Ana Sayfa > Siyasət > Türkmənistanın Orta Asiya regionundakı strateji mövqeyi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır

Türkmənistanın Orta Asiya regionundakı strateji mövqeyi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır


Bu gün, 12:06. Yazar: azer
Türkmənistanın Orta Asiya regionundakı strateji mövqeyi Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır

Mərkəzi Asiyanın mühüm respublikalarından biri olan Türkmənistanla Azərbaycan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Təkcə tarix, mədəniyyət, etnik və dil baxımından deyil, eyni zamanda siyasi və iqtisadi əlaqələr kontekstində bir-birinə yaxın olan bu iki ölkə qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlara əsaslanan əməkdaşlıq modeli formalaşdırıb. Bakı ilə Aşqabad arasında əlaqələr, demək olar ki, ölkələrarası münasibətlərdən önə çıxaraq artıq strateji tərəfdaşlıq xarakteri daşıyır. Elə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri fonunda bunu aydın görmək mümkündür. Hər şeydən əvvəl, əminliklə demək olar ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri Bakı ilə Aşqabad arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlı olub. Hər iki xalq Türk dünyasının ayrılmaz hissəsidir. Hər iki xalqın mədəniyyətinin, tarixinin və adət-ənənələrinin qarşılıqlı olaraq tanıdılması istiqamətində atılan addımlar ölkələri bir-birinə daha sıx tellərlə bağlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının türkmənistanlı həmkarı ilə keçirdiyi görüşdə dediyi kimi, biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik: “Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər”. Dövlət başçısının qeyd etdiyi kimi, bütün bunlar bizim birliyimizin nümayişidir.

Azərbaycanla Türkmənistan beynəlxalq təşkilatlar daxilində də səmərəli və bir-birinin prinsipial mövqeyinə hörmət prinsipi əsasında əməkdaşlıq edir. Bakı və Aşqabadın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı isə ümumilikdə Türk dünyasında əməkdaşlığın güclənməsinə, ortaq maraqlar əsasında əlaqələrin genişləndirilməsinə xidmət edir. Təsadüfi deyil ki, son illərdə türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi fonunda Bakı ilə Aşqabad arasındakı əlaqələr yeni məzmun qazanıb. Bu baxımdan Serdar Berdiməhəmmədovun Azərbaycana səfəri türk dünyasında həmrəyliyin gücləndirilməsi, iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm hadisə kimi qiymətləndirilə bilər.

Azərbaycanın region ölkələri, xüsusilə də Türkmənistanla daha bir səmərəli və çoxtərəfli əməkdaşlığı Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurası çərçivəsində qurulub. Cənubi Qafqaz regionu ölkəsi olmasına baxmayaraq, Azərbaycana Mərkəzi Asiyada böyük maraq və diqqət var. Bakının sözügedən Məşvərət Şurasına tamhüquqlu üzv olması da məhz Azərbaycana Mərkəzi Asiyada olan maraqdan irəli gəlirdi. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də türkmənistanlı həmkarı ilə görüşdə bir daha bu məsələyə toxunaraq ölkəmizin Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsini tarixi hadisə kimi dəyərləndirdi:

“Çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq”.

Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın vacib elementlərindən birini də enerji, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlıq təşkil edir. Xüsusilə də Xəzər dənizində enerji əməkdaşlığının genişlənməsi ikitərəfli münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib.

Enerji sahəsində əməkdaşlıq yalnız neft və qaz hasilatı ilə məhdudlaşmır. Yaşıl enerji, bərpaolunan enerji mənbələri və enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyət imkanları da gündəmdədir.

Nəqliyyat-kommunikasiya əlaqələri baxımından Orta Dəhliz Azərbaycan-Türkmənistan əməkdaşlığında mühüm qovşaq rolunu oynayır. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzi kimi rolu Türkmənistan üçün xüsusi əhəmiyyət kəsb edir. Türkmənistanın Orta Asiya regionundakı strateji mövqeyi isə Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

Geri dön