Ana Sayfa > Manşet / Siyasət > Qüdrətli Azərbaycan Ordusu - şanlı Zəfər simvolu
Qüdrətli Azərbaycan Ordusu - şanlı Zəfər simvoluBu gün, 15:39. Yazar: azer |
|
Hər il iyunun 26-sı xalqımız tərəfindən Silahlı Qüvvələr Günü kimi böyük qürur hissi ilə qeyd olunur. Bu əlamətdar tarix dövlətçilik tariximizin ən mühüm komponentlərindən biri olan ordu quruculuğu siyasətinin uğurlarını dəyərləndirmək üçün əhəmiyyətli fürsətdir. Həmin gün müasir, peşəkar, yüksək döyüş hazırlığına malik və qalib statusunu qazanmış ordumuzun keçdiyi yol Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin və bu siyasətin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Müasir ordu quruculuğunun təməlində məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. 1969-cu ildə respublikaya rəhbərliyə başladıqdan sonra milli hərbi kadrların hazırlanması istiqamətində məqsədyönlü addımlar atıldı. O dövrdə azərbaycanlı gənclərin hərbi təhsil alması üçün geniş imkanlar yaradıldı, onların keçmiş ittifaqın nüfuzlu hərbi məktəblərinə qəbuluna şərait formalaşdırıldı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Həmin təhsil müəssisəsi sonrakı dövrdə minlərlə peşəkar zabitin yetişməsində mühüm rol oynadı. Hərbi lisey milli zabit korpusunun formalaşmasına, gənclərdə vətənpərvərlik ruhunun güclənməsinə və hərb sənətinə marağın artmasına böyük töhfə verdi. 1990-cı illərin əvvəllərində müstəqillik əldə olunsa da, dövlətçilik ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın işğalçılıq siyasəti, daxili siyasi böhran və idarəetmədəki zəifliklər nəticəsində nizami ordu formalaşdırıla bilməmişdi. Müxtəlif silahlı dəstələrin mövcudluğu müdafiə qabiliyyətini zəiflədirdi. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə sabitliyi bərpa etdi, qanunsuz silahlı birləşmələri ləğv etdi və vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesinə başladı. 1994-cü il mayın 12-də atəşkəs əldə edildikdən sonra Silahlı Qüvvələrin formalaşdırılması daha sürətli mərhələyə qədəm qoydu. Maddi-texniki bazanın möhkəmləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi, şəxsi heyətin peşəkarlığının artırılması və hərbi təhsil sisteminin yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1998-ci ildə 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan olunması dövlətin orduya verdiyi yüksək qiymətin ifadəsi idi. 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı illərdə hərbi təhsil müəssisələrinin yenidən təşkil olunması milli hərbi kadr potensialının gücləndirilməsinə xidmət etdi. Eyni zamanda, NATO ilə əməkdaşlığın genişləndirilməsi Ordunun beynəlxalq standartlara uyğunlaşdırılmasına, hərbçilərin qabaqcıl təcrübələri mənimsəməsinə imkan yaratdı. Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak edən hərbçilərimiz zəngin təcrübə qazandılar. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsait dəfələrlə artırıldı, ordumuz ən müasir silah və texnikalarla təchiz edildi, hərbi infrastruktur yeniləndi, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi. Müdafiə sənayesinin yaradılması və inkişafı sayəsində yüzlərlə adda hərbi məhsulun istehsalına başlanıldı. Aparılan məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələr regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilib. 2016-cı ilin Aprel döyüşləri ordumuzun yüksək döyüş qabiliyyətini nümayiş etdirib. Cəmi dörd gün ərzində düşmənə ciddi zərbə vurulub, strateji yüksəkliklər və mühüm ərazilər nəzarətə götürülüb. 2018-ci ildə Günnüt əməliyyatı isə növbəti uğur kimi tarixə yazılıb. Bütün bu hazırlıq və modernləşmə tədbirlərinin məntiqi nəticəsi 2020-ci ildə baş verib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz tarixi Qələbə qazanıb. İşğal altında olan şəhər və rayonlar azad edilib, beynəlxalq hüququn norma və prinsipləri döyüş meydanında təmin olunub. Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı və vətənpərvərliyi bütün dünyaya nümayiş etdirilib. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olunub. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat Silahlı Qüvvələrimizin yüksək peşəkarlığını, müasir imkanlarını və döyüş hazırlığını bir daha nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”. Qələbədən sonrakı dövrdə də ordu quruculuğu prosesi yeni mərhələdə davam etdirilir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında aparılan islahatlar Ordunun çevikliyini və effektivliyini daha da artırır. Komando briqadaları müasir döyüşlərin tələblərinə uyğun olaraq formalaşdırılır və yüksək hazırlıqlı peşəkar heyətlə komplektləşdirilir. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir. 2025-ci ilin 8 noyabr tarixində Bakıda Zəfər muzeyinin açılışı olmuşdur. Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır. Bu gün Ordumuz təkcə regionun deyil, daha geniş coğrafiyanın ən hazırlıqlı hərbi qüvvələrindən biri kimi qəbul olunur. Türkiyə, Pakistan, İsrail və digər tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığın inkişafı müdafiə imkanlarımızın daha da güclənməsinə şərait yaradır. Xüsusilə Şuşa Bəyannaməsi çərçivəsində həyata keçirilən tədbirlər hərbi təhlükəsizlik və müdafiə sahəsində strateji əməkdaşlığı yeni mərhələyə yüksəldib. Silahlı Qüvvələrimizin qazandığı uğurların əsasında xalq-ordu birliyi, vətənpərvərlik ruhu və dövlətin hərbçilərə göstərdiyi diqqət dayanır. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin sədaqəti nəticəsində əldə olunan Zəfər xalqımızın şanlı tarixinin ən parlaq səhifələrindən birinə çevrilib. 26 İyun – Silahlı Qüvvələr Gününü qeyd edərkən böyük iftixar hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edib. Güclü ordu müstəqilliyin, təhlükəsizliyin və gələcək uğurların ən etibarlı təminatçısı olaraq dövlətimizin qüdrətini nümayiş etdirməkdə davam edir. Mahir Süleymanlı Milli Məclisin deputatı Geri dön |