Ana Sayfa > Dünya > Dünyanın ən qədim meteor krateri aşkarlandı -

Dünyanın ən qədim meteor krateri aşkarlandı -


Bu gün, 11:05. Yazar: Subhan
Dünyanın ən qədim meteor krateri aşkarlandı -

Avstraliyada aparılan yeni elmi araşdırma Yer kürəsinin ən qədim məlum meteor kraterinin yaşını müəyyənləşdirib.

aia.az xəbər verir ki, alimlər Qərbi Avstraliyanın Pilbara bölgəsində yerləşən kraterin təxminən 3,02 milyard il əvvəl formalaşdığını təsdiqləyiblər.

Beləliklə, uzun müddətdir davam edən elmi mübahisələrə son qoyulub və sözügedən struktur rəsmi olaraq dünyanın ən qədim məlum meteor krateri kimi qəbul edilib.

Əvvəllər krateri araşdıran alimlər onun yaşını 3,47 milyard il hesab etsələr də, başqa bir tədqiqat qrupu bu rəqəmə etiraz edərək, kraterin 2,77 milyard ildən daha gənc olduğunu irəli sürmüşdü. Son tədqiqatlar isə toqquşmanın təxminən 3,02 milyard il əvvəl baş verdiyini göstərib.

Kurtin Universitetinin geoloqu Kris Kirklandın sözlərinə görə, yeni nəticələr krateri Yer tarixinin ən qədim dövrlərindən biri olan Arxey erası ilə əlaqələndirir. Həmin dövrdə Yer qabığı, okeanlar və atmosfer formalaşır, ilk həyat izləri meydana çıxırdı.

Bildirilir ki, Yer səthində qədim kraterlərin qorunub qalması olduqca nadir haldır. Bunun əsas səbəbi planetdə baş verən geoloji proseslər, tektonik hərəkətlər və eroziyadır. Bu amillər zamanla əksər kraterlərin izlərini silir.

Araşdırma zamanı alimlər bölgədə meteor zərbələrinin xarakterik əlaməti hesab olunan “zərbə konusları”nı aşkar ediblər. Süxurların tərkibindəki sirkon və apatit kristalları laboratoriyada təhlil olunub. Hər iki mineral üzərində aparılan ölçmələr kraterin yaşının təxminən 3 milyard il olduğunu təsdiqləyib.

Elm adamları hesab edirlər ki, bu kəşf Yer kürəsinin erkən geoloji tarixi, ilk okeanların və həyatın formalaşdığı dövr barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.

Qeyd edək ki, bundan əvvəl Yer üzündə məlum olan ən qədim meteor krateri Avstraliyadakı 2,23 milyard illik Yarrabubba Krateri hesab olunurdu. Yeni araşdırma isə bu rekordu geridə qoyub.

aia.az
Geri dön