Ana Sayfa > Özəl > Qələbə və qardaşlıq rəmzi olan Zəfər paradı
Qələbə və qardaşlıq rəmzi olan Zəfər paradıBu gün, 17:18. Yazar: azer |
![]() 2020-ci il Azərbaycan xalqının çoxəsrlik tarixində ən şanlı illərdən biri kimi yadda qaldı. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi Qələbə qazanaraq ölkənin ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi. İşğal altında olan yüzlərlə yaşayış məntəqəsi, o cümlədən strateji əhəmiyyətə malik Şuşa şəhəri azad edildi. Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə Azərbaycanın hərbi-siyasi qələbəsini bütün dünyaya təsdiq etdi.Bu möhtəşəm Zəfərin təntənəsi olaraq 2020-ci il dekabrın 10-da Bakı şəhərinin Azadlıq meydanında Zəfər paradı keçirildi. Parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutdu. Məhz bu amil Zəfər paradına xüsusi siyasi və tarixi məna qazandırdı. Çünki Azərbaycan-Türkiyə münasibətləri yalnız dostluq deyil, eyni zamanda qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır.Paradda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçular, xüsusi təyinatlı qüvvələr, hərbi məktəblərin kursantları və müxtəlif qoşun növlərinin nümayəndələri iştirak etdilər. Tədbir zamanı müasir hərbi texnika, raket-artilleriya sistemləri, pilotsuz uçuş aparatları və digər silahlar nümayiş etdirildi. Xüsusilə, müharibə dövründə düşmənin hərbi infrastrukturunun məhv edilməsində mühüm rol oynayan pilotsuz uçuş aparatlarının nümayişi Azərbaycan Ordusunun texnoloji üstünlüyünü bir daha ortaya qoydu. Zəfər paradının diqqət çəkən məqamlarından biri də Ermənistan silahlı qüvvələrindən qənimət götürülmüş hərbi texnikaların nümayiş etdirilməsi idi. Bu, Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi üstünlüyün və qələbənin əyani sübutu kimi qiymətləndirildi. Paradı izləyən milyonlarla insan Azərbaycanın hərbi gücünü və peşəkar ordusunun imkanlarını bir daha gördü.Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının da paradda iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti dəfə bütün dünyaya nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. İki qardaş ölkənin bayraqlarının yanaşı dalğalanması, hərbçilərin birgə keçidi və səsləndirilən mesajlar “Bir millət, iki dövlət” prinsipinin real həyatda necə möhkəm təməl üzərində qurulduğunu göstərdi. Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də bu qardaşlığın gücünü bir daha təsdiqləmişdi. Zəfər paradı yalnız hərbi qələbənin qeyd olunması deyildi. Bu tədbir Azərbaycan xalqının milli birliyinin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ruhunun təntənəsi idi. Müharibə dövründə xalqın dövlət ətrafında sıx birləşməsi, ordumuza göstərilən dəstək və milli həmrəylik qələbənin əsas amillərindən biri olmuşdur. Parad məhz bu birliyin və həmrəyliyin nümayişinə çevrildi.Azərbaycanın müasir tarixində Zəfər paradı mühüm yer tutur. Bu parad Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, gələcək nəsillərə də böyük bir mesaj verdi: müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Bu gün Zəfər paradı xalqımızın yaddaşında qələbənin, milli qürurun, güclü dövlətin və əbədi Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi yaşayır və tariximizin ən şərəfli səhifələrindən biri hesab olunur. Əsli Novruzova, YAP Qusar rayon təşkilatının fəalı Geri dön |