Ana Sayfa > Özəl > SEPAH zəifləyib, yoxsa yeni mərhələyə keçir?

SEPAH zəifləyib, yoxsa yeni mərhələyə keçir?


Bu gün, 20:46. Yazar: vasif
SEPAH zəifləyib, yoxsa yeni mərhələyə keçir?



ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra bəzi dairələrdə SEPAH-ın daha da güclənəcəyi və regionda təsir imkanlarını artıracağı barədə fikirlər səslənir. Lakin ekspertlər hesab edirlər ki, son müharibə İranın əsas hərbi-siyasi strukturlarından biri olan SEPAH üçün ciddi itkilərlə nəticələnib.

Siyasi şərhçi Fikrət Fəraməzoğlunun sözlərinə görə, SEPAH həm hərbi, həm də maliyyə baxımından əvvəlki gücündə deyil. Müharibə zamanı təşkilatın bir sıra yüksək rütbəli komandirləri zərərsizləşdirilib, xaricdəki təsir şəbəkələri və maliyyə imkanları isə zəifləyib.

Ekspert hesab edir ki, hazırda İran daxilində parlament sədri Məhəmməd Baqer Qalibaf, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçıdan ibarət siyasi xətt SEPAH-ın təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bu səbəbdən təşkilatın əvvəlki kimi dövlət siyasətinə tam nəzarət etməsi çətin görünür.

Bununla belə, SEPAH-ın tamamilə sıradan çıxdığını söyləmək də mümkün deyil. Hazırda ölkədə davam edən həbslər və təhlükəsizlik tədbirləri onun hələ də ciddi təsir imkanlarına malik olduğunu göstərir.

Təhlilçilərin fikrincə, yaxın dövrdə SEPAH region siyasətində fəaliyyətini davam etdirəcək, lakin əvvəlki metodlardan fərqli olaraq daha çox ideoloji, informasiya və kəşfiyyat alətlərinə üstünlük verə bilər.

Ekspertlər hesab edirlər ki, İran daxilində siyasi qüvvələr arasındakı mübarizənin nəticəsi SEPAH-ın gələcək rolunu müəyyənləşdirəcək. Hazırda isə təşkilatın həm daxildə, həm də regionda mövqelərini qorumaq uğrunda yeni mərhələyə keçdiyi müşahidə olunur.

Geri dön