Ana Sayfa > Siyasət > Azərbaycan və Türkmənistan münasibətlərinin yeni geosiyasi memarlığı

Azərbaycan və Türkmənistan münasibətlərinin yeni geosiyasi memarlığı


Bu gün, 12:28. Yazar: azer
Azərbaycan və Türkmənistan münasibətlərinin yeni geosiyasi memarlığı

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulduğu 9 iyun 1992-ci il tarixindən bəri keçən dövr, iki qardaş dövlətin ortaq soy-kök, dil, din və zəngin mədəni təməllər üzərində sarsılmaz bir ittifaq qurduğunu nümayiş etdirir. Müasir dövrdə bu əlaqələr sadəcə mehriban qonşuluq müstəvisini aşaraq, regional sabitliyin, təhlükəsizliyin və geoiqtisadi inteqrasiyanın onurğa sütununa çevrilmiş, keyfiyyətcə yeni — strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyun 2026-cı il tarixində Azərbaycana reallaşan rəsmi səfəri və Bakıda keçirilən ali səviyyəli görüşlər bu sarsılmaz ittifaqın ən parlaq tarixi səhifələrindən birini yazdı. Cənab Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi, eləcə də Türkmənistanın Ümummilli Lideri Arkadağ Qurbanqulu Berdiməhəmmədovun uzaqgörən xətti bu çoxşaxəli əməkdaşlığın davamlı inkişafını təmin edir.
İki ölkə arasındakı yüksək səviyyəli siyasi etimad regional miqyasda tarixi geostrateji yeniliklərə yol açır. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiya regionunun daxilində yerləşməsə də, Türkmənistanın fəal və qətiyyətli dəstəyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Azərbaycan Lideri bu məsələdə türkmən tərəfinin rolunu yüksək qiymətləndirərək bildirmişdir:

"Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram". Bu tarixi addım Xəzərin hər iki sahilini ortaq maraqlar ətrafında birləşdirərək Böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda, Bakı və Aşqabad regional platformalarla yanaşı, BMT, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində də bir-birinin milli maraqlarını və beynəlxalq təşəbbüslərini fəal şəkildə dəstəkləyirlər Bu çərçivədə rəsmi Bakı Türkmənistanın beynəlxalq arenadakı çəkisini rəğbətlə izləyir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik".
İqtisadi müstəvidə iki dövlət geniş faydalı qazıntı və nəhəng enerji ehtiyatlarını vahid sinerjidə birləşdirmək niyyətindədir. 2021-ci ildə Xəzər dənizində uzun illər müzakirə mövzu olan "Dostluq" karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənilməsinə dair memorandumun imzalanması Xəzərin bir sülh və əməkdaşlıq dənizinə çevrilməsində dönüş nöqtəsi oldu. Bu əməkdaşlıq kontekstində, dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrindən olan

Türkmənistanın təbii qazının Azərbaycanın mövcud infrastruktur imkanları, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə regional və Avropa bazarlarına nəql edilməsi strateji tərəfdaşlığın ən mühüm hədəflərindəndir. Səfər zamanı iki ölkə arasında imzalanmış və yenilənmiş hökumətlərarası sənədlər paketi bu hüquqi bazanı daha da möhkəmləndirdi. Bakı danışıqlarının praktiki nəticələrini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulamışdır: "Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik".

Müasir qlobal təchizat zəncirində təhlükəsiz marşrutlara tələbatın artdığı bir dövrdə Azərbaycan və Türkmənistan logistika sahəsində qlobal mərkəz qismində çıxış edir. Bakı (Ələt) Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında fəaliyyət göstərən bərə və kotirovka əlaqələri "Orta Dəhliz"in (Şərq-Qərb nəqliyyat marşrutu) ən etibarlı hissəsini təşkil edir. Dövlət Başçısı mətbuata bəyanatında nəqliyyat-logistika layihələrini siyasi etimaddan təcrid olunmuş şəkildə nəzərdən keçirməyin qeyri-mümkün olduğunu diqqətə çatdıraraq bəyan etmişdir: "Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik".

Azərbaycan-Türkmənistan ittifaqının mənəvi tərəfi isə xalqların sarsılmaz qardaşlıq bağlarından qidalanır. Paytaxtlar Bakı və Aşqabadla yanaşı, Türkmənistanın yeni salınmış modern "ağıllı" şəhəri Arkadağ ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhəri qardaşlaşmış şəhərlər elan olunub. Bu qardaşlığın və mənəvi dəstəyin ən ali təzahürü olaraq, Türkmənistan tərəfindən Qarabağın bərpası prosesinə töhfə kimi Füzuli şəhərində böyük bir məscidin inşasına başlanılmışdır. Prezident İlham Əliyev bu tarixi addıma görə ali qonağın ailəsinə və türkmən xalqına olan xüsusi minnətdarlığını bu sözlərlə ifadə etmişdir: "Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi".
Qarşılıqlı şəkildə təşkil edilən mədəniyyət günləri və yaradıcı kollektivlərin çıxışları isə xalqlarımızın ortaq tarixi irsini gələcək nəsillərə ötürür. Sonda qeyd etmək olar ki, Sərdar Berdiməhəmmədovun 2026-cı il Bakı səfəri çərçivəsində əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan və Türkmənistan arasındakı çoxtərəfli və strateji münasibətlər təkcə bu iki dövlətin rifahına deyil, bütövlükdə Avrasiya məkanında dayanıqlı iqtisadi tərəfdaşlığa, regional təhlükəsizliyə və sülhə xidmət edir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini


Geri dön