Ana Sayfa > Manşet / Siyasət / Özəl > Müasir Azərbaycan Ordusu: Qələbədən Güc Alan Qüdrətli Ordu
Müasir Azərbaycan Ordusu: Qələbədən Güc Alan Qüdrətli OrduBu gün, 18:01. Yazar: azer |
![]() Hər il 26 İyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq, onun əldə etdiyi uğurları dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Silahlı Qüvvələr Günü hər bir azərbaycanlının qürur duyduğu, dövlətimizin müstəqilliyinin və suverenliyinin sarsılmaz dayağı olan milli ordumuzun şərəfinə təsis edilmiş müqəddəs bir tarixdir. Bu əlamətdar gün, Azərbaycan əsgərinin rəşadətini, xalqımızın mübarizə ruhunu və dövlətimizin hərbi qüdrətini təcəssüm etdirir. Müasir müstəqil Azərbaycan Ordusunun inkişaf yolu və bu gün qazanılan tarixi nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı, habelə onların uzaqgörən dövlətçilik siyasəti ilə sıx bağlıdır. Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib. Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuş, Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir. Son illər ərzində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müasir idarəetmə sistemlərinin tətbiqi və ən yeni silah-sursatla təchizatı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycan Ordusunun dünyanın qabaqcıl orduları sırasında yer alması ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən tədbirlər hərbi sənayenin inkişafına da mühüm təkan vermişdir. Bu gün Azərbaycanda müxtəlif növ hərbi texnika, pilotsuz uçuş aparatları, zirehli maşınlar və digər hərbi təyinatlı məhsullar istehsal olunur. Yerli istehsal hesabına Ordunun təminat imkanları genişlənmiş, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri daha da möhkəmləndirilmişdir. Ordunun güclənməsinin əsas göstəricilərindən biri də müdafiə xərclərinin ildən-ilə artırılmasıdır. Dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılan vəsaitin davamlı şəkildə yüksəlməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da artırılmasına, müasir texnologiyaların tətbiqinə və hərbi infrastrukturun inkişafına xidmət edir. 2026-cı il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8 milyard 714,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da dövlətimizin milli təhlükəsizliyə verdiyi önəmin bariz göstəricisidir. Azərbaycan dövləti hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsini də daim diqqət mərkəzində saxlayır. Minlərlə hərbi qulluqçunun mənzillə təmin olunması, maaş və sosial təminatlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətin öz müdafiəçilərinə göstərdiyi yüksək qayğının ifadəsidir. 2025-ci ildən etibarən hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması, 2026-cı ildə bu istiqamətdə əlavə addımların atılması hərbçilərin rifahının yüksəldilməsinə xidmət edir. Bu gün Azərbaycan Ordusu xalqın qürur mənbəyi, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatçısıdır. Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar, qazandığı tarixi Zəfər və davamlı inkişafı ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir. Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, Vətənimizin keşiyində ayıq-sayıq dayanan hər bir əsgər və zabitimizə möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar arzulayırıq. Geri dön |