Ana Sayfa > Özəl > Tehranın gecikmiş etirafı: Ermənistanın əsl oyunu üzə çıxır

Tehranın gecikmiş etirafı: Ermənistanın əsl oyunu üzə çıxır


Dünən, 22:03. Yazar: vasif
Tehranın gecikmiş etirafı: Ermənistanın əsl oyunu üzə çıxır




Cənubi Qafqazda geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə İran rəsmilərinin son açıqlamaları diqqət mərkəzinə çevrilib. Uzun illər ərzində regiona kənar qüvvələrin gətirilməsi ilə bağlı ittihamlarını əsasən Azərbaycanın ünvanına yönəldən Tehran indi fərqli reallıqla üz-üzə qalıb. İranın ali rəhbərinin hərbi müşaviri Yəhya Rəhim Səfəvinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər və vitse-prezident Məhəmməd Rza Müsavinin TRİPP layihəsinə dair narahatlığı göstərir ki, İran siyasi dairələri Ermənistanın geosiyasi kursunu daha yaxından qiymətləndirməyə başlayıblar.

Əslində Ermənistanın Qərblə, xüsusilə ABŞ və Avropa strukturları ilə hərbi-siyasi əməkdaşlığını genişləndirməsi yeni proses deyil. Son illərdə İrəvanın müxtəlif beynəlxalq platformalar vasitəsilə regiona xarici gücləri cəlb etmək cəhdləri açıq şəkildə müşahidə olunurdu. Buna baxmayaraq, İran uzun müddət bu reallığı görməzlikdən gəldi və əsas tənqid hədəfi kimi Azərbaycanı seçdi. Halbuki Bakı dəfələrlə bəyan edib ki, onun region ölkələrinə qarşı ərazi və ya hərbi iddiası yoxdur və həyata keçirdiyi layihələr yalnız iqtisadi və nəqliyyat əməkdaşlığına xidmət edir.

Zəngəzur dəhlizi ətrafında yaranan müzakirələr zamanı da İranın mövqeyi kifayət qədər sərt olmuşdu. Tehran bu layihəni müxtəlif adlarla təqdim etməyə çalışaraq onu region üçün təhlükə kimi göstərirdi. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi isə çox zaman nəzərə alınmırdı. Bunun fonunda regiona xarici müdaxilə barədə ittihamlar səsləndirilir, Bakı əsassız şəkildə hədəfə çevrilirdi.

Lakin son illərdə Ermənistanın atdığı addımlar vəziyyətə yeni baxış formalaşdırmağa başlayıb. ABŞ və Avropa İttifaqının İrəvanla əlaqələrinin genişlənməsi, müxtəlif təhlükəsizlik və iqtisadi layihələrin gündəmə gətirilməsi artıq İranın özündə də narahatlıq doğurur. Tehran anlayır ki, bölgədə geosiyasi balansın dəyişməsinə səbəb olan əsas amillərdən biri məhz Ermənistanın seçdiyi xarici siyasət kursudur.

Bu baxımdan İran rəsmilərinin son açıqlamaları müəyyən mənada gecikmiş etiraf təsiri bağışlayır. Çünki Ermənistanın xarici gücləri regiona cəlb etməyə çalışdığı barədə deyilənlər uzun müddətdir səsləndirilirdi. Sadəcə olaraq, həmin dövrdə bu fikirlər ya diqqətdən kənarda qalır, ya da siyasi səbəblərlə qəbul edilmirdi. İndi isə reallıqların dəyişməsi ilə yanaşı, yanaşmalar da dəyişməyə başlayır.

Xüsusilə İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaninin illərlə Zəngəzur dəhlizi əleyhinə səsləndirdiyi bəyanatlar fonunda bugünkü vəziyyət daha diqqətçəkici görünür. Vaxtilə Azərbaycanın ünvanına yönələn ittihamların əksinə olaraq, indi Ermənistanın Qərblə inteqrasiyası və xarici təsirlərin artması barədə məhz İran daxilində narahatlıq ifadə edilir.

Müşahidə olunan proseslər göstərir ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşır. Bu reallıqlar fonunda Tehran regiondakı hadisələrə daha praqmatik yanaşmağa məcbur qalır. Ermənistanın illərdir yürüdüyü siyasətin nəticələrinin artıq İranın öz maraqlarına toxunması isə bu dəyişikliklərin əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Beləliklə, İranın son açıqlamaları təkcə regional layihələrə münasibətin dəyişməsi deyil, həm də uzun müddət gözardı edilən həqiqətlərin etirafı kimi dəyərləndirilə bilər. Regionda baş verən hadisələr göstərir ki, geosiyasi oyunçuların niyyətləri zaman keçdikcə daha aydın görünür və bu gün Tehran da həmin reallıqlarla üzləşmək məcburiyyətində qalıb.

Geri dön