Ana Sayfa > Dünya > Rusiya müharibəyə görün nə qədər XƏRCLƏYİR - ŞOK RƏQƏMLƏR

Rusiya müharibəyə görün nə qədər XƏRCLƏYİR - ŞOK RƏQƏMLƏR


Dünən, 22:32. Yazar: vasif
Rusiya müharibəyə görün nə qədər XƏRCLƏYİR - ŞOK RƏQƏMLƏR


2026-cı ilin birinci rübündə hərbi xərclərin federal büdcə gəlirlərindəki payı görünməmiş həddə - 65,26%-ə çatıb.

aia.az xəbər verir ki, bu barədə Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun elmi işçisi Yanis Klyuge Rusiya Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı hesablamalarda bildirib.

Yanvar-mart ayları ərzində xəzinəyə 8,309 trilyon rubl gəlir daxil olub ki, bunun da 1,443 trilyon rublu neft-qaz gəlirlərinin (illik müqayisədə -45%), 6,866 trilyon rublu isə qeyri-neft-qaz gəlirlərinin (+7%) payına düşüb. Eyni zamanda, müharibəyə 5,908 trilyon rubl xərclənib. Bu göstərici 2025-ci ilin birinci rübü ilə müqayisədə 30% çox, müharibədən əvvəlki 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə isə 5 dəfə yüksəkdir.

Ekspert Yanis Klyuge qeyd edir ki, bu, hərbi xərclərin büdcə gəlirlərinin üçdə ikisinə bərabər olması deməkdir. Halbuki, ilin əvvəlində yeni neft sanksiyaları, güclü rubl və iqtisadiyyatın soyuması büdcə gəlirlərinə ciddi zərbə vurub. O, bu rəqəmlərin olduqca "təsirli" göründüyünü və Kreml baxımından, böyük ehtimalla, ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Vergilərin artırılmasına baxmayaraq, müharibənin gətirdiyi maliyyə yükü hər il büdcəyə daxil olan vəsaitlərin getdikcə daha böyük hissəsini "udur". Müqayisə üçün qeyd edək ki, Klyugenun hesablamalarına görə, bu göstərici ötən il 43,34%, 2024-cü ildə 39,05%, 2023-cü ildə 32,05%, 2022-ci ildə isə 24,51% təşkil edib. Müharibədən əvvəlki 2021-ci ildə isə büdcə gəlirlərinin cəmi 18,44%-i müdafiə bəndlərinə yönəldilib.

Analitikin fikrincə, hərbi xərclərin bu cür sıçrayışı onunla bağlı ola bilər ki, Maliyyə Nazirliyi nəhəng kəsiri gizlətmək və il ərzində 5 dəfə (1,2 trilyondan 5,8 trilyon rubla qədər) artırılmalı olan plana əməl etmək üçün ötənilki xərclərin bir hissəsini cari ilin büdcəsinə keçirib. Lakin nəticədə, 2026-cı ilin əvvəlində hərbi xərclər büdcədə nəzərdə tutulan səviyyəni demək olar ki, iki dəfə üstələyib - ÜDM-in 6,8%-i proqnozlaşdırıldığı halda, faktiki olaraq ÜDM-in 12%-nə bərabər olub.
Geri dön