Ana Sayfa > Siyasət > Heydər Əliyevin görmək istədiyi Azərbaycan

Heydər Əliyevin görmək istədiyi Azərbaycan


Bu gün, 11:20. Yazar: azer
Heydər Əliyevin görmək istədiyi Azərbaycan

Azərbaycan xalqının taleyində elə tarixlər vardır ki, həmin günlər yalnız bir dövrün deyil, bütöv bir xalqın gələcəyinin müəyyənləşməsində həlledici rol oynayır. 15 İyun – Milli Qurtuluş Günü məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın sabit gələcəyinin təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi.
1993-cü ilin iyununda Azərbaycan son dərəcə mürəkkəb və təhlükəli bir mərhələ yaşayırdı. Respublikada siyasi böhran hökm sürür, iqtisadi vəziyyət ağırlaşır, torpaqlarımız işğala məruz qalır, ölkənin müxtəlif bölgələrində separatizm meyilləri güclənirdi. Belə bir taleyüklü zamanda xalq öz xilaskarını seçdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Milli Qurtuluş Günü məhz dövlətçiliyimizin xilasının, sabitliyin və inkişafın başlanğıcı kimi tariximizə həkk olundu.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq nüfuzu sürətlə yüksəldi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafının əsasını qoyaraq Azərbaycanı dünyanın enerji xəritəsində mühüm mövqeyə çıxardı. Bütün bunlar gələcək inkişafın möhkəm təməlini formalaşdırdı.Bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin siyasi kurs müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə ölkəmizin qazandığı nailiyyətlər, həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələr, beynəlxalq arenada möhkəmlənən mövqelər və xüsusilə də tarixi Zəfərimiz bu siyasətin uğurlu nəticəsidir.2021-ci ilin 15 iyun tarixində Şuşada imzalanan Şuşa Bəyannaməsi də Milli Qurtuluş ideyalarının məntiqi davamı kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bu sənəd qardaş ölkələr arasındakı əlaqələri ən yüksək səviyyəyə yüksəltdi. Mədəniyyət paytaxtımız olan Şuşada imzalanan Bəyannamə təkcə iki dövlət arasında münasibətlərin yeni mərhələsini deyil, həm də regionda yeni geosiyasi reallıqların formalaşdığını nümayiş etdirdi.Tarixi Qars müqaviləsinin 100-cü ildönümündə Şuşada imzalanan bu sənəd böyük rəmzi məna daşıyır. Bu hadisə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, ortaq tarixə, mədəniyyətə və milli maraqlara söykənən birliyini bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən müttəfiqlik zirvəsinə yüksəltdi.Bu gün Heydər Əliyevin arzuladığı və görmək istədiyi Azərbaycan artıq reallığa çevrilməkdədir. Güclü iqtisadiyyata, müasir orduya, beynəlxalq nüfuza malik olan Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlətdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, həyata keçirilən bərpa layihələri ölkəmizin qüdrətinin və inkişaf potensialının bariz göstəricisidir.Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayırdı. Onun “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz” fikri bu gün də dövlətçilik fəlsəfəmizin əsas istiqamətlərindən biri kimi öz aktuallığını qoruyur. Məhz bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək Azərbaycanın yeni uğurlarına yol açır.Azərbaycan xalqı xoşbəxtdir ki, onun müstəqil dövlətçiliyinin memarı olan Heydər Əliyev kimi Ümummilli Lideri, bu siyasi kursu uğurla davam etdirən, ölkəmizə tarixi Zəfər qazandıran Prezident İlham Əliyev kimi qətiyyətli dövlət başçısı vardır. Bu gün Azərbaycanın əldə etdiyi hər bir uğur, qazandığı hər bir nailiyyət Heydər Əliyev ideyalarının təntənəsi, onun müəyyən etdiyi inkişaf yolunun doğruluğunun təsdiqidir.Milli Qurtuluş Gününün yaratdığı möhkəm təməl üzərində yüksələn Azərbaycan bundan sonra da inkişaf edəcək, qüdrətlənəcək və dünyanın nüfuzlu dövlətləri sırasında mövqeyini daha da möhkəmləndirəcəkdir. Çünki bu gün ölkəmiz Heydər Əliyevin görmək istədiyi güclü, müstəqil, qalib və gələcəyinə inamla baxan Azərbaycanı yaşayır.

Novruzova Əsli,
YAP Qusar rayon təşkilatının fəalı
Geri dön