Ana Sayfa > Siyasət > Manaf Manafov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil Azərbaycanın hərbi potensialının inkişafı üçün möhkəm təməl yaradıldı”

Manaf Manafov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil Azərbaycanın hərbi potensialının inkişafı üçün möhkəm təməl yaradıldı”


Bu gün, 10:18. Yazar: azer
Manaf Manafov: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil Azərbaycanın hərbi potensialının inkişafı üçün möhkəm təməl yaradıldı”

“26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə rəsmən təsis edilmişdir. Ulu Öndər bu qərarı verməklə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış ilk milli hərbi birləşmə olan Əlahiddə Azərbaycan Korpusunun təsis olunduğu günü Silahlı Qüvvələr Günü elan etmiş və bununla da müasir Azərbaycan dövlətinin Cümhuriyyətin siyasi-hüquqi varisi olduğunu bir daha nümayiş etdirmişdir. Hər il ölkəmizdə bu tarix böyük ehtiramla və dövlət səviyyəsində qeyd edilir. Şübhəsiz ki, müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli hərbi quruculuq prosesi uzun müddət dayanmışdı. Yalnız Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra hərbi sahədə milli kadrların hazırlanmasına sistemli şəkildə başlanıldı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində gələcək müstəqil Azərbaycanın güclü ordusunun formalaşmasına xidmət edən mühüm addımlar atıldı və hərbi potensialın inkişafı üçün möhkəm təməl yaradıldı.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, bu istiqamətdə həyata keçirilən ən mühüm layihələrdən biri 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması oldu: “Həmin təhsil ocağı Azərbaycanda hərbi peşəyə marağın artmasına, milli zabit korpusunun formalaşmasına və peşəkar hərbi kadrların yetişməsinə əhəmiyyətli təsir göstərdi. Sonralar müstəqillik dövründə bu məktəb Azərbaycan Ordusunun əsas kadr mənbələrindən birinə çevrildi. Bununla yanaşı, Heydər Əliyevin təşəbbüsü nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Bakı Ali Hərbi Dənizçilik Məktəbində və keçmiş SSRİ-nin müxtəlif nüfuzlu hərbi təhsil müəssisələrində təhsil almaları üçün geniş imkanlar yaradıldı. Bu addımlar gələcək milli ordunun zabit heyətinin formalaşmasında mühüm rol oynadı. Müstəqilliyin ilk illərində isə ölkə rəhbərliyi Ermənistanın hərbi təcavüzü fonunda peşəkar və güclü ordu quruculuğu sahəsində ciddi nəticələr əldə edə bilmədi. Həmin dövrdə Azərbaycanda vahid komandanlıq sistemi yox idi, müxtəlif silahlı dəstələr ayrı-ayrı qrupların nəzarəti altında fəaliyyət göstərirdi. Dövlət maraqlarından çox fərdi və siyasi maraqlara xidmət edən bu vəziyyət ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi. Bundan istifadə edən Ermənistan işğal siyasətini daha da genişləndirir, Azərbaycanın ərazilərini zəbt etməyə davam edirdi. Nəticədə dövlətçiliyimizin gələcəyi ciddi təhlükə qarşısında qalmışdı. Belə mürəkkəb və gərgin şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə sabitliyi təmin etdi və nizami ordu quruculuğunu prioritet istiqamət kimi müəyyənləşdirdi. Qanunsuz silahlı dəstələr ləğv edildi, vahid idarəetmə sistemi formalaşdırıldı və peşəkar hərbi quruculuğa başlanıldı. 1994-cü il mayın 12-də atəşkəs razılaşmasının əldə edilməsindən sonra isə Silahlı Qüvvələrin inkişafı daha sürətli xarakter aldı. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial vəziyyətinin yaxşılaşdırılması, döyüş hazırlığının və mənəvi ruhunun yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Hərbi təhsil sisteminin təkmilləşdirilməsi də bu siyasətin mühüm istiqamətlərindən biri idi. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın fəaliyyəti nəticəsində peşəkar hərbi mütəxəssislərin hazırlanması sahəsində yeni mərhələ başlandı. Sonrakı dövrdə, 20 avqust 2001-ci il tarixli Fərmanla Müdafiə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin fəaliyyəti yenidən təşkil edildi və onlar Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adları altında fəaliyyət göstərməyə başladılar.”

Sonda müsahibimiz 2003-cü ildən etibarən Azərbaycan Ordusunun inkişafında keyfiyyətcə yeni mərhələnin başladığını xüsusi vurğulayıb: “Ulu Öndərin müəyyən etdiyi strateji kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Onun rəhbərliyi ilə ordunun döyüş qabiliyyətinin artırılması, peşəkar kadrların hazırlanması, müasir silah və texnikalarla təminatın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ordunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirildi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu qısa müddət ərzində regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi. Beynəlxalq hərbi reytinqlərdə əldə olunan yüksək mövqelər də bu inkişafın göstəricisidir. Eyni zamanda ölkədə müdafiə sənayesinin formalaşdırılması ordu quruculuğuna mühüm dəstək verdi. Müdafiə sənayesi müəssisələrinin yaradılması nəticəsində hazırda Azərbaycanda çoxsaylı hərbi təyinatlı məhsullar istehsal olunur. Bu məhsullar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ölkəmizin müdafiə potensialının güclənməsinə əhəmiyyətli töhfə verir. Yerli istehsal imkanlarının genişlənməsi Silahlı Qüvvələrin müasir silah və texnika ilə təminatında mühüm üstünlüklər yaradır. Hazırda Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin müasir modelinə uyğun şəkildə inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu islahatlar ordunun idarəetmə sisteminin, döyüş hazırlığının və əməliyyat imkanlarının daha da təkmilləşdirilməsinə xidmət edir. Bu yanaşma müasir dövrün təhlükəsizlik çağırışlarına cavab verən ən səmərəli strategiyalardan biri hesab olunur. Bununla yanaşı, Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində əməkdaşlığının genişlənməsi yeni texnologiyaların tətbiqinə, müasir hərbi məhsulların istehsalına və müdafiə potensialının daha da gücləndirilməsinə şərait yaradır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun imkanları davamlı şəkildə artırılır, ölkəmizin təhlükəsizliyi daha etibarlı təmin olunur və Silahlı Qüvvələrimizin gələcək inkişafı üçün yeni perspektivlər açılır” – deyə, Manaf Manafov fikirlərini başa çatdırıb.

Geri dön