Ana Sayfa > Manşet / Siyasət > Adəm İsmayıl Bakuvi: “Azərbaycanın beynəlxalq səviyyədə qazandığı nüfuz ölkədə təmin olunmuş sabitliyin nəticəsidir”
Adəm İsmayıl Bakuvi: “Azərbaycanın beynəlxalq səviyyədə qazandığı nüfuz ölkədə təmin olunmuş sabitliyin nəticəsidir”Bu gün, 13:39. Yazar: azer |
![]() “Azərbaycanın paytaxtı Bakı növbəti dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi edərək, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının rəsmi açılış mərasiminə şahid oldu. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə Prezident İlham Əliyev iştirak edərək qlobal və regional inkişaf baxımından əhəmiyyətli mesajlar verdi. Dövlət başçısı İslam İnkişaf Bankı Qrupunun prezidenti doktor Məhəmməd Əl-Casirə və təşkilata Azərbaycana göstərilən etimada görə təşəkkürünü ifadə etdi. O qeyd etdi ki, Bakı bu nüfuzlu tədbirə artıq ikinci dəfə ev sahibliyi edir. Prezident müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi çətinlikləri xatırladaraq bildirdi ki, sonrakı dövrdə əldə edilən sabitlik və təhlükəsizlik bugünkü nailiyyətlərin əsasını təşkil edir. Onun sözlərinə görə, sabitlik olmadan inkişafdan danışmaq mümkün deyil. Azərbaycanın beynəlxalq səviyyədə qazandığı nüfuz da məhz bu sabitliyin nəticəsidir. BMT Təhlükəsizlik Şurasına 155 dövlətin dəstəyi ilə seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-un və Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsi buna nümunədir.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib. Fikirlərini davam etdirən partiya sədri bildirib ki, Azərbaycan son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi layihələr sayəsində regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib: “Cənab Prezident vurğuladı ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən ölkəmiz bu marşrutlarla daşınan yüklərin həcmini yaxın illərdə iki dəfə artıraraq 30 milyon tona çatdırmağı qarşıya məqsəd qoyub. Həmçinin enerji sektorunda da Azərbaycan mühüm uğurlar əldə edib. Hazırda ölkəmiz 16 dövlətə təbii qaz ixrac edir və bu göstəriciyə görə geniş coğrafiyanı əhatə edən aparıcı ölkələrdən biridir. Son 20 ildə iqtisadiyyata yatırılan 350 milyard dollardan artıq xarici investisiya qeyri-neft sektorunun inkişafını sürətləndirib. Nəticədə bu sektor artıq ümumi daxili məhsulun 70 faizdən çoxunu formalaşdırır. Xarici borcun aşağı səviyyədə saxlanılması və valyuta ehtiyatlarının onu dəfələrlə üstələməsi beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Bu iqtisadi sabitlik ölkədə yoxsulluq və işsizliyin təxminən 5 faiz səviyyəsinə qədər azalmasına şərait yaradıb. Bu məqamda qeyd etməliyəm ki, bizim Vəhdət Partiyasının proqramında ehtiva olunan siyasi-iqtisadi xəttin başlıca konsepsiyaları da dövlətin bu sahədə yürütdüyü strateji kursa uyğundur. Məhz buna görə də partiyamız dövlətin siyasətini daim dəstəkləyir. Nitqin ən mühüm hissələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına həsr olunmuşdu. Prezident İlham Əliyev 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyünü xatırladaraq, beynəlxalq ictimaiyyətin həmin dövrdə bu ədalətsizliyə lazımi reaksiya vermədiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan yalnız öz gücünə arxalanaraq 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazandı və 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində ölkənin suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti işğal dövründə dağıdılmış məscidlərin, mədəni irs nümunələrinin və Xocalı soyqırımının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini vurğulasa da, bununla yanaşı Azərbaycanın regionda yeni əməkdaşlıq və sülh mühitinin formalaşmasına misilsiz töhfə verdiyini də qeyd etdi. Bu isə ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlişini təmin edən mühüm amillərdən biridir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb. Geri dön |