Ana Sayfa > Özəl > Günnüt zəfəri
Günnüt zəfəriBu gün, 16:37. Yazar: azer |
![]() Müstəqil Azərbaycanın ən mühüm nailiyyətlərindən biri güclü və peşəkar ordunun formalaşdırılmasıdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası nəticəsində Azərbaycan Silahlı Qüvvələri müasir dövrün çağırışlarına cavab verən qüdrətli hərbi gücə çevrilmişdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti, maddi-texniki bazası və peşəkarlıq səviyyəsi davamlı olaraq yüksəlmişdir. Bu inkişafın parlaq nümunələrindən biri də 2018-ci ilin may ayında qazanılmış Günnüt zəfəridir. Günnüt əməliyyatı Azərbaycan Ordusunun son illərdə əldə etdiyi ən mühüm hərbi uğurlardan biri hesab olunur. Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində həyata keçirilən uğurlu əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətə malik yüksəklikləri və geniş əraziləri nəzarətə götürərək bölgədə hərbi-strateji üstünlük əldə etdi. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan Ordusu öz torpaqlarını qorumağa və istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir. Əməliyyat nəticəsində ümumilikdə 11 min hektardan artıq ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Uzun illər ərzində düşmənin müşahidəsi altında olan Günnüt kəndi və ətraf ərazilər üzərində nəzarət bərpa edildi. Ordumuzun nəzarətə götürdüyü Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Mehridağ və digər strateji mövqelər Naxçıvanın müdafiə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi. Bu yüksəkliklərdən Ermənistan silahlı qüvvələrinin yerləşdiyi bir sıra hərbi obyektləri və kommunikasiya xətlərini müşahidə etmək mümkün oldu.Günnüt əməliyyatının ən mühüm nəticələrindən biri Ermənistan üçün strateji əhəmiyyət daşıyan Yerevan-Gorus-Laçın avtomobil yolunun müəyyən hissəsinin Azərbaycan Ordusunun müşahidə imkanları daxilinə düşməsi idi. Bu amil bölgədə qüvvələr nisbətini dəyişdirdi və Azərbaycan Ordusuna əlavə üstünlüklər qazandırdı. Hərbi ekspertlər həmin dövrdə bu əməliyyatı son illərin ən uğurlu taktiki və strateji addımlarından biri kimi qiymətləndirdilər.Günnüt zəfəri təsadüfi uğur deyildi. Bu qələbənin əsasında Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl ordu quruculuğu siyasəti dayanırdı. Son illərdə müdafiə xərclərinin artırılması, ordunun müasir silah və texnika ilə təmin edilməsi, hərbi hissələrin infrastrukturunun yenilənməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi öz real nəticəsini verdi. Azərbaycan əsgəri ən mürəkkəb relyef şəraitində belə qarşıya qoyulan vəzifələri yerinə yetirmək bacarığını nümayiş etdirdi.Əməliyyat zamanı istifadə olunan müasir kəşfiyyat vasitələri, koordinasiyalı idarəetmə sistemi və peşəkar hərbi hazırlıq ordumuzun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yüksək intizam və döyüş hazırlığı nümayiş etdirərək qısa müddətdə qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdilər. Bu isə ordumuzun gücünün yalnız silahlarla deyil, həm də peşəkar insan resursları ilə bağlı olduğunu sübut etdi.Günnüt zəfəri həm də böyük mənəvi-siyasi əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycan cəmiyyətində orduya olan inamı daha da artırdı, xalq ilə ordunun birliyini gücləndirdi. Azərbaycan vətəndaşları bir daha əmin oldular ki, ölkənin ərazi bütövlüyünü qorumağa qadir olan güclü ordu formalaşdırılmışdır. Eyni zamanda bu qələbə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamı daha da möhkəmləndirdi.Bir çox mütəxəssislər Günnüt əməliyyatını 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin mühüm xəbərçisi kimi qiymətləndirirlər. Çünki bu əməliyyat Azərbaycan Ordusunun taktiki imkanlarını, müasir hərb konsepsiyalarını mənimsədiyini və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. İki il sonra 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də məhz bu hazırlığın və güclü ordu quruculuğunun nəticəsi idi. Bu gün Günnüt zəfəri Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biri kimi qürurla xatırlanır. Həmin uğur dövlətimizin hərbi qüdrətinin, əsgər və zabitlərimizin peşəkarlığının, xalqımızın milli birliyinin təntənəsinə çevrilmişdir. Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində həyata keçirilən siyasət bundan sonra da davam etdiriləcək, ordumuz yeni uğurlara imza atacaqdır. Günnüt zəfəri isə bu şərəfli yolun mühüm mərhələlərindən biri kimi daim xatırlanacaqdır. Hacıyeva Ellada, YAP Qusar rayon təşkilatının fəalı Geri dön |