Ana Sayfa > Özəl > Şanlı zəfərlərin memarı- Azərbaycan ordusu

Şanlı zəfərlərin memarı- Azərbaycan ordusu


Bu gün, 16:20. Yazar: azer
Şanlı zəfərlərin memarı- Azərbaycan ordusu

Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri olan 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük qürur və ehtiram hissi ilə qeyd edilir. Bu əlamətdar tarix milli ordu quruculuğunun başlanğıcı olmaqla yanaşı, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin təmin edilməsində Silahlı Qüvvələrimizin oynadığı mühüm rolu bir daha xatırladır. Azərbaycan Ordusu bu gün yalnız ölkəmizin müdafiə qüdrətinin göstəricisi deyil, həm də xalqımızın birlik, əzmkarlıq və vətənpərvərlik ruhunun təcəssümüdür.1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmış və bununla da milli ordumuzun əsası qoyulmuşdur. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu ilə yanaşı, nizami ordu quruculuğuna da xüsusi diqqət yetirmiş, milli hərbi kadrların hazırlanması istiqamətində mühüm addımlar atmışdır. Məhz bu tarixi qərar sonrakı dövrlərdə Azərbaycan Ordusunun formalaşması üçün möhkəm təməl yaratmışdır.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslər və Ermənistanın hərbi təcavüzü ordu quruculuğunu dövlət qarşısında duran ən vacib məsələlərdən birinə çevirdi. Lakin həmin dövrdə vahid komandanlığın olmaması, nizami hərbi hissələrin yetərincə formalaşmaması və digər problemlər müdafiə sahəsində ciddi çətinliklər yaradırdı. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, güclü və peşəkar ordunun yaradılmasını da prioritet vəzifə kimi müəyyənləşdirdi.

Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələrdə geniş islahatlar həyata keçirildi, nizami ordu quruculuğu prosesi sürətləndirildi, hərbi intizam və idarəetmə sistemi təkmilləşdirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü. Bu siyasət nəticəsində müasir Azərbaycan Ordusunun əsasları formalaşdırıldı.Bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu inkişafının yeni mərhələsini yaşayır. Son illərdə müdafiə potensialının artırılması, ordunun ən müasir silah və texnika ilə təchiz edilməsi, hərbi təhsilin təkmilləşdirilməsi və peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hərbi hissələrdə yaradılmış müasir infrastruktur, keçirilən təlimlər və beynəlxalq əməkdaşlıq proqramları ordumuzun döyüş hazırlığının daha da yüksəlməsinə xidmət edir.Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızın azad olunması uğrunda apardığı haqq savaşında möhtəşəm Qələbə qazandı. Azərbaycan əsgərinin qəhrəmanlığı, hərbi rəhbərliyin peşəkarlığı və xalqın dövlət ətrafında sıx birləşməsi nəticəsində ölkəmiz tarixi Zəfərə nail oldu. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli həmrəyliyin, güclü dövlət siyasətinin və xalq-ordu birliyinin təntənəsi idi.Vətən müharibəsində qazanılan Zəfərdən sonra da Azərbaycan Ordusu qarşısında duran vəzifələri uğurla yerinə yetirmişdir. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa olunmuş, konstitusiya quruluşunun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilmişdir. Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biri hesab olunur. Ordumuzun maddi-texniki təminatı, döyüş hazırlığı, peşəkar şəxsi heyəti və müasir idarəetmə sistemi onun gücünü daha da artırır. Azərbaycan əsgəri Vətənə sədaqətin, vətənpərvərliyin və qəhrəmanlığın ən parlaq nümunəsini nümayiş etdirərək dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır.26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun bütün şəxsi heyətinə, hərbi qulluqçulara, veteranlara və ehtiyatda olan zabitlərə dərin minnətdarlığımızı bildiririk. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə sağlamlıq və uzun ömür arzulayırıq. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı olaraq xalqımızın qürur mənbəyi olacaq, şanlı tariximizə yeni uğurlar yazacaqdır.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Geri dön