Ana Sayfa > Siyasət > Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsi
Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsiBu gün, 12:01. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın səviyyəsi təkcə siyasi və iqtisadi maraqlarla deyil, həm də xalqları birləşdirən ortaq dəyərlərlə ölçülür. Azərbaycan və Türkmənistan münasibətləri də məhz belə bir təməl üzərində formalaşmışdır. Eyni tarixi köklərə, ortaq mədəniyyətə, dilə və mənəvi dəyərlərə malik olan iki qardaş xalq bu gün dövlətlərarası münasibətlərini daha da zənginləşdirərək, artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana son dövlət səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bu səfər yalnız diplomatik protokol çərçivəsində baş tutan növbəti görüş deyil, həm də Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Dövlət başçıları arasında keçirilən görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar göstərdi ki, Bakı ilə Aşqabad arasındakı münasibətlər biləvasitə, qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanır. Bu gün müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu təsadüfi deyil. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Ölkəmizin həm Şərq, həm də Qərb ilə uğurlu əməkdaşlıq modeli qurması, beynəlxalq təşəbbüslərdə fəal iştirakı bir etibarlı tərəfdaş kimi dost ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə imkan yaratmışdır. Türkmənistanla münasibətlərin son illərdə sürətlə inkişaf etməsi də məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir. Həyata keçirilən bu səfərin ən mühüm nəticələrindən biri də müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması oldu. İmzalanan sənədlər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına, nəqliyyat və logistika imkanlarının artırılmasına, humanitar və mədəni əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Bu sənədlər gələcək illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı üçün yeni hüquqi baza formalaşdırır və qarşılıqlı fəaliyyətin daha səmərəliliyinə xidmət edir. Bu səfər zamanı diqqət çəkən hadisələrdən biri də Azərbaycan tərəfindən Türkmənistan tərəfinə müasir tankerin hədiyyə olunması oldu. İlk baxışdan iqtisadi əməkdaşlıq nümunəsi kimi görünən bu addım əslində daha dərin siyasi və mənəvi məna daşıyır. Bu, iki qardaş ölkə arasında mövcud olan dostluğun, etimadın və qarşılıqlı dəstəyin növbəti təzahürü idi. Belə təşəbbüslər dövlətlərarası münasibətlərin sadəcə rəsmi bəyanatlar üzərində deyil, real əməkdaşlıq və səmimi tərəfdaşlıq prinsipləri əsasında qurulduğunu nümayiş etdirir. Azərbaycan və Türkmənistanın əməkdaşlığı həm də enerji və nəqliyyat sahələrində böyük perspektivlər vəd edir. Xəzər dənizinin iki sahilində yerləşən bu dövlətlər zəngin təbii ehtiyatlara və mühüm geostrateji mövqeyə malikdirlər. Son illərdə beynəlxalq nəqliyyat dəhlizlərinə marağın artması fonunda Bakı ilə Aşqabad arasında əməkdaşlıq daha da yüksəlmişdir. Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr regionun iqtisadi inkişafına mühüm töhfə verir. Bu gün dünya yeni geosiyasi və geoiqtisadi reallıqlarla üz-üzədir. Belə bir şəraitdə Azərbaycan və Türkmənistan kimi etibarlı tərəfdaşların birgə fəaliyyəti regional sabitliyin və iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Dövlət başçılarının görüşləri zamanı bu məsələlərə xüsusi diqqət yetirilməsi gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Türkmənistan Prezidentinin Qarabağa və Şərqi Zəngəzura səfəri bu dövlət səfərinin ən yaddaqalan məqamlarından biri oldu. İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü, iradəsini və inkişaf potensialını əyani şəkildə nümayiş etdirir. Bu gün Qarabağda yeni şəhərlər və kəndlər salınır, müasir yollar çəkilir, hava limanları tikilir, sosial infrastruktur formalaşdırılır. Qısa müddət ərzində görülən işlər beynəlxalq səviyyədə böyük maraq doğurur. Doğma Qarabağımıza edilən səfərin həm də böyük siyasi əhəmiyyəti var. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə yaranmış yeni reallıqların dost ölkələr tərəfindən yaxından izlənildiyini göstərir. Qardaş Türkmənistan nümayəndə heyətinin həmin ərazilərdə aparılan işlərlə tanış olması həm də Azərbaycanın əldə etdiyi tarixi Zəfərə və sonrakı quruculuq prosesinə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan və Türkmənistan arasında humanitar sahədə mövcud əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Təhsil, elm, mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr xalqlarımız arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Əsrlər boyu ortaq dəyərləri paylaşmış xalqlarımız bu gün də həmin ənənələri yaşadaraq gələcək nəsillərə ötürürlər. Son illərdə Türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsi regionda yeni inteqrasiya proseslərini formalaşdırır. Azərbaycan bu proseslərin fəal iştirakçısı və təşəbbüskarlarından biri kimi çıxış edir. Möhtərəm Prezident İlham Əliyevin Türk dünyasının həmrəyliyi istiqamətində irəli sürdüyü təşəbbüslər qardaş ölkələr arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edir. Əminliklə demək olar ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan və Türkmənistanı birləşdirən dəyərlər təkcə ortaq tarix və mədəniyyət deyil, həm də gələcəyə doğru yönəlmiş strateji maraqlardır. Qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsipləri üzərində qurulan bu münasibətlər gələcək illərdə daha da möhkəmlənəcək və regionun inkişafına mühüm töhfələr verəcəkdir. Ramil Qurbanov YAP Qazax rayon təşkilatının partiya veteranı Geri dön |