Ana Sayfa > Manşet / Siyasət > Frank Şvabeyə cavab

Frank Şvabeyə cavab


Bu gün, 16:03. Yazar: azer
Frank Şvabeyə cavab

Son günlər Frank Şvabenin növbəti dəfə Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış etməsi məndə təəccüb doğurmadı. Çünki onun uzun illər ərzində nümayiş etdirdiyi siyasi mövqe göstərir ki, Azərbaycana münasibətdə obyektivlik deyil, əvvəlcədən formalaşmış siyasi sifariş və ikili standartlar əsas götürülür.

Əgər doğrudan da insan hüquqları və demokratiya prinsipləri Frank Şvabe üçün ali dəyərdirsə, o zaman ilk növbədə Ermənistanda baş verən hadisələrə münasibət bildirməli idi. Seçki prosesində yüzlərlə müxalifət nümayəndəsinin saxlanılması, siyasi rəqiblərə qarşı cinayət işlərinin açılması, deputatlığa namizədlərin həbs edilməsi, müxalifət liderlərinə qarşı repressiyalar və fundamental hüquqların məhdudlaşdırılması barədə susmaq, lakin bütün diqqəti Azərbaycana yönəltmək siyasi obyektivlik deyil, açıq qərəz nümunəsidir.

Təəssüf ki, Frank Şvabe bu gün də 30 il ərzində Azərbaycan xalqının üzləşdiyi faciələri görməzlikdən gələn siyasətçilər sırasındadır. Bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatına məhkum edilməsi, şəhər və kəndlərimizin viran qoyulması, məscidlərimizin təhqir olunması, qəbiristanlıqlarımızın dağıdılması, etnik təmizləmə siyasəti və Azərbaycan torpaqlarının işğalı dövründə onun prinsipial mövqe nümayiş etdirdiyini xatırlayan yoxdur.

Bu gün isə Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etməsindən narahat olan dairələrin sözçüsünə çevrilməsi təsadüfi görünmür. Regionda yaranmış yeni geosiyasi reallığı qəbul etmək əvəzinə, köhnə siyasi yanaşmaları davam etdirmək nə Avropaya nüfuz qazandırır, nə də sülh prosesinə xidmət edir.

Maraqlıdır ki, müxtəlif dövrlərdə Rusiyaya münasibətdə daha yumşaq və dialoqa əsaslanan mövqe nümayiş etdirən siyasətçilər Azərbaycana münasibətdə tam əks davranış sərgiləyirlər. Bu ziddiyyət istər-istəməz belə bir sual yaradır: görəsən, burada həqiqətən insan hüquqları müdafiə olunur, yoxsa müəyyən siyasi qrupların maraqları?

Azərbaycan heç vaxt heç kimin torpağına iddia etməyib. Əksinə, beynəlxalq hüququn tanıdığı sərhədləri daxilində öz suverenliyini bərpa edib. Bu, artıq müzakirə mövzusu deyil, beynəlxalq reallıqdır. Kiminsə bu reallığı qəbul etmək istəməməsi isə tarixi dəyişmir.

Frank Şvabeyə və onun kimi düşünən siyasətçilərə tövsiyəm odur ki, Cənubi Qafqaza qərəzin yox, ədalətin gözü ilə baxsınlar. Çünki tarix göstərir ki, siyasi manipulyasiyalar zamanla unudulur, həqiqət isə yaşayır.

Keçmişi gizlətmək, üzərinə yeni siyasi şüarlar çəkmək mümkündür. Ancaq keçmişin izi heç vaxt silinmir. Tarix həmişə yaddaşı güclü olanların tərəfində olur və gec-tez hər kəs öz siyasi mövqeyinin qarşısında cavab verməli olur.

Adəm Bakuvi
Vəhdət Partiyasının Sədri.

Geri dön