Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin uğurlu siyasəti: Azərbaycan regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilib
Prezident İlham Əliyevin uğurlu siyasəti: Azərbaycan regional və qlobal səhnədə mühüm iştirakçıya çevrilibBu gün, 16:10. Yazar: azer |
![]() Müasir dünyada dövlətlərin nüfuzu yalnız onların malik olduqları təbii sərvətlərlə deyil, həyata keçirdikləri siyasətin səmərəliliyi, beynəlxalq əməkdaşlığa verdikləri töhfə və qlobal proseslərdə oynadıqları rolla müəyyən edilir. Bu baxımdan Azərbaycan son illərdə əldə etdiyi uğurlarla regionun lider dövlətinə, beynəlxalq münasibətlər sistemində söz sahibi olan etibarlı tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən müstəqil siyasət ölkəmizin həm regional, həm də qlobal miqyasda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları da Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi kimi diqqəti cəlb edir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərinin, maliyyə institutlarının rəhbərlərinin, investorların və biznes nümayəndələrinin Bakıda bir araya gəlməsi ölkəmizə olan yüksək etimadın və hörmətin ifadəsidir. Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın tarixi müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1992-ci ildən başlayan bu əməkdaşlıq ötən dövrdə uğurla inkişaf edib və ölkəmizin iqtisadi, sosial və infrastruktur layihələrinin reallaşdırılmasına mühüm töhfələr verib. Bu gün Azərbaycan artıq yalnız maliyyə dəstəyi alan ölkə deyil, həm də beynəlxalq əməkdaşlıq proseslərinə töhfə verən, təşəbbüslər irəli sürən və qlobal iqtisadi inkişafda fəal iştirak edən dövlətə çevrilib. İslam İnkişaf Bankı Qrupunun builki toplantılarının “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr olunması xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə regional inteqrasiya, iqtisadi əməkdaşlıq, innovasiyalar və dayanıqlı inkişaf məsələləri bütün ölkələrin diqqət mərkəzindədir. Azərbaycan isə bu istiqamətdə uğurlu təcrübəyə malik dövlətlərdən biri kimi seçilir. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, sahibkarlığın inkişafı, rəqəmsal transformasiya və investisiya mühitinin təkmilləşdirilməsi Azərbaycanın inkişaf modelinin beynəlxalq səviyyədə maraqla öyrənilməsinə səbəb olub. İyunun 18-də İslam İnkişaf Bankının 51-ci İllik Toplantısının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın inkişaf yolunu xarakterizə edən mühüm məqamlara toxunaraq bildirdi ki, ölkəmizin sabit və uğurlu inkişafı həyata keçirilən milli maraqlara əsaslanan siyasətin nəticəsidir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində siyasi sabitlik, iqtisadi inkişaf və sosial rifah dayanır. Həqiqətən də, müstəqilliyimizin ilk illərində üzləşdiyimiz çətinliklər, işğal faktı, iqtisadi böhran və siyasi qeyri-sabitlik nəzərə alınarsa, Azərbaycanın bu gün gəlib çatdığı mərhələ böyük uğur kimi qiymətləndirilməlidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizi regionun ən güclü dövlətinə çevirib. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm geosiyasi və geoiqtisadi mərkəzlərindən biri kimi çıxış edir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmiz regional və qlobal səhnədə öz güclü əlaqələri ilə mühüm iştirakçıya çevrilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri qitələri birləşdirən strateji əhəmiyyətli layihələrdir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və bu coğrafiya getdikcə genişlənir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edən ölkəmiz enerji diplomatiyasını uğurla həyata keçirir. Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirib. Eyni zamanda, Azərbaycan nəqliyyat-logistika sahəsində də böyük uğurlara imza atır. Son illərdə ölkədə yaradılmış müasir nəqliyyat infrastrukturu Azərbaycanın beynəlxalq tranzit mərkəzinə çevrilməsinə imkan yaradıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bu gün Avrasiya məkanında mühüm logistika qovşağı rolunu oynayır. Dövlət başçısının da vurğuladığı kimi, məqsəd açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq daşımaların əsas mərkəzlərindən birinə çevirməkdir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri də ölkəmizin həyata keçirdiyi müstəqil xarici siyasətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində geniş dəstək qazanır. Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizə olan etimadın göstəricisidir. COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi də dünya ictimaiyyətinin ölkəmizə verdiyi yüksək qiymətin ifadəsi oldu. Bu gün Azərbaycan həm enerji təhlükəsizliyi, həm nəqliyyat əlaqələri, həm də beynəlxalq əməkdaşlıq sahəsində mühüm təşəbbüslərin müəllifidir. Ölkəmizin uğurları yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Azərbaycanın siyasi sabitliyi, sosial rifahı, beynəlxalq nüfuzu və qlobal proseslərdə fəal iştirakı onu dünyanın inkişaf edən və söz sahibi olan dövlətləri sırasında ön sıralara çıxarıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün ölkəmiz regional lider olmaqla yanaşı, qlobal məsələlərin müzakirəsində mövqeyi nəzərə alınan, təşəbbüsləri dəstəklənən və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edilən dövlətdir. Bütün bunlar bir daha göstərir ki, milli maraqlara əsaslanan müstəqil siyasət, düşünülmüş iqtisadi strategiya və güclü beynəlxalq əlaqələr Azərbaycanın gələcək inkişafının da əsas təminatıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dostlarının sayı artır və ölkəmiz bundan sonra da regional və qlobal səhnədə mühüm iştirakçı kimi öz mövqeyini daha da möhkəmləndirəcək. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü. Geri dön |