Ana Sayfa > Özəl > 24 İyun 1993-cü il – Azərbaycanın xilasından yüksəlişə aparan tarixi dönüş nöqtəsi

24 İyun 1993-cü il – Azərbaycanın xilasından yüksəlişə aparan tarixi dönüş nöqtəsi


Bu gün, 12:45. Yazar: azer
24 İyun 1993-cü il – Azərbaycanın xilasından yüksəlişə aparan tarixi dönüş nöqtəsi

Azərbaycan xalqının müstəqillik tarixində elə günlər vardır ki, həmin tarixlər təkcə bir siyasi hadisə deyil, bütöv bir dövlətin taleyinin dəyişdiyi mərhələ kimi qiymətləndirilir. 24 iyun 1993-cü il məhz belə əlamətdar günlərdən biridir. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı və bununla da ölkəmizin müasir tarixində yeni mərhələnin əsası qoyuldu.
Bu günə gedən yol Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı ağır siyasi, iqtisadi və hərbi böhranlardan keçirdi. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi problemlərlə üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadi vəziyyət ağırlaşırdı. Hakimiyyət böhranı dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyət göstərməsi, mərkəzi hakimiyyətə tabe olmaması ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası yalnız böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli tələbi ilə Ulu Öndər 9 iyun 1993-cü ildə Bakıya gəldi. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Lakin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və siyasi sabitliyin bərpası istiqamətində daha mühüm addımlardan biri məhz 24 iyun 1993-cü ildə atıldı. Həmin gün Milli Məclisin qərarı ilə Heydər Əliyevə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək vəzifəsi həvalə olundu.
Bu qərar ölkədə yaranmış siyasi böhranın aradan qaldırılması üçün taleyüklü addım idi. Heydər Əliyevin dövlət rəhbərliyinə gəlməsi ilə Azərbaycan parçalanmaq təhlükəsindən xilas edildi. Dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Ölkədə qanunçuluğun təmin olunması, sabitliyin bərpası və dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün mühüm qərarlar qəbul edildi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına nail oldu. Sabitlik isə inkişafın əsas şərti idi. Məhz bu sabitlik nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, beynəlxalq aləmdə ölkəmizin mövqeləri gücləndi və iqtisadi islahatların həyata keçirilməsinə şərait yarandı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də milli ordunun formalaşdırılması oldu. Dağınıq silahlı dəstələrin əvəzinə vahid komandanlığa malik nizami ordu yaradıldı. Dövlətçilik prinsiplərinə əsaslanan ordu quruculuğu prosesi sonrakı illərdə daha da inkişaf etdirildi və nəticədə Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən birinə çevrildi. 1994-cü ilin sentyabrında imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan neft sazişi də məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu müqavilə Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu, ölkəmizə milyardlarla dollar investisiya cəlb edildi, enerji təhlükəsizliyi sahəsində yeni imkanlar yarandı və Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiya olundu.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını müəyyənləşdirdi. İnsan hüquq və azadlıqlarının qorunması, demokratik institutların formalaşdırılması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm addımlar atıldı. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində məhz 1993-cü ildə qəbul edilmiş taleyüklü qərarlar dayanır. Dövlət müstəqilliyinin qorunması, iqtisadi inkişafın təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq nüfuzun yüksəldilməsi və milli birliyin möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir.
Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha böyük nailiyyətlər qazanmasına imkan yaratdı. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı, ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyi tam təmin olundu. Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, mühüm enerji və nəqliyyat mərkəzi kimi tanınır. Bütün bunlar 24 iyun 1993-cü ildə başlanan yeni siyasi mərhələnin bəhrəsidir.
24 iyun 1993-cü il Azərbaycan tarixində sadəcə bir təqvim günü deyil. Bu tarix dövlətçiliyimizin xilasının, sabitliyin bərpasının, inkişafın və gələcək Zəfərlərin başlanğıcı kimi yaddaşlara həkk olunub. Həmin gün qəbul edilmiş qərar Azərbaycan xalqının taleyini dəyişdi, ölkəmizi böhrandan tərəqqiyə aparan yolun əsasını qoydu. Bu gün müstəqil, güclü, qalib və suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, onun dövlətçilik məktəbinin parlaq nəticəsidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.
Geri dön