Ana Sayfa > Özəl > ABŞ-İran anlaşması və Tramp marşrutu: Cənubi Qafqaza təsiri necə olacaq?
ABŞ-İran anlaşması və Tramp marşrutu: Cənubi Qafqaza təsiri necə olacaq?Bu gün, 19:48. Yazar: vasif |
![]() ABŞ və İran arasında əldə olunduğu bildirilən memorandumun detalları açıqlanmağa davam edir. Sənədin yekun variantının iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilsə də, artıq bəzi müddəalar beynəlxalq ekspert dairələrində geniş müzakirə olunur. Diqqət çəkən məqamlardan biri memorandumun ABŞ-ın İranı əhatə edən bölgələrdəki hərbi qüvvələrinin çıxarılması ilə bağlı olduğu iddia edilən bəndidir. Bu müddəanın Yaxın Şərq və Cənubi Qafqazdakı geosiyasi proseslərə mümkün təsirləri müxtəlif qiymətləndirmələrə səbəb olub. Politoloq Oqtay Qasımovun fikrincə, hazırkı sənəd daha çox atəşkəs və gərginliyin azaldılmasına yönəlmiş çərçivə razılaşması xarakteri daşıyır. Onun sözlərinə görə, əsas və həssas məsələlərin böyük hissəsi hələ yekun həllini tapmayıb. Ekspert hesab edir ki, razılaşmanın əldə olunması hər halda müsbət hadisə kimi qiymətləndirilməlidir. Çünki bu addım regionda hərbi qarşıdurma riskinin azalmasına, enerji bazarlarında sabitliyin möhkəmlənməsinə və beynəlxalq iqtisadi münasibətlərə müsbət təsir göstərə bilər. Oqtay Qasımov vurğulayıb ki, Azərbaycan üçün əsas prioritet bölgədə sülh və təhlükəsizliyin qorunmasıdır. Həm cənub, həm də şimal istiqamətlərində sabitliyin təmin olunması ölkənin strateji və iqtisadi maraqlarına cavab verir. Politoloqun fikrincə, bölgədə gərginliyin azalması iri nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi üçün daha əlverişli şərait yarada bilər. Bu baxımdan Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrin inkişafı üçün əlavə imkanların formalaşacağı ehtimal olunur. Ekspert hesab edir ki, ABŞ-İran razılaşmasında yer alan hərbi məsələlər əsasən Yaxın Şərq və Körfəz regionuna aiddir. Buna görə də həmin müddəaların ABŞ-ın Cənubi Qafqazdakı siyasi və geosiyasi fəaliyyətini məhdudlaşdıracağı barədə fikirlər əsaslı görünmür. Müşahidəçilərin qənaətinə görə, Vaşinqton və Tehran arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar yalnız Yaxın Şərqə deyil, regionlararası nəqliyyat, enerji və ticarət layihələrinə də müsbət təsir göstərə bilər. Bu baxımdan mümkün razılaşmanın Cənubi Qafqaz üçün də yeni imkanlar yarada biləcəyi istisna edilmir. Geri dön |