Ana Sayfa > Siyasət > Ukraynanın yeni silahı: Rusiyanı cəbhədə yox, ...

Ukraynanın yeni silahı: Rusiyanı cəbhədə yox, ...


Bu gün, 13:30. Yazar: azer
Ukraynanın yeni silahı: Rusiyanı cəbhədə  yox, ...

Rusiyada yaranan yanacaq böhranı və neft emalı sektorunda müşahidə olunan problemlər artıq təkcə iqtisadi məsələ deyil, həm də müharibənin gedişinə təsir edən strateji amilə çevrilməkdədir. Ukraynanın son iki ildə sistemli şəkildə Rusiya neft emalı zavodlarını, yanacaq anbarlarını və logistika infrastrukturunu hədəfə alması Kremlin ən həssas nöqtələrindən birinə zərbə vurub. İndi vəziyyət o həddə çatıb ki, Rusiyanın öz enerji nəhəngi olan “Rosneft” rəhbəri İqor Seçin daxili bazarın sabitləşdirilməsi üçün fövqəladə tədbirlər təklif edir.

Müharibənin yeni cəbhəsi: enerji infrastrukturu

2022-ci ildə müharibənin ilk mərhələlərində əsas diqqət canlı qüvvə və hərbi texnikaya yönəlmişdisə, 2024-2026-cı illərdə Ukrayna strategiyasını dəyişərək Rusiyanın iqtisadi dayaqlarını vurmağa başladı. Neft emalı zavodlarına edilən hücumlar Moskvanın həm büdcə gəlirlərinə, həm də daxili yanacaq təminatına ciddi zərbə vurdu.

Rusiya dünyanın ən böyük neft ixracatçılarından biri olsa da, emal güclərinin zədələnməsi nəticəsində bu gün hasil etdiyi nefti tam həcmdə daxili bazar üçün benzin və dizel təminatını ödəmək gücündə deyil. Nəticədə ölkənin müxtəlif regionlarında yanacaq qıtlığı yaranır, qiymətlər artır, hökumət isə ixrac məhdudiyyətləri tətbiq etməyə məcbur qalır.
Ən diqqətçəkən məqam odur ki, artıq problem müstəqil ekspertlərin deyil, Kremlin rəsmilərinin dilindən səslənir. İqor Seçinin Putinə müraciəti göstərir ki, məsələ adi bazar dalğalanması deyil, milli təhlükəsizlik səviyyəsində qiymətləndirilən böhrandır.
Rusiya lideri Vladimir Putin isə öz nəvbəsində problemin həllini baş nazirin müavini Aleksandr Novaka "Rosneft" rəhbərinin təşəbbüslərini nəzərdən keçirməyi və hesabat hazırlamağı tapşırır.
Vaxt həqiqətən Moskvanın əleyhinə işləyirmi?
ABŞ-nin BMT-dəki nümayəndəsinin müavini Dan Negrea "zaman Moskvanın tərəfində deyil" deyərkən təkcə cəbhədəki itkiləri nəzərdə tutmurdu.
Rusiyanın əsas problemləri aşağıdakılardır: Hər ay on minlərlə hərbçinin itirilməsi; müdafiə xərclərinin rekord həddə çatması; mülki iqtisadiyyatın hərbiləşməsi; işçi qüvvəsi çatışmazlığı; inflyasiya və qiymət artımları; yanacaq və logistika problemləri.
Müharibə uzandıqca Rusiya iqtisadiyyatı "səfərbərlik iqtisadiyyatı" modelinə daha çox bağlanır. Bu model qısa müddətdə işləyə bilər, lakin uzunmüddətli perspektivdə istehsalın azalmasına, investisiyaların qaçmasına və əhalinin rifahının zəifləməsinə səbəb olur.

Yanacaq böhranı cəbhəyə necə təsir edə bilər?


Müharibədə yanacaq qan dövranı kimidir. Qırıcı təyyyarələr, tanklar, zirehli texnika, hərbi yük maşınları, artilleriya sistemləri və logistika xətləri fasiləsiz yanacaq tələb edir. Rusiyanın hərbi ehtiyatları böyük olsa da, daxili bazarda yanacaq qıtlığının yaranması və ixrac məhdudiyyətlərinin tətbiqi göstərir ki, sistem təzyiq altındadır. Bu, bir neçə istiqamətdə özünü göstərə bilər:

Birincisi, hərbi logistikanın maya dəyəri artır. İkincisi, mülki sektorla hərbi sektor arasında resurs rəqabəti güclənir. Üçüncüsü, regionlarda sosial narazılıq artır, çünki əhali gündəlik problemlərin yükünü hiss edir. Dördüncüsü, hökumət əlavə subsidiyalar ayırmağa məcbur olur ki, bu da büdcəyə əlavə təzyiq yaradır.
Hələlik bu amillər Rusiyanın cəbhədə dərhal çökməsinə səbəb olacaq səviyyədə görünmür. Lakin uzunmüddətli müharibədə məhz belə yığılan problemlər strateji üstünlüyü müəyyən edir.

Sosial-iqtisadi nəticələr

Rusiyada son illər nominal maaşların artmasına baxmayaraq, inflyasiya və qiymət bahalaşması əhalinin real gəlirlərini azaldır.
Yanacaq qiymətlərinin yüksəlməsi: ərzaq məhsullarının daşınma xərclərini artırır; kənd təsərrüfatı sektoruna əlavə yük yaradır; regionlararası ticarəti bahalaşdırır; nəqliyyat xidmətlərinin qiymətini yüksəldir. Nəticədə adi vətəndaşın gündəlik xərcləri artır.

Kremlin əsas üstünlüklərindən biri indiyə qədər əhalinin böyük hissəsinin müharibənin iqtisadi nəticələrini məhdud hiss etməsi idi. Lakin yanacaq böhranı kimi problemlər artıq insanların gündəlik həyatına birbaşa təsir göstərir.

Bu, Ukraynanın revanşına səbəb ola bilərmi?

Bu suala birmənalı "bəli" cavabı vermək çətindir. Çünki müharibələrin taleyi yalnız iqtisadi göstəricilərlə müəyyən edilmir. Cəbhədə canlı qüvvə, silah təminatı, texnologiya, hava üstünlüyü və siyasi iradə də həlledici rol oynayır. Lakin bir həqiqət var: Ukraynanın neft emalı zavodlarına qarşı kampaniyası Rusiyanın zəif nöqtəsini üzə çıxarıb. Əgər bu hücumlar davam edərsə və yanacaq çatışmazlığı dərinləşərsə, Kremlin hərbi əməliyyatları əvvəlki intensivlikdə davam etdirməsi daha çətin olacaq.

Bu isə Kiyevə yeni əks-hücum imkanları, müəyyən istiqamətlərdə taktiki üstünlük, Rusiyanın hücum potensialının zəifləməsi kimi fürsətlər yarada bilər.
Bu gün Ukrayna-Rusiya müharibəsində əsas mübarizə yalnız Donetsk, Luqansk və ya Zaporojye cəbhələrində getmir. Döyüş artıq zavodlarda, neft emalı müəssisələrində, logistika xətlərində və iqtisadi sistemlərin dayanıqlığı uğrunda aparılır.
Əgər əvvəllər Moskva enerji resurslarını geosiyasi silah kimi istifadə edirdisə, indi həmin enerji sektoru Ukraynanın hədəfinə çevrilib. Kremlin ən böyük üstünlüklərindən biri olan neft-qaz kompleksi getdikcə onun ən həssas nöqtəsinə çevrilir.

Məhz buna görə də ABŞ diplomatının səsləndirdiyi "vaxt Moskvanın tərəfində deyil" fikri təkcə siyasi bəyanat yox, həm də Rusiyanın qarşılaşdığı iqtisadi və hərbi reallıqların ifadəsi kimi qiymətləndirilə bilər. Müharibə uzandıqca tankların sayı deyil, iqtisadiyyatların dözümlülüyü qalibi müəyyənləşdirən əsas amillərdən birinə çevrilir.

Mürtəza Bünyadlı
Geri dön