Ana Sayfa > Manşet / Siyasət > İkitərəfli münasibətlər daha da yüksələcək

İkitərəfli münasibətlər daha da yüksələcək


Bu gün, 14:19. Yazar: azer
İkitərəfli münasibətlər daha da yüksələcək

Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. Bu münasibətlər həm dünyəvi dövlətlər kimi, həm də türkdilli dövlətlər kimi inkişaf etdirilib. 34 il müddətində ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələr həm mahiyyət baxımından, həm də məzmun baxımından inkişaf etdirilib. 2017-ci ildə Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Bu sənəd Azərbaycan-Türkmənistan münasibətlərinin daha da inkişaf etdirilməsində əhəmiyyətli oldu.
Azərbaycan Ordusu mahiyyəti baxımından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, torpaqlarını işğaldan azad etdi. 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Hər iki qələbə Azərbaycanın dünyəvi nüfuzunu daha da yüksəltdi. Dünyanın bəşəri dövlətlərinin Azərbaycana olan siyasi ehtiramı da yüksəldi. Bu ehtiram Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinin uğurla davam etdirilməsində mənəvi stimul da oldu, həmin dövlətlərin bu tarixi prosesdə iştirakına da zəmin yaratdı...

Dövlətlərarası siyasi münasibətlər mənəvi münasibətlər müstəvisinə keçirildi. Türkdilli dövlətlərin işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etməsi Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərə ehtiramın nəticəsidir. Bu tezislər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar
Berdiməhəmmədovun 2026-cı il iyunun 22-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda da xatırladıldı. Bu tarixi prosesdə Türkmənistan da iştirak edir.

Mətbuata bəyanatında Aşqabadda, Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildiyini, Bakı ilə Aşqabadın, Arkadağ ilə Füzulinin qardaş şəhərlər olduğunu, keçən il Tükmənistanın mədəniyyət xadimlərinin Bakıda və Gəncədə keçirilən Mədəniyyət Günlərində iştirakını, nəqliyyat-logistika sahəsində əməkdaşlığın geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malik olduğunu da xatırladan dövlət başçımız dedi: “...bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq”.

Tükmənistan Prezidentinin ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdüyünü, indi tikintinin başladığını da bildirən Azərbaycan Respublikasının Prezidenti qətiyyətlə və qürurla dedi ki, bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir...
Azərbaycan da, Türkmənistan da zəngin təbii sərvətlərə malikdir. Dünyanın əksər dövlətləri bu iki dövlətin iqtisadi potensialını ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində yüksək dəyərləndirir. Bu baxımdan siyasi dəstək iqtisadi dəstəklə tamamlananda tərəflərin hər ikisi üçün yüksək inkişaf şəraiti yaranır. Dövlət başçımız bu baxımdan qeyd etdi ki, “biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.

Bu dövlət səfəri zamanı imzalanan sənədlər Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinin göstəriciləridir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Geri dön