Ana Sayfa > Karusel / Ölkə > “82 yaşım var, bu mənim son arzumdur”
“82 yaşım var, bu mənim son arzumdur”Bu gün, 14:47. Yazar: azer |
![]() Xalq artisti Şeyx Əbdül Mahmudov uzun illərdir həyata keçməsini arzuladığı bir layihənin yenidən gündəmə qaytarılmasını istəyir. Söhbət Azərbaycanın dövlətçilik tarixində müstəsna yer tutan Şah İsmayıl Xətai haqqında çəkilməsi nəzərdə tutulan, lakin müxtəlif səbəblərdən yarımçıq qalan bədii filmdən gedir. Məsələ ilə bağlı Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a danışıb: "Bu layihənin əsası hələ 2000-ci illərin əvvəllərində qoyulub. O dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şah İsmayıl Xətai haqqında ssenari hazırlanıb, qəbul edilib və filmin istehsalına xeyir-dua verilib. Layihə üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb, çəkiliş məkanları seçilib, aktyor heyəti üzərində iş aparılıb. Lakin bütün hazırlıqlara baxmayaraq, film gözlənilmədən dayandırılıb. Bu günə qədər layihənin hansı səbəbdən yarımçıq saxlanıldığını bilmirəm. Şah İsmayıl Xətai haqqında film şəxsən Heydər Əliyevin təşəbbüsü ilə hazırlanırdı. O, bu işlə mütəmadi maraqlanır, prosesə nəzarət edir, filmin ərsəyə gəlməsini vacib hesab edirdi. Buna baxmayaraq, sonradan layihə dayandırıldı və bu qərarın səbəbi mənə bu gün də məlum deyil”. Şah İsmayıl Xətai Şeyx Əbdül Mahmudovun sözlərinə görə, filmin hazırlanması prosesində Azərbaycanın görkəmli alimləri və tarixçiləri iştirak ediblər: "Heydər Əliyev Azərbaycan kinosuna xüsusi önəm verir və onu xalqın tarixini gələcək nəsillərə çatdıran ən təsirli vasitələrdən biri hesab edirdi. Ümummilli liderin tez-tez xatırlatdığı “Azərbaycan kinosunun tarixi Azərbaycan xalqının tarixi salnaməsidir” fikri də məhz bu baxışın ifadəsi idi.Heydər Əliyev Şah İsmayıl Xətai filmini Azərbaycanın qədim dövlətçilik ənənələrinin dünyaya təqdim olunması üçün vacib vasitə hesab edirdi. Onun məqsədi ölkəyə gələn xarici nümayəndələrə və investor dairələrinə Azərbaycanın yalnız enerji resursları ilə deyil, həm də zəngin tarixi və dövlətçilik ənənələri ilə seçilən bir ölkə olduğunu göstərmək idi. Bu gün artıq 82 yaşım var. Həmin layihənin yenidən həyata qaytarılması üçün dövlət qurumlarına müraciət edir. Bu bəlkə də son arzumdur. Qeyd edim ki, filmin çəkilişində hər hansı şəxsi marağım da yoxdur, hətta layihəni dövlətə hədiyyə etməyə hazıram. Amma film çəkilsin, yarımçıq qalmasın. Bu, bizim dövlətçilik tariximizə, milli yaddaşımıza xidmət edən bir əsər olmalıdır”. Xalidə Gəray Geri dön |