Ana Sayfa > İqtisadiyyat > Azərbaycan avtomobil bazarında idxal 40 faizdən çox azalıb - SƏBƏB NƏDİR?
Azərbaycan avtomobil bazarında idxal 40 faizdən çox azalıb - SƏBƏB NƏDİR?Dünən, 22:22. Yazar: vasif |
![]() Avtomobil bazarında cari ilin ilk dörd ayının rəsmi statistikası sektor üçün olduqca ciddi dönüş mərhələsinin başladığını göstərir. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin yanvar-aprel ayları ərzində ölkəyə gətirilən avtomobil sayında azalma var. Ümumilikdə həmin dövrdə ölkəyə cəmi 21 120 ədəd avtomobil gətirilib. Ən nəzərəçarpan geriləmə minik avtomobilləri seqmentində qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk dörd ayında ölkəyə 30 824 minik avtomobili idxal edildiyi halda, bu ilin eyni dövründə sözügedən rəqəm 18 287-yə düşüb. Bu isə minik nəqliyyat vasitələrinin idxalında 12 537 ədəd, yəni 40,7%-lik azalma deməkdir. "aia.az" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: "Böyük həcmdə avtomobil idxal edilib" Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyevin sözlərinə görə, avtomobil idxalının azalmasının bir neçə səbəbi var: "Əsas səbəblərdən biri ötən il tətbiq olunan güzəştlərin başa çatacağını əvvəlcədən bilən şəxslərin, xüsusilə paralel idxalla məşğul olan fərdi sahibkarların 2025-ci ilin son rübündə ölkəyə daha çox avtomobil gətirməsi ilə bağlıdır. Onlar güzəştlərin bitəcəyini nəzərə alaraq böyük həcmdə avtomobil idxal edib müxtəlif şəxslərin adına rəsmiləşdirərək anbarlarda saxladılar. Həmin avtomobillərin əhəmiyyətli hissəsi bu gün də satışdadır. Nəticədə, ötən ilin sonlarında həyata keçirilən yüksək idxal həcmi cari ilin idxal göstəricilərinə təsir edib və bazarın tələbatının bir hissəsini əvvəlcədən qarşılayıb". E.Əliyev bildirir ki, digər mühüm amil isə alıcıların davranışı ilə bağlıdır: "Hər il olduğu kimi, yeni avtomobil almaq istəyənlərin bir qismi ilin ilk aylarında - yanvar, fevral və martda alış qərarını təxirə salır. Bunun səbəbi alıcıların istehsal ili cari ilə uyğun olan avtomobillərə üstünlük verməsidir. Çünki bu, gələcək satış zamanı avtomobilin dəyərinin qorunmasına müsbət təsir göstərir. Son illərdə qüvvədə olan güzəştlər bu tendensiyanı zəiflətsə də, artıq bazarda əvvəlki davranış modeli yenidən müşahidə olunur". "Avtomobil gətirmək sərf etmir" Sədrin fikrincə, hazırda bazarda fərdi şəxslər tərəfindən gətirilmiş, rəsmi zəmanət və servis xidməti olmayan avtomobillərin bir qisminin hətta ötənilki qiymətlərdən daha aşağı qiymətə satıldığı müşahidə edilir: "Bu isə həmin avtomobillərə investisiya yatırmış şəxslərin gözlədikləri müddətdə və qiymətlə satış həyata keçirə bilmədiklərini göstərir. Əvvəllər idxal olunan avtomobillər qısa müddətdə, bəzən 10-15 gün ərzində satılırdısa, indi bəzi hallarda avtomobillər aylarla alıcı gözləyir. Bu vəziyyət investorların risklərini artırır və nəticədə onlar avtomobilləri daha aşağı qiymətlərlə satışa çıxarmağa məcbur olurlar". "Söhbət daha çox müvəqqəti durğunluqdan gedir" E.Əliyev qeyd edir ki, idxalın azalmasına təsir edən digər amil taksi parklarının yenilənməsi ilə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Taksi fəaliyyəti üçün nəzərdə tutulan kvotalar və limitlər səbəbindən əvvəlki illərlə müqayisədə bu istiqamətdə avtomobil idxalı da azalıb. Bununla belə, mövcud vəziyyətin uzunmüddətli xarakter daşıdığını söyləmək doğru olmaz: "İlin ikinci rübünün sonlarından etibarən idxal tempi yenidən artmağa başlayacaq. Bunun əsas səbəbi ölkənin avtomobil parkının yaşlı olmasıdır. Köhnə avtomobillər dövriyyədən çıxarıldıqca onların yerini yeni avtomobillər tutmalıdır. Bu baxımdan, hazırkı azalma bazar üçün faciəvi və ya kritik vəziyyət deyil. Söhbət daha çox müvəqqəti durğunluqdan gedir və bazarın yaxın dövrdə yenidən aktivləşəcəyi gözlənilir". "Vətəndaşlar daha ehtiyatlı qərar verirlər" İqtisadçı Asif İbrahimovun sözlərinə görə, 40,7 faizlik azalma bazarda diqqətlə izlənilməsi vacib olan tendensiyadır. Lakin bu göstəricini avtomobilə olan marağın azalması kimi xarakterizə etmək doğru olmaz: "Mövcud vəziyyətin formalaşmasında iqtisadi, maliyyə və bazar amillərinin kompleks təsiri var. İlk növbədə nəzərə almaq lazımdır ki, son illərdə Azərbaycanda avtomobil idxalı rekord həddə çatmışdı. Xüsusilə 2023-2025-ci illərdə yeni və hibrid avtomobillərə olan yüksək tələbat bazarın müəyyən dərəcədə doyma mərhələsinə keçməsi ilə nəticələnib. Bu səbəbdən, əvvəlki illərdə müşahidə olunan yüksək idxal tempinin eyni sürətlə davam etməsi onsuz da gözlənilən deyildi". A.İbrahimovun fikrincə, idxalın azalmasına təsir göstərən digər mühüm amil isə əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Son dövrlərdə avtomobil qiymətlərində, kredit faizlərində, eləcə də sığorta və istismar xərclərində artım müşahidə olunur: "Bu isə vətəndaşları daha ehtiyatlı qərar verməyə, yeni avtomobil alışını təxirə salmağa və ya daha münasib qiymətli alternativlərə üstünlük verməyə vadar edir. Paralel olaraq, bazarda "ikinci əl" avtomobillərə marağın artması da geriləmənin əsas səbəblərindən biridir. Yeni avtomobillərin bahalaşması fonunda bir çox alıcı daha sərfəli seçim kimi işlənmiş nəqliyyat vasitələrinə yönəlir. Qeyd edək ki, bu tendensiya yalnız Azərbaycanda deyil, qlobal miqyasda da müşahidə olunur. Xarici amilləri də unutmaq olmaz. Qlobal avtomobil bazarında istehsalçıların qiymət siyasəti, logistika xərclərinin artması, valyuta məzənnələri, beynəlxalq daşıma tarifləri və təchizat zəncirindəki dəyişikliklər avtomobil idxalının həcminə birbaşa təsir göstərir. Eyni zamanda, bəzi istehsalçıların kütləvi şəkildə elektromobil və hibrid modellərə keçidi bazarda ciddi struktur dəyişiklikləri yaradır". "Uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir" İqtisadçı bildirir ki, hazırkı azalmanı hələlik uzunmüddətli tendensiya kimi qiymətləndirmək tezdir. Avtomobil bazarı mövsümi xarakter daşıyır və iqtisadi dəyişikliklərə qarşı olduqca həssasdır: "İlin ikinci yarısında kredit bazarındakı aktivlik, yeni modellərin satışa çıxarılması, stimullaşdırıcı kampaniyalar və istehlakçı davranışlarındakı müsbət dəyişikliklər vəziyyəti asanlıqla dəyişə bilər. Hazırkı azalma, əslində, bazarın yüksək artımdan sonra "normallaşma" mərhələsinə keçdiyini göstərir". Geri dön |