Ana Sayfa > Dünya > Yaxın Şərqin atəşi Avropanı da "yandırır": Rusiyaya qarşı "sanksiya divarı" dağılır

Yaxın Şərqin atəşi Avropanı da "yandırır": Rusiyaya qarşı "sanksiya divarı" dağılır


Bu gün, 20:17. Yazar: vasif
Yaxın Şərqin atəşi Avropanı da "yandırır": Rusiyaya qarşı "sanksiya divarı" dağılır


Kollektiv Qərb Rusiyaya qarşı təzyiq siyasətini qorumağa çalışsa da, qlobal böhranlar onun hərbi-siyasi qərar vermək imkanlarını daha da məhdudlaşdırır... Ona görə də, Kreml bu vəziyyətdən istifadə edərək, məhz Qərbin vahidliyində ən zəif nöqtələri axtarır və danışıqlar mövzusunu israrla gündəmdə saxlamağa çalışır...
Avropa Birliyi Rusiyaya qarşı "sanksiya divarı"nda enerji resurslarına çıxış imkanları aça biləcək boşluqlar axtarmağa başlayıb. Belə ki, Ukrayna savaşına paralel olaraq, Rusiyaya yönəlik yeni siyasi-diplomatik mərhələnin başlandığı müşahidə olunur. Və bu baxımdan, Rusiya-Ukrayna müharibəsi artıq yalnız Şərqi Avropa regionunun təhlükəsizlik problemi olmaqdan çıxarmaq üzrədir.

Məsələ ondadır ki, bu hərbi-siyasi böhran qlobal enerji bazarına, beynəlxalq siyasi-diplomatik proseslərə və böyük güclər arasındakı geostrateji rəqabətə təsir edən əsas faktorlardan birinə çevrilib. Son proseslər onu göstərir ki, bu müharibənin gedişatında yeni mərhələ qaçılmazdır. Belə ki, bir tərəfdən Avropa Birliyi Rusiya üzərində iqtisadi təzyiq mexanizmini saxlamağa çalışır. Və digər tərəfdən isə enerji təhlükəsizliyi, eləcə də geopolitik böhranlar Avropa Birliyinin geostrateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Onu da qeyd etmək lazımdır ki, "Bloomberg"in məxfi mənbələrə istinadən yaydığı məlumata görə, Avropa Birliyində Rusiya neftinin satışına tətbiq edilən 'qiymət tavanı"nın müvəqqəti endirilməsi ehtimalları müzakirə olunur. Bu məsələ xüsusilə də, Yaxın Şərqdə yaranan hərbi-siyasi gərginlik, İranla bağlı böhran və Hörmüz boğazında mövcud olan nəqliyyat problemlərinə paralel olaraq, gündəmə gətirilməkdədir. Və bu, Avropa Birliyinin Rusiya siyasətində geostrateji dönüş deyil, daha çox yaranan yeni qlobal reallıqlara uyğunlaşmaq cəhdi də hesab oluna bilər.
Çünki hazırda Avropa Birliyinin qarşısında olduqca mürəkkəb seçim məcburiyyəti dayanır. Belə ki, bu qurum bir tərəfdən Rusiyanın enerji gəlirlərini azaltmaq üçün sanksiyaları sərtləşdirmək barədə düşünür. Və eyni zamanda, Avropa Birliyi təsirini daha çox hiss etməyə başladığı qlobal enerji böhranı ilə bağlı riskləri nəzərə alaraq, mümkün qədər çevik siyasət yürütməyə də məcburdur.

Ona görə də, Qərb siyasi dairələri müəyyən mənada, enerji müharibəsi ilə üzləşmiş kimi görünür. Hər halda, hazırda Rusiyaya qarşı sanksiyalarla və Qərb ölkələrinin üzləşdiyi iqtisadi reallıqlar arasındakı dilemmadan çıxış yollarının tapılması böyük önəm daşıyır. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi əsas iqtisadi mexanizmlərdən biri isə məhz enerji ixracından əldə olunan gəlirlərin məhdudlaşdırılmasıdır. Və burada əsas məqsəd ilk növbədə Rusiyanın hərbi potensialına yönəldilən maliyyələ vəsaitləri qaynağını bloklamaqdır.

Ancaq dünya enerji bazarlarındakı radikal dəyişikliklər Avropa Birliyinin bu önəmli strategiyasını daha mürəkkəb vəziyyətlə üzləşdirib. Belə ki, Yaxın Şərqdə mövcud olan ciddi hərbi-siyasi böhran hazırda enerji resurslarının qiymətlərində böyük sıçrayışa səbəb olub. Və bu isə Rusiya enerji resurslarının dünya bazarından çıxarılması istiqamətində atılan addımları indi Avropa iqtisadiyyatı üçün əlavə risk qaynağına çevirməyə başlayıb.

Bütün bunlar onu göstərir ki, indi Avropa Birliyi Rusiya iqtisadiyyatına maksimum təzyiq göstərmək, yoxsa "qoca qitə" ölkələrinin enerji təhlükəsizliyini qorumaq variantları arasında prinsipial seçim etməlidir. Ona görə də, Avropa Birliyinin Rusiyaya qarşı siyasətində sərtləşmə ilə yanaşı, həm də müəyyən "elastiklik elementləri" də müşahidə edilməyə başlayıb. Və bu baxımdan, Avropa Birliyi ilə Rusiya arasındakı siyasi-iqtisadi qarşıdurmanın formasının dəyişməkdə olduğu da nəzərə çarpır.Təbii ki, Rusiya siyasi dairələri də Avropa Birliyinin üzləşdiyi qəliz vəziyyətin fərqindədirlər və Kreml özünə sərfəli bu durumdan maksimum səviyyədə faydalanmağa çalışır. Hər halda, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin "danışıqlara hazırıq" məzmunlu açıqlaması böyük maraq doğurur. Onun sözlərinə görə, Avropa Birliyi Rusiya ilə danışıqlar aparmaq istəyirsə, birbaşa təmas kanallarına üstünlük verməlidir. Və Avropa Birliyindən belə bir təşəbbüs göstərilərsə, Kreml qarşı tərəf ilə dialoqdan imtina etmək niyyətində deyil.

Göründüyü kimi, Kreml Avropa ölkələrinə qarşı son dövrdə formalaşdırdığı siyasi-diplomatik xətti eynilə davam etdirməyə üstünlük verir. Yəni, Rusiya özünü Avropa Birliyi ilə danışıqlara açıq tərəf kimi təqdim etməyə çalışır. Ancaq eyni zamanda, Kreml Avropa Birliyinin təşəbbüs göstərməsinə nail olmaqla, həm də qarşı tərəflə danışıqları məhz öz şərtləri çərçivəsində aparmaq şansını qazanmağa can atır.

Təbii ki, Rusiyanın bu taktikasında əsas hədəflərdən biri kollektiv Qərb daxilində vahid mövqeni zəiflətməkdir. Çünki Avropa ölkələri arasında Ukrayna müharibəsinin davam etdirilməsi, hərbi yardımların həcmi və Rusiyaya qarşı sanksiyaların gələcəyi ilə bağlı artıq kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Kremldə ümid edirlər ki, zaman keçdikcə, iqtisadi təzyiqlər, enerji bazarındakı neqativ dəyişikliklər və sosial-siyasi yorğunluq Qərb ölkələrini danışıqlara daha çox məcbur buraxa bilər.

Onu da qeyd etmək lazımdır ki, məhz belə bir qəliz situasiyada Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna savaşının bu il sona çata biləcəyini bəyanlaması da Kremlin regional geopolitik proseslər baxımından, önəmli mesajı hesab olana bilər. Çünki Rusiyanın yeganə hərbi-siyasi müttəfiqi olan Belarusun prezidenti bildirib ki, savaşın sona çatması cəmisi bir neçə əsas siyasi liderin iradəsindən asılıdır. Və ona görə də "Batka" Ukrayna münaqişəsinin ən yaxın vaxtlarda həll oluna biləcəyinə inandığını ifadə edib.Belarus liderinin son vaxtlar təkrarlanan belə bəyanatları ilk növbədə, rəsmi Minskin Kremlin sifarişi ilə Rusiya və kollektiv Qərb arasında ən uyğun vasitəçi statusu qazanmağa çalışdığını sezdirir. Əslində, Belarus Rusiyanın ən yaxın müttəfiqi olsa da, əvvəllərdə danışıqlarda vasitəçi roluna iddiasını biruzə vermişdi. Və bu baxımdan, Belarus liderinin son açıqlaması dolayısı ilə Kremlin kollektiv Qərbə danışıqlar üçün "açıq qapı" mesajı kimi də başa düşülə bilər.

Belə anlaşılır ki, Rusiyanın da pozitiv yanaşması, əslində, Ukrayna böhranı ilə bağlı savaşdan diplomatiyaya qayıdış ehtimalını yenidən ön plana keçirir. Çünki Ukrayna savaşının gələcək taleyinə qlobal enerji bazarları, beynəlxalq sanksiyalar, ABŞ və Avropa Birliyinin strategiyası, eləcə də Rusiya-Qərb diplomatik təmas kanalları kimi önəmli ssenarilərin aktuallıq qazanması birbaşa təsir edir. Hər halda, Avropa Birliyi Rusiyaya qarşı təzyiq siyasətini qorumağa çalışsa da, qlobal böhranlar kollektiv Qərbin qərar vermə prosesini daha da qəlizləşdirir.

Ancaq Kreml isə bu vəziyyətdən istifadə edərək, məhz Qərbin vahidliyində ən zəif nöqtələri axtarır və danışıqlar mövzusunu israrla gündəmdə saxlamağa çalışır. Bu baxımdan, əgər, enerji böhranı və Qərb ölkələrinin siyasi-iqtisadi yorğunluğu dərinləşərsə, 2026-cı il ərzində Ukrayna savaş poliqonunda hərbi əməliyyatlar dayandırıla bilər. Ona görə də, hazırda bütün qarşıduran tərəflər arasında sülhün hansı şərtlərlə və hansı güc balansı əsasında təmin ediləcəyi kifayət qədər ciddi suallar doğurur.(musavat.com)
Geri dön