Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “İki ölkə arasında imzalanan yeni sənədlər əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir.”
Göydəniz Qəhrəmanov: “İki ölkə arasında imzalanan yeni sənədlər əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir.”Dünən, 21:43. Yazar: azer |
![]() “Azərbaycan ilə Türkmənistan arasında münasibətlər təkcə siyasi və iqtisadi əməkdaşlığın inkişafı ilə deyil, eyni zamanda mədəni yaxınlığa və mənəvi dəyərlərə söykənən yeni məzmun qazanması ilə diqqət çəkir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat da göstərdi ki, iki qardaş ölkə arasında əməkdaşlıq artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini aşaraq uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Dövlət başçısının Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistan rəhbərliyinə və xüsusilə Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədova təşəkkür etməsi bu münasibətlərin səmimiliyini nümayiş etdirən mühüm məqamlardan biridir. Füzuli şəhərində məscidin tikintisi təşəbbüsü yalnız humanitar layihə deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi prosesinə qardaş ölkənin mənəvi dəstəyinin rəmzinə çevrilib. Bu addım Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə həyata keçirilən quruculuq işlərinin beynəlxalq həmrəylik ruhunda davam etdiyini göstərir.” Bunları aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib. Deputat qeyd edib ki, xüsusilə son illərdə Azərbaycanın dost və tərəfdaş dövlətlərlə münasibətlərində humanitar diplomatiya getdikcə daha mühüm yer tutur: “Qarşılıqlı etimadın möhkəmləndirilməsi yalnız siyasi dialoq vasitəsilə deyil, xalqları bir-birinə yaxınlaşdıran mədəni layihələr, dini-mənəvi irsin qorunması və ortaq dəyərlərin təşviqi yolu ilə də həyata keçirilir. Bu baxımdan Azərbaycan və Türkmənistanın seçdiyi əməkdaşlıq modeli gələcək üçün etibarlı əsas yaradır.Prezident İlham Əliyevin çıxışında mədəni əməkdaşlığa xüsusi yer ayırması təsadüfi deyildi. Son dövrlərdə Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri, ötən il isə ölkəmizdə təşkil olunan Türkmənistan Mədəniyyəti Günləri göstərir ki, tərəflərin siyasi münasibətləri xalqlar arasında qarşılıqlı rəğbəti möhkəmləndirir. Mədəniyyət diplomatiyası dövlətlər arasında uzunmüddətli tərəfdaşlığın ən etibarlı dayaqlarından biri hesab olunur və Azərbaycan-Türkmənistan münasibətlərində bu istiqamət artıq davamlı xarakter alıb. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaşlaşmış şəhərlər olması da münasibətlərin institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Bu cür təşəbbüslər yalnız rəmzi məna daşımır. Onlar gələcəkdə təhsil, turizm, bələdiyyə idarəçiliyi, şəhərsalma və humanitar layihələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Beləliklə, dövlətlərarası əməkdaşlıq yerli idarəetmə və ictimai əlaqələr səviyyəsində də möhkəmlənir. İki ölkə arasında imzalanan yeni sənədlər əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir. Müxtəlif sahələri əhatə edən razılaşmalar Azərbaycan-Türkmənistan münasibətlərinin real mexanizmlərlə dəstəkləndiyini təsdiqləyir. Prezident İlham Əliyevin bəyanatı bir daha nümayiş etdirdi ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və ortaq maraqlar prinsiplərinə sadiqdir. Türkmənistanla münasibətlər də məhz bu prinsiplər üzərində inkişaf edir. Tarixi mədəni yaxınlıq, humanitar həmrəylik və ortaq gələcək baxışı iki qardaş dövləti regionun sabitliyi və inkişafı naminə daha sıx əməkdaşlığa sövq edir– deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb. Geri dön |