Ana Sayfa > Siyasət / Parlament > Səhiyyə komitəsinin iclası keçirilib
Səhiyyə komitəsinin iclası keçirilibBu gün, 16:08. Yazar: azer |
![]() İyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qanun layihəsi barədə danışan komitə sədri bildirib ki, psixiatriya sahəsində tibb elminin inkişafı, yeni müalicə üsullarının tətbiqi və tibbi texnologiyaların imkanlarının genişlənməsi qanunvericilik bazasının da müasir tələblərə uyğun təkmilləşdirilməsini zəruri edir. Əhliman Əmiraslanov qeyd edib ki, müzakirəyə təqdim olunan layihədə psixiatriya yardımının göstərilməsi prosedurlarının təkmilləşdirilməsi, psixi pozuntusu olan şəxslərin diaqnostikası və müalicəsi ilə bağlı məsələlərin, eləcə də bu sahədə mövcud münasibətlərin daha dəqiq tənzimlənməsi məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur. Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər mahiyyət etibarilə geniş xarakter daşıyır və qanunun 14 maddəsi üzrə 16 əlavə və dəyişikliyi əhatə edir. Layihənin əsas məzmununu psixiatriya yardımının göstərilməsi qaydalarının təkmilləşdirilməsi təşkil edir. Diqqətə çatdırılıb ki, layihədə psixi pozuntusu olan şəxsin sağlamlıq vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri, habelə müalicədən imtina ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsi və həmin məlumatların əldə olunması ilə bağlı tənzimləmələr nəzərdə tutulur. Adil Vəliyev qeyd edib ki, layihədə həmçinin qeyri-könüllü psixiatriya yardımı və psixiatriya müayinəsinin aparılması prosedurlarının təkmilləşdirilməsi, səlahiyyətli orqanların qərarları əsasında təxirəsalınmaz hallarda müayinənin həyata keçirilməsi, aidiyyəti şəxslərin məlumatlandırılması mexanizmlərinin dəqiqləşdirilməsi və digər məsələlər öz əksini tapıb. Layihənin müzakirəsində komitə üzvləri Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər. Sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə edilib. Daha sonra cari məsələlərin müzakirəsi keçirilib. Komitə sədri Əhliman Əmiraslanov, üzvləri Soltan Məmmədov və İlham Məmmədov çıxış ediblər, səhiyyə sahəsində mövcud olan bəzi aktual məsələlər barədə fikirlərini bölüşüblər. Tədbirdə Səhiyyə komitəsinin üzvləri Günay Əfəndiyeva, Kamaləddin Qafarov, Anatoliy Rafailov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər. Geri dön |