Ana Sayfa > Manşet / Siyasət > Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın uğurlu nümunəsidir

Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın uğurlu nümunəsidir


Bu gün, 16:33. Yazar: azer
Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın uğurlu nümunəsidir

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş dövlət arasında münasibətlərin inkişaf tarixində mühüm hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində aparılan müzakirələr, imzalanan sənədlər və mətbuata verilən bəyanat Azərbaycan-Türkmənistan əməkdaşlığının artıq ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində dövlət başçıları siyasi dialoq, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, humanitar əlaqələr və regional əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə ediblər.

Azərbaycan və Türkmənistan münasibətlərinin əsasını qarşılıqlı hörmət, etimad və qardaşlıq təşkil edir. Müstəqillik illərində formalaşmış siyasi dialoq son dövrdə daha intensiv xarakter alıb. İki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası komissiyanın fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdir. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Məhz bu amillər siyasi əməkdaşlığın daha da genişlənməsi üçün etibarlı zəmin yaradır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri dost dövlətlərin də diqqət mərkəzindədir. Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsü xüsusi siyasi və mənəvi məna daşıyır. Dövlətimizin başçısı bu təşəbbüsə görə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını bildirib. Bu layihə xalqlar arasında dostluğun və qarşılıqlı ehtiramın təntənəsidir. Qarabağın bərpasına verilən töhfə Azərbaycan-Türkmənistan münasibətlərinin humanitar ölçüsünü daha da gücləndirir.

Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə Türkmənistana təşəkkür edib. Coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, Azərbaycan həmin məkanla sıx tarixi, mədəni və iqtisadi əlaqələrə malikdir. Bu yanaşma son illərdə formalaşan yeni geosiyasi baxışın tərkib hissəsidir. Xəzər dənizi artıq yalnız coğrafi sərhəd deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan və Türkmənistan regional inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.

Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat marşrutları dövlətlərin geosiyasi çəkisini müəyyən edən əsas amillərdən birinə çevrilib. Bu baxımdan Azərbaycan və Türkmənistanın əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizi vasitəsilə Şərq-Qərb istiqamətində daşımaların artması, Orta Dəhlizin imkanlarının genişlənməsi və tranzit potensialının yüksəlməsi hər iki dövlət üçün yeni iqtisadi perspektivlər yaradır. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi: “Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.

Azərbaycan və Türkmənistan dünyanın zəngin enerji ehtiyatlarına malik dövlətləri sırasındadır. Son illər enerji sahəsində əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Xəzər hövzəsində həyata keçirilən birgə layihələr, enerji təhlükəsizliyi məsələləri və beynəlxalq bazarlara çıxış imkanları əməkdaşlığın perspektivlərini genişləndirir. Dövlət başçılarının görüşündə bu istiqamətdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində formalaşan tərəfdaşlıq yalnız iqtisadi maraqlara deyil, həm də regional sabitliyə və beynəlxalq enerji təhlükəsizliyinə xidmət edir.

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan arasında birgə bəyanat imzalanıb, həmçinin gömrük sahəsində əməkdaşlıq, statistik məlumat mübadiləsi və yükdaşımaların səmərəliliyinin artırılmasına dair mühüm sənədlər qəbul olunub. Bu sənədlər iki dövlət arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsinə və praktiki əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Sənədlərin mahiyyəti təsdiqləyir ki, tərəflər əməkdaşlığı yalnız siyasi bəyanatlarla deyil, konkret mexanizmlərlə möhkəmləndirmək niyyətindədirlər.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı bütövlükdə türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir. Ortaq tarix, dil və mədəniyyət amilləri dövlətlər arasında yaxınlaşmanı sürətləndirir. Son illərdə türk dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının genişlənməsi fonunda rəsmi Bakı ilə Aşqabad arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkmənistan münasibətləri yeni strateji mərhələyə daxil olub. Siyasi dialoq, nəqliyyat-logistika layihələri, enerji əməkdaşlığı, humanitar əlaqələr və beynəlxalq platformalarda qarşılıqlı dəstək iki qardaş dövlətin əməkdaşlığını daha da gücləndirir. Qarşıdakı illərdə iki dost ölkənin tərəfdaşlığı regionun geosiyasi və geoiqtisadi inkişafında mühüm rol oynamaqda davam edəcəkdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Geri dön