Ana Sayfa > Manşet / Siyasət > Qardaşlıq ənənələri fonunda strateji tərəfdaşlıq nümunəsi

Qardaşlıq ənənələri fonunda strateji tərəfdaşlıq nümunəsi


Bu gün, 15:30. Yazar: azer
Qardaşlıq ənənələri fonunda strateji tərəfdaşlıq nümunəsi

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan-Türkmənistan əlaqələrinin yeni məzmun qazanaraq daha geniş strateji əməkdaşlıq mərhələsinə daxil olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycan və Türkmənistan təkcə ortaq tarixə, dilə və mədəniyyətə malik qardaş xalqlar deyil, həm də regionun siyasi-iqtisadi və nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynayan tərəfdaş dövlətlərdir. Son illərdə ikitərəfli münasibətlərin dinamik inkişafı Xəzər regionunda sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və türk dünyasının əməkdaşlıq imkanlarının artmasına mühüm töhfə verir.

Azərbaycan-Türkmənistan münasibətlərinin əsasını ortaq etnik köklər, tarixi bağlılıq və mənəvi yaxınlıq təşkil edir. İki xalq əsrlər boyu eyni mədəni coğrafiyanın ayrılmaz hissəsi kimi formalaşıb. Məhz bu amillər dövlətlərarası əlaqələrin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, yaradıcı kollektivlərin səfərləri, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsi xalqlar arasında dostluq münasibətlərinin daha da güclənməsinə xidmət edir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın qardaşlaşmış şəhərlər elan olunması iki dövlət arasında humanitar əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərən mühüm addımlardandır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri dost və qardaş dövlətlərin də diqqət mərkəzindədir. Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında həmin təşəbbüsə görə Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını ifadə edərək bunu Türkmənistan xalqının Azərbaycana səmimi münasibətinin bariz nümunəsi kimi dəyərləndirib. Bu layihə təkcə dini abidənin tikintisi deyil, həm də iki xalq arasında qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmət və həmrəyliyin təntənəsidir. Qarabağın yenidən qurulmasına göstərilən dəstək Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi önəmin göstəricisidir.

Azərbaycan və Türkmənistan arasında siyasi münasibətlər yüksək etimad səviyyəsi ilə xarakterizə olunur. Dövlət başçılarının müntəzəm görüşləri, hökumətlərarası komissiyanın fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əlaqələrin strateji xarakterini daha da gücləndirir. Türkmənistanın Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu iştirakına verdiyi dəstək xüsusi diqqətə layiqdir. Bu hadisə yalnız siyasi deyil, həm də geostrateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu gün Xəzər hövzəsi ətrafında formalaşan yeni əməkdaşlıq mühiti Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır. Azərbaycan bu prosesdə mühüm körpü rolunu oynayır və Türkmənistanla əməkdaşlıq həmin missiyanın həyata keçirilməsində xüsusi yer tutur.

Müasir dövrdə nəqliyyat dəhlizləri dövlətlərin iqtisadi gücünü və geosiyasi əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Azərbaycan və Türkmənistan bu baxımdan böyük potensiala malikdir. Xəzər dənizi vasitəsilə həyata keçirilən yükdaşımalar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Dəniz Limanı regionun nəqliyyat sistemində mühüm rol oynayır. Hər iki dövlət Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin inkişafına böyük önəm verir. Bu gün dünyada təhlükəsiz və etibarlı nəqliyyat marşrutları xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti nəticəsində regiondan keçən yük axınlarının həcmi artır, yeni tranzit imkanları yaranır və beynəlxalq ticarət əlaqələri genişlənir. Bu əməkdaşlıq yalnız iki dövlətin iqtisadi maraqlarına xidmət etmir, eyni zamanda Avropa ilə Asiya arasında etibarlı nəqliyyat körpüsünün formalaşmasına töhfə verir.

Azərbaycan və Türkmənistan zəngin enerji resurslarına malik dövlətlər kimi enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. Xəzər hövzəsinin enerji potensialı hər iki ölkənin iqtisadi inkişafında mühüm yer tutur. Son illərdə enerji sahəsində əməkdaşlığın genişlənməsi tərəflərin strateji maraqlarının üst-üstə düşdüyünün göstəricisidir. Təbii qaz ehtiyatlarının səmərəli istifadəsi, enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni layihələrin həyata keçirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyev qeyd edib: “Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.

Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Bu sənədlər iqtisadiyyat, nəqliyyat, logistika, gömrük işi, humanitar əlaqələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İmzalanmış razılaşmalar tərəflərin münasibətləri yalnız siyasi dialoq səviyyəsində deyil, konkret layihələr və institusional mexanizmlər vasitəsilə inkişaf etdirmək niyyətində olduğunu nümayiş etdirir.

Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafı bütövlükdə türk dünyasının birliyinə və əməkdaşlığına mühüm töhfə verir. Son illərdə türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi fonunda rəsmi Bakı ilə Aşqabad arasında münasibətlərin genişlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq ortaq tarixə və mədəniyyətə əsaslanmaqla yanaşı, müasir dövrün çağırışlarına cavab verən iqtisadi və siyasi tərəfdaşlıq modeli kimi də diqqət çəkir.

Bu gün Azərbaycan-Türkmənistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq nümunəsi deyil, həm də Xəzər regionunda, Mərkəzi Asiyada və türk dünyasında qarşılıqlı etimadın, dostluğun və ortaq inkişafın uğurlu modeli kimi çıxış edir. Səfər çərçivəsində əldə olunan razılaşmalar və müəyyənləşdirilən yeni hədəflər bu strateji tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön