Ana Sayfa > Parlament > Parlamentdə ikitərəfli görüş keçirilib
Parlamentdə ikitərəfli görüş keçirilibDünən, 21:39. Yazar: azer |
![]() İyunun 25-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Millət Şurasının deputatı Boudjerra Soltaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Azərbaycan ilə Əlcəzair arasında parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Söhbət zamanı Azərbaycan ilə Əlcəzair arasında siyasi və diplomatik münasibətlərin uğurlu inkişafı qeyd olunub, xarici siyasət sahəsində əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib. Görüşdə parlament diplomatiyasının ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafındakı rolu diqqətə çatdırılaraq, Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyətinin yüksək qiymətləndirildiyi vurğulanıb. Tərəflər parlamentlərarası əməkdaşlığın, mədəni-humanitar əlaqələrin, tələbə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar, bu istiqamətdə həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanlarından danışıblar. Görüşdə Milli Məclisin Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mehriban Vəliyeva, Mircəlil Qasımlı, əlcəzairli parlamentarilər və digər rəsmi şəxslər iştirak ediblər. Həmin gün Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Niger Respublikası Məsləhət Şurasının Gənclər komitəsinin sədri İdrisaa Mousa İbrahim ilə də görüşüb. Komitə sədri qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər və idman siyasəti, ölkəmizdə idman infrastrukturunun inkişafı, beynəlxalq idman yarışlarının təşkili və gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət proqramları barədə ətraflı məlumat verib. O, həmçinin Milli Məclisin Gənclər və idman komitəsinin fəaliyyət istiqamətləri, qanunvericilik təşəbbüsləri və beynəlxalq parlamentlərarası əməkdaşlığın əhəmiyyəti barədə danışıb. Öz növbəsində, İdrisaa Mousa İbrahim Milli Məclisin təşkilatçılığı ilə keçirilən İƏTPİ sessiyasının yüksək səviyyədə təşkil olunduğunu, iştirakçılar üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib. Görüşdə Azərbaycan və Niger arasında parlamentlərarası əlaqələrin, gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşviqi məsələləri müzakirə olunub. Geri dön |