Ana Sayfa > Ölkə / Manşet > Bu çimərliklərdən istifadə

Bu çimərliklərdən istifadə


Bu gün, 12:30. Yazar: Subhan
Bu çimərliklərdən istifadə


2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

aia.az xəbər verir ki, məlumata görə, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılaraq həftəlik qaydada davam etdirilir.

Götürülən su nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur. İstirahət mövsümü ərzində isə dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərin aşkarlanması məqsədilə Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da əlavə olaraq tədqiq edilir.

Aparılmış laborator analizlərin nəticələrinə əsasən bəzi ərazilərdə götürülən dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.

Qurumdan bildirilib ki, monitorinqlər çimərlik mövsümü ərzində davam etdiriləcək və nəticələrə uyğun olaraq zəruri profilaktik tədbirlər görüləcək.

Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

aia.az
Geri dön