Ana Sayfa > Siyasət > Kərim Rzayev: “Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu peşəkarlığı, döyüş qabiliyyəti və texniki təchizatı ilə seçilən müasir hərbi gücə çevrilib”

Kərim Rzayev: “Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu peşəkarlığı, döyüş qabiliyyəti və texniki təchizatı ilə seçilən müasir hərbi gücə çevrilib”


Bu gün, 10:36. Yazar: azer
Kərim Rzayev: “Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu peşəkarlığı, döyüş qabiliyyəti və texniki təchizatı ilə seçilən müasir hərbi gücə çevrilib”

“Bu gün Azərbaycanın hərbi qüdrətinin davamlı şəkildə artması ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz tarixinin ən şərəfli missiyasını yerinə yetirdi. Uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasət nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü silahlı qüvvələri sırasında layiqli yer tutur. Ordunun müasir silah və texnika ilə təchiz olunması, döyüş hazırlığının artırılması məqsədilə keçirilən müntəzəm təlimlər, müdafiə sənayesinin inkişaf etdirilməsi və xarici asılılığın azaldılması istiqamətində görülən işlər bu siyasətin mühüm tərkib hissələridir. Tarixi mənbələr göstərir ki, Azərbaycanda milli ordu quruculuğunun əsasları hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atdı. Müstəqilliyin elanından bir ay keçməmiş, 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə ilk nizami hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusu təsis edildi. Bu hadisə ölkədə peşəkar ordunun formalaşması baxımından mühüm mərhələ hesab olunur. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmiş və həmin tarix uzun illərdir dövlət səviyyəsində qeyd olunur.”

Bu sözləri 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar aia.az-a verdiyi müsahibəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib.

Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqət mərkəzinə çəkən müsahibimiz bu istiqamətdə ilk mühüm addımların Ulu Öndər tərəfindən hələ sovet dövründə atıldığını vurğulayıb: “1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra digər sahələrdə olduğu kimi, milli hərbi quruculuq prosesi də faktiki olaraq dayandırılmışdı. SSRİ rəhbərliyi azərbaycanlı hərbi kadrların hazırlanmasına xüsusi maraq göstərmirdi. Nəticədə 1920-ci ildən 1970-ci illərə qədər hərbi sahədə ciddi irəliləyişlər əldə olunmamışdı. Yalnız 1969-cu ildə Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra bu istiqamətdə mühüm dəyişikliklər baş verdi. Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu addım gələcəkdə milli zabit korpusunun formalaşdırılmasına və güclü ordunun təməlinin qoyulmasına mühüm töhfə verdi. Həmin təhsil ocağı Azərbaycanda hərb peşəsinə marağın artmasına, peşəkar hərbi kadrların hazırlanmasına geniş imkanlar yaratdı. Müstəqillik əldə edildikdən sonra isə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas dayaqlarından birinə çevrildi. Eyni zamanda Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə, Bakı Ali Hərbi Dənizçilik Məktəbinə və keçmiş SSRİ-nin müxtəlif hərbi təhsil müəssisələrinə qəbul imkanları genişləndirildi. Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi səhvlər nəticəsində ordu quruculuğu sahəsində dərin problemlər yarandı. Lakin 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı bu sahədə də dönüş nöqtəsi oldu. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı atəşkəsin əldə olunmasından sonra Azərbaycanda müasir Milli Ordunun formalaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməyə başlandı. 1999-cu il fevralın 20-də isə Ulu Öndər tərəfindən Hərbi Akademiyanın yaradılması haqqında Fərmanın imzalanması hərbi təhsil və milli kadr hazırlığı sisteminin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bununla da peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edildi.”

Komitə sədri həmçinin bildirib ki, bu gün də Silahlı Qüvvələrin inkişafı və modernləşdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir: “Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi infrastrukturun yenilənməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması, mənzil təminatının gücləndirilməsi və müdafiə sənayesinin inkişafı daim diqqət mərkəzində saxlanılır. Xüsusilə 2003-cü ildən sonra Azərbaycan Ordusunun inkişafında yeni və daha yüksək keyfiyyət mərhələsi başlanmışdır. Bu dövrdə ordunun dünyanın qabaqcıl hərbi texnologiyaları ilə təchiz olunması prosesi sürətləndirildi. Azərbaycanın iqtisadi imkanlarından səmərəli istifadə edən Ali Baş Komandan ordunu Türkiyə, İsrail, Rusiya, Belarus və digər ölkələrin istehsalı olan müasir silah və hərbi texnika ilə təmin etdi. Aparılan islahatlar nəticəsində Azərbaycan Ordusu peşəkarlığı, döyüş qabiliyyəti və texniki təchizatı ilə seçilən müasir hərbi gücə çevrildi. Bu güc özünü xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları tarixi Zəfərlə nəticələndi və torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Beləliklə, 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bunun ardınca 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olundu. Bununla da ölkəmiz öz suveren hüquqlarını bütün ərazilərində bərpa etdi. Həm Vətən müharibəsində, həm də sonrakı əməliyyatlarda əldə olunan uğurlar Azərbaycan Ordusunun peşəkarlığını, yüksək döyüş hazırlığını və qüdrətini bir daha nümayiş etdirdi. Bu nailiyyətlər sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer almağa tam layiqdir və ölkəmizin təhlükəsizliyinin etibarlı təminatçısıdır” – deyə, Kərim Rzayev fikirlərini başa çatdırıb.
Geri dön