa Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qatılması isə təəccüb doğurdu. Çünki ən azı belə bir bərpa adı altında keçirilən beynəlxalq tədbirdə iştirak etmək üçün ölkənin və ölkə rəsmisinin mənəvi haqqı olmalıdır. Azərbaycan torpaqlarını - Ukraynanın işğal altında olan əraziləri qədər hissəsini - 30 ildən artıq müddətdə işğal altında saxlamış, şəhər və kəndlərində vandalizm törətmiş, yeraltı və yerüstü sərvətlərini talamış, qonşu ölkəyə yüz milyardlarla zərər vurmuş Ermənistanın rəsmisinin təcavüzə məruz qalmış digər ölkənin bərpası ilə bağlı beynəlxalq tədbirə qatılması nonsensdir.Düzdür, may ayında Avropa Siyasi Birliyinin sammiti çərçivəsində iştirak etmək üçün İrəvana səfər edən Volodimir Zelenski ilə Nikol Paşinyan arasında müəyyən razılaşmalar olmuşdu. Həmin danışıqların nəticəsində Zelenskinin Ermənistana Ukraynanın bərpa işlərində iştirakla bağlı təklif verdiyi barədə məlumatları erməni mediası tirajlamışdı. Amma gəlin görək, Ermənistanın bərpa prosesində iştirak etmək üçün haqqı, eyni zamanda maliyyə imkanları, gücü və potensialı varmı? Əgər Ermənistan özündə bu potensialı görürsə, o halda ilk növbədə, Azərbaycan ərazilərinə vurulan yüz milyardlarla zərərə görə təzminat ödəməlidir. Düzdür, Vaşinqtonda əldə olunan razılaşmalara və paraflanmış sülh sənədinə görə hələlik qarşılıqlı qaydada məhkəmə iddialarından imtina olunmasına dair anlaşma mövcuddur. Azərbaycan öz tərəfindən bu anlaşmaya sadiqdir. Sülh sazişi hələ imzalanmasa da, Ermənistanın davamlı şəkildə bu və ya digər formada Azərbaycana qarşı qeyri-dost addımlarının şahidi oluruq. Bir müddət öncə, iyunun 18-də Avropa İnsan Hüquqları Məhkəməsində 2016-cı ilin Aprel döyüşləri zamanı Talış kəndində öldürülən erməni işğalçısı ilə bağlı Azərbaycanın 104 min avro cərimələnməsi faktı həm də Ermənistanın gerçək mahiyyətini göstərir. Çünki iddiaçı Ermənistan vətəndaşı idi. Eyni zamanda Ermənistanın əsası var idi ki, artıq Azərbaycanla müəyyən razılaşmaların olduğunu əsas gətirərək, bu kimi məhkəmə iddialarından ya geri çəkilsin, ya da hansısa kompensasiya qarşılığında vətəndaşın iddiasına son qoyulması barədə mövqe bildirsin. Həmçinin, İrəvan Avropa İnsan Hüquqları Məhkəməsinə bununla bağlı müraciətlərə baxılmaması xahişi ilə müraciət edə bilərdi. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı növbəti qətnamə qəbuluna İrəvandan hansısa reaksiya verilməməsi də diqqətimizdən yayınmadı. Deməli, “sülhpərvər” Ermənistanı məmnun edən bir sənəd qəbul olunub. Azərbaycanın təmsil olunmadığı bir qurumda Ermənistanın bu cür sənədlərin qəbul edilməsinə gizli və açıq şəkildə dəstək verməsi bu ölkənin sülhə real münasibəti göstərir. Bu ilin əvvəlində Ermənistan xarici işlər nazirinin Strasburqa səfərində də bu və digər formada AŞPA ilə əməkdaşlıqdan bəhs olunmuşdu. Eyni zamanda ötən il Nikol Paşinyanın Avropa Şurasındakı çıxışı zamanı Azərbaycanla bağlı bir sıra əsassız iddialar da səsləndirilmişdi. Eyni zamanda Avropa Parlamentinin Azərbaycana qarşı riyakar mövqeyi, qərəzli yanaşmasına rəsmi İrəvanın səssiz qalması da paraflanmış sənədə və imzaya xəyanətdir.Üstəlik, Ermənistanla münasibətləri bəlli olan, Ermənistanın “böyük bacısı” sayılan Fransanın - Nikol Paşinyanın qucaqlaşdığı Makronun ölkəsinin növbəti dəfə Azərbaycana qarşı yenə də yersiz və əsassız iddialarla çıxış etməsi, Qarabağda separatçılıqla məşğul olmuş canilərin azadlığa buraxılması istiqamətində cəhdləri, eləcə də öz istəkləri ilə Qarabağdan gedən ermənilərin geri qaytarılması ilə bağlı təşəbbüslərinə İrəvanın susqunluğu diqqət çəkir. Bütün bunların fonunda Azərbaycan ərazilərinin böyük hissəsini darmadağın etmiş, talamış bir ölkənin rəhbərliyinin Ukraynanın ərazilərinə görə “narahatlıq” nümayiş etdirməsi ən azı riyakarlıq hesab oluna bilər və qəbuledilməzdir. Bərpadan söhbət gedirsə, Ermənistan öncə Azərbaycana vurduğu zərəri ödəməlidir! Əgər imkanları genişdirsə, maliyyə vəsaiti ayıra bilirsə və yaxud Ukraynanın bərpasında iştirak etmək niyyətindədirsə, ilk növbədə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir! Düzdür, Azərbaycan da Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfransda xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində iştirak edib. Amma Azərbaycanın buna kifayət qədər haqqı və imkanları var. Çünki Azərbaycan eyni zamanda Ukraynanın ərazi bütövlüyünə münasibətdə tam səmimidir və ölkə rəhbərliyinin Ukraynaya xitabın “işğalla heç vaxt barışmayın”, xitabı onun prinsipial mövqeyinin təsdiqidir. Üstəlik, Azərbaycanın 5-ci ildir davam edən müharibə dövründə Ukraynaya humanitar yardımı davam edib. Bu yardımın ümumi həcmi təxminən 50 milyon dollar civarındadır. Bundan əlavə, Ukraynadan Azərbaycana reabilitasiya üçün gətirilən, müharibədən zərər çəkmiş, əlini itirmiş uşaqlarla bağlı rəsmi Kiyev, Prezident Zelenski başda olmaqla, dəfələrlə Azərbaycan dövlətinə təşəkkür edib, humanitar yardıma görə minnətdarlıq ifadə olunub. Amma bu vaxta qədər Ermənistanın Ukraynaya hansı dəstəyi verdiyi barədə faktlara rast gəlmirik. Əksinə, Ermənistan Ukraynanı işğal edən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qarşılığında Moskvanın gizli ticarətini həyata keçirən dəhliz rolunu oynayır. Kömək beləmi olur? Bu baxımdan Ermənistanın bu davranışları heç bir halda normal qarşılana bilməz. Heç şübhəsiz, Ermənistan Polşa toplantısında görünməklə Avropanın “ürəyinə girməyə”, bununla Avropadan daha çox vəsait əldə etməyə çalışır. Onun məqsədi heç də Ukraynanın bərpası deyil, Avropadan pul qopartmaqdır!Elə bu yaxınlarda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ixrac məhdudiyyətlərini iqtisadi məcburetmə adlandırdı və İrəvana 50 milyon avrodan artıq əlavə vəsait ayrılacağını elan etdi. Həmçinin Avropa İttifaqı - Ermənistan birgə işçi qrupunun yaradılacağını da açıqladı. Bütün bunlar faktiki olaraq Ermənistanın qazancına hesablanıb. Sanki Ermənistan müharibədən əziyyət çəkən, yaxud işğala məruz qalan ölkədir. Burada açıq şəkildə Avropanın qərəzli yanaşması görünür. Otuz ildən artıq zərər çəkmiş Azərbaycana qarşı təzyiq siyasəti, haqsızlıq və ikili standartlar tətbiq olunur, Ermənistan isə daha çox himayə edilir. Həm Ursula fon der Lyayenin Ermənistana səfəri, həm də iyulun 5-də Avropa İttifaqının genişlənmə üzrə komissarının İrəvana səfər edəcəyinin elan olunması Ermənistanla bağlı növbəti planlardan xəbər verir. Yəqin ki, bu səfərlərin sonunda “zərərçəkmiş” Ermənistana Avropadan daha böyük məbləğdə vəsait ayrılacaq. Necə ki, Avropa Sülh Fondunun ayırdığı 30 milyon avroluq vəsaitin müəyyən hissəsi “sülhpərvər” Ermənistanda keçirilən hərbi təlimlərə sərf olundu. Ermənistan Avropanın təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etməklə həm də Rusiyanı şantaj etməyə çalışır. Düzdür, Rusiya bunun qarşılığında Ermənistan kənd təsərrüfatı məhsullarına, eləcə də balığına, suyuna qarşı sanksiyalarını davam etdirdiyini açıqlayıb. Amma Ermənistan guya sürətlə Avrointeqrasiya xətti yürüdüyünü göstərməklə Rusiyadan əlavə güzəştlər və üstünlüklər əldə etməyə çalışır. Necə ki, ötən il Rusiyada keçirilən tədbirdə iştirak etmək üçün gedən Paşinyana 100 milyon ayrılmışdı. Qəribəsi budur ki, Avropa İttifaqına inteqrasiya etdiyini iddia edən Paşinyan eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılmaq niyyətində olmadığını bildirir, üstəlik Avrasiya İqtisadi Birliyindən də çıxmayacağını elan edir. Elə bu gün Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib ki, Ermənistan təşkilata olan 10 faizlik öhdəliyini yerinə yetirmir, yəni üzvlük haqqını ödəmir. Buna baxmayaraq, Ermənistan barəsində hər hansı ciddi sanksiyalar müşahidə olunmur. Avropa İttifaqı, Avropa Komissiyası və Ermənistanı himayə edən dairələr isə nədənsə bu faktları görməzdən gəlirlər. Halbuki ən azı Ermənistana öz seçimi ilə bağlı xəbərdarlıq edilməlidir. Ermənistanın həm Avropa İttifaqının çətiri altına keçmək istəyinə, həm də Rusiyanın patronajlığı altında fəaliyyət göstərən qurumlarda, fəaliyyəti dondurulmuş olsa belə, qalmasına dözümlə yanaşırlar, qəribəsi budur. Üstəlik, Rusiyanın Ermənistan üzərindən gizli ticarət həyata keçirməsi faktına da Avropa təsisatları nədənsə hər zaman susqun yanaşırlar.Bütün bunlar onu göstərir ki, ortada ciddi bir bazarlıq var və Ermənistan bu bazarlıqda iştirak etməklə ilk növbədə öz maraqlarını güdür. Ermənistanın məqsədi heç də gerçəkdən Ukraynaya ciddi şəkildə hər hansı formada dəstək vermək deyil. Bu ölkə daha çox öz qazancına hesablanmış siyasət yürüdür. Əgər bir qədər normal yanaşma olsaydı, Ermənistan rəhbərliyi doğrudan da sülhün təmin olunmasına çalışsaydı, o halda sülhə mane olan Avropa təsisatları ilə də, ən azı, Rusiya ilə saxladığı məsafə qədər məsafə saxlayardı. Bununla yanaşı, Azərbaycana qarşı ədalətsiz münasibətin dayandırılması üçün də çağırışlar edərdi. Beləliklə, Rusiya bazarından “qovulan” Ermənistan özünü dünya bazarına çıxarıb. Elə bu gün Azərbaycandan İrəvana 971 ton benzin, 467 ton dizel yanacağı göndərildi… Azərbaycan milyardlarla dollar xərcləyib Qarabağa, Şərqi Zəngəzura. Hələ görüləsi o qədər işlər var ki... Amma “sülhpərvər” Paşinyan Qarabağın, Şərqi Zəngəzurun bərpasında iştirak etmək niyyətini dilucu da olsa, ifadə etməkdənsə, Polşada Ukrayna “tikir”. Heç olmasa indiyədək Azərbaycana qarşı alçaq hücumlarını davam etdirən avropalı “şvabekimilər fəsiləsi”nin üzvlərinə “daha bizim aramıza girməyin, biz tarixdə olmadığı qədər sülh şəraitində yaşayırıq”, deməyib.musavat.com Geri dön |