Ana Sayfa > Karusel / Manşet / Özəl / Təhsil / Yazar6 > Təhsilin "Tərs mütənasiblik" düsturu və Emin Əmrullayevin "ucuz ətin şorbası" teoremi
Təhsilin "Tərs mütənasiblik" düsturu və Emin Əmrullayevin "ucuz ətin şorbası" teoremiBu gün, 15:46. Yazar: Semsi |
![]() Bu məmləkətdə hər kəsin özünəməxsus bir əyləncəsi var: kimisi futbol matçına baxıb qanını qaraldar, kimisi serial izləyib vaxt öldürər, Elm və Təhsil nazirimiz Emin Əmrullayev isə arabir rəsmi tribunaya və ya sosial şəbəkə hesabına keçib millətin əsəb telləri üzərində virtual simfoniya bəstələyər. Adam hər dəfə ağzını açanda, sanki təhsil sistemimizin deyil, xalqın dözüm limitinin sınaq imtahanını keçirir. Təcrübə isə böyük qüvvədir; nazirimiz artıq hər açıqlamasında bir yox, bir neçə "xoruz buraxmağın" ustadına çevrilib. Bu dəfəki fəlsəfə dərsimizin mövzusu isə qiymət və keyfiyyət mütənasibliyidir. Emin müəllim qayıdıb ki, bəs Azərbaycanda ali təhsil xərcləri inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır, bu ucuzluq da təhsilin keyfiyyətinə balta vurur. Sitatın canına baxın: "Çox aşağı qiymətə olan təhsilin yekun nəticəsi ən yaxşı halda diplom ola bilər". Nazirin məntiqindən belə çıxır ki, bizim universitetlərin 1500–2000 manata payladığı şey təhsil deyil, sadəcə "qiyməti öldürülmüş" bir parça kartondur. Yaxşı, cənab nazir, əgər bu məbləğə qlobal rəqabətə davam gətirəcək kompüter mühəndisi, maliyyəçi və ya inşaatçı hazırlamaq qeyri-mümkündürsə, onda o dövlət akkreditasiyasından keçmiş universitetlər niyə hər il minlərlə gəncə həmin o "ən yaxşı halda diplom olan" kağız parçalarını paylayır? Və ən maraqlısı: tutaq ki, bir bəxtəvər gənc birtəhər gecəsini gündüzünə qatıb, o çətinliklərin içindən sıyrılıb həmin universiteti qırmızı diplomla bitirir. Sonra nə baş verir? Həmin o qırmızı diplomlu mütəxəssis müəllim olmaq istəyəndə, rəhbərlik etdiyiniz nazirlik onu yenidən MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanına çəkir. Ay rəhmətliyin oğulları və qızları, əgər sizin öz təhsil ocaqlarınızın möhürləyib verdiyi, fərqlənmə rənginə boyadığı diploma özünüzün inanmağa cəsarətiniz və etibarınız yoxdursa, bunu niyə kasıb tələbənin cibinin boşluğu ilə əlaqələndirirsiniz? Öz verdiyiniz diploma özünüz inanmırsınızsa, deməli, problem qiymətdə deyil, sistemi idarə edən sistemin özündədir. Dövlət büdcədən pulu ayırır, cənab nazir də efirdən inkişaf etmiş ölkələrin min avroluq qeydiyyat haqlarından dəm vurur. Amma gəlin baxaq görək, o ayrılan vəsait universitetlərimizdə hansı ali riyaziyyatla bölünür? Əgər bir universitetdə — məsələn, elə Gəncə Dövlət Universitetində (GDU) və ya başqa ali məktəblərdə — illərini elmə vermiş, yüzlərlə tələbə yetişdirmiş professorun aylıq maaşı rektorun qəbul otağında oturan, yeganə funksiyası çay süzmək və gələnlərə "rektor müəllim məşğuldur" demək olan katibənin maaşından aşağıdırsa, burada hansı keyfiyyət düsturundan danışmaq olar? Bu, elmin dərəcəsi yox, rektora yaxınlığın dərəcəsidir. Bizbədbaxt təhsilin fundamental düsturu budur: "Alimin elmi dəyəri < Rektor köməkçisinin vizual çəkisi." Belə bir iyerarxiyada kafedra müdirinin, professorun tələbə qarşısında hansı nüfuzu, hangi qlobal rəqabətədavamlılığı qala bilər? Nazir zəhmət çəkməlidir, birinci bu "katibə-professor" bərabərsizliyinin kvadrat kökünü tapsın. Nazir deyir ki, 1500–2000 manata keyfiyyətli mütəxəssis hazırlamaq olmur. Yaxşı, bəs o universitetlərin semestr imtahanlarında qurulan o "tələbəni sıxışdırmaq, kəsmək, canını boğazına yığmaq" teatrının adı nədir? İnkişaf etmiş ölkələrdə imtahan tələbənin nəyi mənimsədiyini ölçmək və ona kömək etmək üçündür. Bizdə isə semestr imtahanı — xüsusən də rektorların rəhbərliyi altında — tələbəni küncə sıxışdırmaq, reytinq xalını kəsmək və onu tabe etmək üçün bir növ "cəza batalyonu" funksiyasını yerinə yetirir. Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tələbələrin kütləvi şəkildə imtahandan kəsilməsi xəbərləri mətbuata sızdı. İddia olunur ki, gəncləri bilərəkdən, kütləvi şəkildə kəsirlər ki, sonra "başqa yollarla" məsələni həll etsinlər. Hətta tələbələrin dediyinə görə, universitet yeməkxanasına kənardan çörək-perojki gətirmək də qadağandır — elə bil ali məhbus düşərgəsidir, mütləq daxildəki rektor biznesinə xeyir verməlisən! Tələbəni kəsmək təhsilin keyfiyyətini qaldırmır, cənablar. Bakı Dövlət Universitetində (BDU) dövlət imtahanı qabağı tələbələrdən minlərlə manat rüşvət tələb edən müəllimin işdən qovulması qalmaqalı hələ dünənin söhbətidir. Müəllim fərdidir, yoxsa sistemin meyvəsidir? Bəzi kolleclərdə (məsələn, İqtisad Universitetinin nəzdindəki Qida Sənayesi Kollecində) hüquqşünasın çəkdiyi videolardan bəlli olur ki, imtahanda hamı telefondan, dəftərdən açıq-aşkar köçürür, rəhbərlik isə bunu "humanist yanaşma və yaddasın bərpası üçün 3 dəqiqəlik icazə" adlandırır. Bax, budur bizim qlobal rəqabətə davamlı "Bolonya humanistliyimiz"! Bunun adı konstruktiv təhsil deyil, bunun adı inzibati terror və "mənim universitetim, mənim qazancım" feodalizmidir. Amma bu hekayənin ən pik nöqtəsi, dünya elm tarixinə qızıl hərflərfə düşəcək o məşhur "universitet həyətində praktika" kəşfidir. Bakı Dövlət Universitetinin tələbəsi gedib zavodda, laboratoriyada, real istehsalatda, mətbuat orqanında və ya dövlət idarəsində praktika keçə bilmir. Çünki o müəssisələrlə normal əlaqə qurulmayıb, çünki tələbə heç kimə lazım deyil. Və Elm və Təhsil Nazirliyində oturan o "başbilənlər", o "dahi strateqlər" ömrünün çopxunu təhsilə xərcləmiş professora fantastik bir alternativ təklif edirlər: "Praktikanı universitetin həyətində keçin!" Bax, bu artıq riyaziyyatın da, məntiqin də, konstruktiv dialoqun da bitdiyi, absurd teatrının başladığı yerdir. Kompüter mühəndisi universitetin həyətindəki skamyada hansı qlobal proqramı yazacaq? İnşaat mühəndisi həyətdəki çinar ağacının kölgəsində hansı binanın bünövrəsini qoyacaq? Kimyaçı tələbə universitetin bufetindəki çaydanın ərpini təmizləməkləmi praktika keçmiş sayılacaq? Bu hansı həndəsi silsiləyə sığır? Emin müəllim yazısının sonunda xalqa bir növ "böyük qardaş" məsləhəti də verir: "Bəzi hallarda keyfiyyətsiz ali təhsil diplomu almaq əvəzinə keyfiyyətli peşə təhsili almaq seçimini də düşünmək lazımdır". Bax, bu lap yerinə düşdü. Guya ki, bizim peşə təhsilimizdə elə bir keyfiyyət fışqırır, elə bir maddi-texniki baza var ki, gənclər Harvardı qoyub bura qaçmalıdırlar. İllərdir peşə məktəblərinin adı gələndə insanların ağlına təmirsiz binalar, sovetdən qalma paslı dəzgahlar və sadəcə hərbi xidmətdən möhlət almaq üçün sənəd verilən məkanlar gəlir. İndi nazir bizə elə təqdim edir ki, sanki ölkədə peşə təhsili alan hər kəs Almaniya zavodlarında mühəndis səviyyəsində dərhal işə düzəlir. Olmayan keyfiyyəti ali təhsilin ucuzluğuna bəhanə gətirib, insanları başqa bir uğursuz sahəyə yönləndirmək hansı idarəçilik dühasının məhsuludur, onu anlamaq çətindir. Nazir Avstriya, Almaniya və Fransanı misal gətirir ki, orada bakalavrın illik xərci 10-18 min avrodur, tələbənin ödədiyi 500-1000 avro ise sadəcə qeydiyyat haqqıdır, qalanını dövlət ödəyir. Sonra da əlavə edir ki, bizdə də yarıdan çoxunun pulunu dövlət verir. Gözəl riyaziyyatdır, amma kiçik bir "əmma" var. Həmin o Avropa ölkələrində dövlətin büdcəsi və təhsilə ayırdığı investisiya vətəndaşın ödədiyi vergilərin hesabına formalaşır və dövlət o pulu təhsilin keyfiyyətinə elə yatırır ki, oradan çıxan mütəxəssis həqiqətən qlobal rəqabətə tab gətirir. Bizdə isə tələbənin ödədiyi 1500–2000 manat (hansı ki, orta statistik azərbaycanlı valideyn üçün bu böyük puldur) hara gedir? Universitet rektorlarının kabinetlərinin təmirinə, bahalı xidməti maşınlarına, yoxsa müəllimlərin 400-500 manatlıq "gözaydınlığı" maaşına? Məqsəd təhsil haqlarının artırılmasını təklif etmək deyilmiş, sadəcə reallığı konstruktiv müzakirə etməkmiş. Biz də elə bunu konstruktiv müzakirə edirik: cənab nazir, bazar iqtisadiyyatında "ucuz ətin şorbası olmaz" prinsipi keçərlidir, amma bura ticarət mərkəzi deyil, Elm və Təhsil Nazirliyidir. Əgər bir ölkədə təhsil bazara çevrilibsə və keyfiyyət yalnız pulla ölçülürsə, o zaman sizin rəhbərlik etdiyiniz qurumun funksiyası nədir? Görünən odur ki, Emin müəllim hər dəfə xalqın əsəbləri ilə "konstruktiv" oynamaqla, əslində təhsilimizin qiymətini yox, özünün bu sahədəki uğursuz idarəçiliyinin qiymətini ortaya qoyur. Sual birdir, ikidir, yoxsa mindir? Sual o qədər çoxdur ki, sizin o gətirdiyiniz Avropa müqayisələri universitet həyətlərində imtahandan kəsilən, rektor köməkçisinin maaşına həsədlə baxan professorların reallığı qarşısında sabun köpüyü kimi sönür. Və bu reallığın yekun nəticəsi, təəssüf ki, ən yaxşı halda elə boş bir diplomdan ibarət qalır. ![]() Şəmsi Qoca Geri dön |