Ana Sayfa > Siyasət > Türk dünyasının birliyini gücləndirən strateji tərəfdaşlıq
Türk dünyasının birliyini gücləndirən strateji tərəfdaşlıqBu gün, 13:46. Yazar: azer |
![]() Azərbaycan ilə Türkmənistan arasında münasibətlər təkcə dövlətlərarası əməkdaşlıq nümunəsi deyil. Bu münasibətlər əsrlərin sınağından çıxmış ortaq tarixə, eyni kökdən gələn mənəvi dəyərlərə, dil və mədəniyyət yaxınlığına söykənən qardaşlıq modelidir. Cənab Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat da məhz bu həqiqətin növbəti təsdiqi kimi yadda qaldı. Dövlət başçısının səsləndirdiyi fikirlərdən aydın görünür ki, Bakı ilə Aşqabad arasında münasibətlər bu gün yeni strateji mərhələyə qədəm qoyur. Bu münasibətlərin əsasını isə siyasi etimad, qarşılıqlı hörmət və qardaşlıq təşkil edir. Cənab Prezident İlham Əliyevin xüsusi vurğuladığı məsələlərdən biri Qarabağın bərpasında Türkmənistanın göstərdiyi mənəvi dəstək oldu. Dövlət başçısı çıxışında Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədova xüsusi təşəkkürünü ifadə edərək qeyd etdi ki, ötən il Azərbaycana səfəri zamanı onun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinə başlanılıb. Bu təşəbbüs adi humanitar layihə deyil. Bu, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən böyük qayıdış prosesinə qardaş xalqın mənəvi dəstəyinin ifadəsidir. Qarabağda ucalacaq həmin məscid Azərbaycan-Türkmənistan dostluğunun, türk dünyasının birliyinin və ortaq mənəvi köklərin rəmzinə çevriləcək. Əslində Füzulidə tikilən məscid təkcə dini abidə deyil. O, qardaşlıq münasibətlərinin daşlaşmış salnaməsidir. Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir və cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, bunu Türkmənistan dövlətinin və bütün türkmən xalqının Azərbaycana olan səmimi münasibətinin təzahürü kimi qəbul edir. Bu gün Azərbaycan və Türkmənistan münasibətlərinin gücü təkcə siyasi dialoqla ölçülmür. Dövlət başçısının qeyd etdiyi kimi, münasibətlərimizin təməlində tarixi bağlar, mədəni əlaqələr və mənəvi yaxınlıq dayanır. Son illər keçirilən qarşılıqlı Mədəniyyət Günləri, yaradıcı kollektivlərin səfərləri, humanitar layihələr və şəhərlər arasında qardaşlaşma proqramları bu münasibətlərin nə qədər dərin köklərə malik olduğunu göstərir. Bakı ilə Aşqabadın, Füzuli ilə Arkadağın qardaş şəhərlər elan edilməsi də məhz ortaq mənəvi məkanın formalaşmasına xidmət edir. Bu hadisələr bir daha sübut edir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər sırf diplomatik çərçivədən çıxaraq xalqların bir-birinə yaxınlaşmasının nümunəsinə çevrilib. Səfər zamanı imzalanan sənədlər isə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi yol xəritəsidir. Müxtəlif sahələri əhatə edən razılaşmalar iqtisadiyyat, nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq və regional inteqrasiyanın daha da dərinləşdirilməsinə xidmət edəcək. Bu sənədlər təsdiq edir ki, Azərbaycan-Türkmənistan əməkdaşlığı artıq yalnız mövcud layihələrin davam etdirilməsi deyil, yeni təşəbbüslərin həyata keçirilməsi mərhələsinə daxil olur. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, verilən tapşırıqların yaxın vaxtlarda konkret layihələrə çevrilməsi gözlənilir. Bəyanatın mühüm məqamlarından biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qismində qoşulmasına Türkmənistanın verdiyi dəstəyə dair səsləndirilən fikirlər oldu. Bu hadisə əslində Azərbaycanın geosiyasi mövqeyinin güclənməsinin və türk dünyasında inteqrasiya proseslərinin yeni mərhələyə keçməsinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni və iqtisadi baxımdan bu məkanın ayrılmaz hissəsidir. Türkmənistanın bu məsələdə göstərdiyi prinsipial dəstək iki ölkə arasındakı strateji tərəfdaşlığın növbəti nümunəsidir. Mətbuata bəyanatda xüsusi yer tutan mövzulardan biri də nəqliyyat-logistika əməkdaşlığı oldu. Dövlət başçısı tam haqlı olaraq bildirdi ki, siyasi qarşılıqlı fəaliyyət olmasaydı, mövcud coğrafi imkanlardan bu qədər səmərəli istifadə etmək mümkün olmazdı. Bu gün Xəzər hövzəsi ətrafında formalaşan yeni nəqliyyat marşrutları Azərbaycan və Türkmənistanı Avrasiya məkanının mühüm tranzit mərkəzlərinə çevirir. Şərq-Qərb və Orta Dəhliz layihələrinin inkişafında hər iki ölkənin oynadığı rol artıq beynəlxalq səviyyədə qəbul edilir. Məhz qarşılıqlı etimad sayəsində Bakı və Aşqabad regional logistikanın əsas dayaqlarından birinə çevrilir. Bu isə yalnız iki ölkənin deyil, bütövlükdə geniş regionun iqtisadi təhlükəsizliyinə xidmət edir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Türkmənistanın inkişaf modelinə verilən yüksək qiymət oldu. Dövlət başçısı qardaş ölkənin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri xüsusi qeyd etdi və Türkmənistan rəhbərliyini təbrik etdi. Bu fikirlər sadəcə diplomatik nəzakət deyil. Azərbaycan həqiqətən də Türkmənistanın beynəlxalq nüfuzunun artmasını, iqtisadi inkişafını və dünyada dəstəklənən neytrallıq siyasətini yüksək qiymətləndirir. Cənab Prezident İlham Əliyevin söylədiyi "Biz dostlarınız və qardaşlarınız olaraq Türkmənistanın beynəlxalq uğurlarına sevinirik" fikri iki xalq arasında münasibətlərin mahiyyətini ən dəqiq ifadə edən cümlələrdən biridir. Çünki bu münasibətlər rəqabət üzərində deyil, qarşılıqlı sevinc, dəstək və həmrəylik üzərində qurulub. Bu gün Azərbaycan-Türkmənistan əlaqələri türk dünyasının birləşdirici gücünün parlaq nümunəsinə çevrilib. Qarabağda tikilən məsciddən tutmuş Mərkəzi Asiyaya uzanan yeni nəqliyyat dəhlizlərinə qədər bütün layihələr ortaq gələcəyin konturlarını formalaşdırır. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərdi ki, Bakı ilə Aşqabad arasında münasibətlər möhkəm təməllər üzərində qurulub və gələcəyə doğru inamla inkişaf edir. Bu münasibətlərin mərkəzində isə siyasi maraqlardan daha üstün bir dəyər dayanır ki, bu da qardaşlıqdır. Məhz buna görə Azərbaycan-Türkmənistan dostluğu təkcə iki dövlətin əməkdaşlığı deyil, bütöv türk dünyasının birlik və həmrəylik idealının canlı təcəssümüdür. Bu birlik Qarabağın bərpasında da, regional layihələrin həyata keçirilməsində də, gələcək nəsillərə ötürüləcək mənəvi irsin qorunmasında da özünü göstərməkdə davam edəcək. Anar Abbasov, YAP Nərimanov rayon təşkilatının sədr müavini. Geri dön |