Ana Sayfa > Karusel / Özəl / Yazar6 / Gündəm > Dədə Qorquddan Məhtimqulu Fəraqiyə uzanan mənəvi körpülər

Dədə Qorquddan Məhtimqulu Fəraqiyə uzanan mənəvi körpülər


Bu gün, 11:10. Yazar: Semsi
Dədə Qorquddan Məhtimqulu Fəraqiyə uzanan mənəvi körpülər

Azərbaycan və Türkmənistan xalqlarının mədəniyyət coğrafiyası sadəcə dövlət sərhədləri ilə ölçülən fiziki məkandan ibarət deyil, bu coğrafiyanın təməli ruhun, dilin və qan yaddaşının əbədi xəritəsidir. Bu mənəvi xəritənin tən mərkəzində isə bütün Türk dünyasının, xüsusən də Xəzər dənizinin hər iki sahilində məskunlaşan Oğuz boylarının ortaq milli pasportu sayılan Kitabi-Dədə Qorqud dastanı dayanır. Dədə Qorqudun qopuzunun sədası həm Qarabağ düzlərində, Göyçə, Zəngəzur və Dərələyəz yaylaqlarında, həm də Kopetdağ ətəklərində, Qaraqum səhralarında əsrlər boyu eyni doğmalıqla əks-səda vermişdir. Dastanda adı keçən boylar, qəhrəmanlıq eposları, xalqın çətin anlarda nümayiş etdirdiyi mənəvi ucalıq hər iki xalqın milli xarakterinin formalaşmasında eyni dərəcədə rol oynamışdır. Qazan xanın, Bamsı Beyrəyin, Salur Qazanın şücaətləri əsrlər boyu həm Azərbaycan, həm də Türkmən elində dastan büsatlarında uşaqlara layla, gənclərə öyüd-nəsihət, qocalara isə müdriklik dərsi olmuşdur. Bu dastanlar sadəcə ədəbi irs deyil, onlar çətin tarixi sınaqlar dövründə xalqlarımızın öz soy-kökünü unutmamaq üçün sığındığı mənəvi qalalar idi. Kitabi-Dədə Qorqudla yanaşı, Koroğlu və ya türkmənlərin öz ana dilində səsləndirdiyi kimi Goroğlu dastanı da bu birliyin ən parlaq təzahürüdür. Koroğlunun nərəsi, onun ədalət axtarışı və azadlıq eşqi həm Tovuzda, Gəncədə, Şuşada, həm də Aşqabadda, Mərvdə və Daşoğuzda eyni xalq musiqisi ritmləri ilə, eyni saz və dutar sədaları altında yaşatılmışdır ki, bu da tarixin heç bir imperiya siyasətinin silə bilmədiyi ortaq genetik kodun bədii təzahürüdür.

Türkmən ədəbiyyatının mənəvi atası, bütöv bir xalqın milli kimliyini öz şeirləri ilə dövlət fəlsəfəsinə çevirən dahi mütəfəkkir Məhtimqulu Fəraqi, təkcə Türkmənistanın deyil, bütövlükdə Azərbaycan poeziyasının və elminin ən əziz simalarından biridir. Fəraqinin yaradıcılığı, özündən əvvəl gələn böyük Azərbaycan şairləri, dahi Nizami Gəncəvi, İmadəddin Nəsimi və Şah İsmayıl Xətai irsindən dərindən qidalanmış, bu irsi Orta Asiyanın qəlbinə daşımışdır. Məhtimqulu Fəraqinin şeirlərindəki hikmət, vətənpərvərlik, birliyə çağırış motivləri Azərbaycan klassik poeziyasının fəlsəfi xətti ilə tam vəhdət təşkil edir. O, parçalanmış türkmən boylarını bir bayraq altına yığmağa çağırarkən bir süfrədə qılınsa dövlət büsatı, yüksələr türkmənin bəxti, ruzigarı sətirlərini yazmışdır ki, bu misralar öz bədii və siyasi ruhu ilə Şah İsmayıl Xətainin bütöv və vahid Azərbaycan ideyası ilə birə-bir eynilik təşkil edir. Təsadüfi deyil ki, Azərbaycanda Məhtimqulu Fəraqi irsi hər zaman ən yüksək səviyyədə öyrənilmiş, onun əsərləri dönə-dönə nəşr olunmuş və elmi tədqiqatların mövzusu olmuşdur. Azərbaycanın görkəmli elm xadimləri Fəraqinin əlyazmalarını, onun divanını tədqiq edərək xalqlarımıza yenidən təqdim etmişlər. Dahi şairin 300 illik yubileyinin həm Türkmənistanda, həm də Azərbaycanda UNESCO səviyyəsində, dövlət proqramları çərçivəsində geniş şəkildə qeyd edilməsi bu ədəbi dostluğun ən müasir və möhtəşəm təzahürü idi və Fəraqi bu gün də öz yaradıcılığı ilə Xəzərin sularını mənən qovuşduran bir işıq fənəridir.

Azərbaycan dili ilə Türkmən dili arasındakı yaxınlıq, sadəcə linqvitik qohumluq deyil, bu, iki qardaşın əsrlər sonra belə bir-birini tərcüməçisiz, ürəkdən anlamasının ana dilidir. Hər iki dil Türk dilləri ailəsinin Oğuz qrupuna daxildir və Bakıdan olan bir ziyalı ilə Aşqabaddan olan bir ağsaqqal qarşı-qarşıya əyləşib söhbət edəndə, aradakı o kiçik ləhcə fərqləri bədii bir zənginliyə çevrilir, mənəvi birliyi daha da şirinləşdirir. Dillərimizdəki ortaq atalar sözləri, məsəllər, məişət leksikası eyni düşüncə tərzinin, eyni dünyaşünaslıq fəlsəfəsinin məhsuludur. Adət-ənənələrimizdəki eynilik isə özünü hər addımda büruzə verir, çünki ağsaqqalların xeyir-duası, gəlin gətirmə mərasimləri, elçilik adətlərindəki rituallar demək olar ki, tamamilə eynidir. Hər iki xalq üçün baharın gəlişi, təbiətin oyanışı müqəddəsdir və səməni cücərdilməsi, tonqalların qalanması, süfrələrin milli şirniyyatlarla bəzədilməsi, Novruz bayramı Xəzərin hər iki tərəfində eyni milli ruhla, eyni coşqu ilə qeyd olunur. Aş və ya plov mədəniyyəti, ət xörəklərinin hazırlanma üsulları, çay süfrəsi ətrafındakı qonaqpərvərlik ənənələri Azərbaycan və Türkmən evlərini eyniləşdirən mənəvi elementlərdir.




Mədəniyyətimizin ən qədim, ən vizual və fəlsəfi sahələrindən birini də xalçaçılıq sənəti təşkil edir. Xalça sadəcə bir məişət əşyası deyil, o, türkün tarixini, onun kosmoqonik dünya baxışını, sevgisini və dərdini ilmələrin dili ilə daşa deyil, yuna və ipəyə köçürdüyü canlı bir kitabdır. Azərbaycanın Təbriz, Qarabağ, Quba xalçalarındakı buta, həyat ağacı, əjdaha motivi, həndəsi və nəbati naxışlar kainatın sonsuzluğunu, odun müqəddəsliyini, qələbə və bolluq rəmzlərini təmsil edir. Türkmən xalçaçılıq məktəbinin Təkə, Yomud, Ersarı, Salor qruplarına aid göl adlanan milli naxışları, ciddi həndəsi nizamı, tünd qırmızı və şabalıdı rənglərin üstünlüyü isə boyların birliyini, mütəşəkkilliyi, səhranın dözümlülüyünü və türkmən dövlətçiliyinin rəmzini ifadə edir ki, bu naxışlar hətta Türkmənistanın dövlət bayrağında da əks olunub. Bu iki məktəb arasında mövcud olan naxış bənzərliyi, xüsusən də həndəsi elementlərin, mərkəzi medalyonların quruluşu çox qədim bir kökdən — Orta Asiya Oğuz xalça mədəniyyətindən xəbər verir və hər iki xalqın xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, bizim bu ortaq sərvətimizin bəşəri əhəmiyyətini bir daha sübut edir.

Cənab Prezident İlham Əliyevin 2026-cı il iyunun 22-də mətbuata bəyanatında xüsusi vurğuladığı kimi, bu gün bu qədim təməllər üzərində çox dinamik və canlı bir müasir mədəniyyət əməkdaşlığı qurulmuşdur. Dövlət başçısının qeyd etdiyi xronologiya və faktlar bu canlılığın ən bariz nümunəsidir, çünki 2026-cı il iyunun ilk günlərində Türkmənistanın həm paytaxtı Aşqabadda, həm də ən müasir memarlıq möcüzəsi olan Arkadağ şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Azərbaycanın teatr, musiqi, xalq rəqsləri kollektivləri, yazıçılar və rəssamlar öz sənətlərini qardaş türkmən xalqına təqdim etmişlər. Keçən il isə eyni coşqu və sevgi ilə Türkmənistanın tanınmış mədəniyyət və incəsənət xadimləri Azərbaycana gələrək həm paytaxt Bakıda, həm də dahi Nizami yurdu, qədim Gəncə şəhərində möhtəşəm çıxışlar etmiş, Türkmən Mədəniyyəti Günlərini bayrama çevirmişlər. Bu proseslər sadəcə rəsmi tədbirlər deyil, bu, iki ölkənin yaradıcı ziyalılarının, gənc nəsillərinin bir-biri ilə birbaşa ünsiyyətdə olması, ortaq layihələr qurması deməkdir. Xəzərin qərb qapısı Bakı ilə şərq qapısı Aşqabadın, eləcə də Türkmənistanın ən müasir ağıllı şəhər konsepsiyalı Arkadağı ilə Azərbaycanın küllərindən yenidən doğulan Füzulisinin qardaşlaşması isə bu mədəni axının gələcəkdə regional səviyyədə daha da genişlənəcəyinə təminat verir, çünki siyasət və iqtisadiyyat dövlətlərin bədəni, maddi gücü isə qollarıdırsa, mədəniyyət onların sarsılmaz ruhudur və Azərbaycan ilə Türkmənistan xalqları eyni ruhun iki müqəddəs daşıyıcısıdır.

Şəmsi Qoca


Geri dön