Ana Sayfa > Manşet / Siyasət > “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini yeni strateji mərhələyə yüksəldib”
“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqliyini yeni strateji mərhələyə yüksəldib”Bu gün, 17:56. Yazar: azer |
![]() “Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yeni mərhələsinin başlanğıcı olan Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən mühüm siyasi sənəddir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur”. Bu fikirləri aia.az açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib. Deputat bildirib ki, Şuşa Bəyannaməsinin 15 İyun – Milli Qurtuluş Günündə imzalanması xüsusi rəmzi məna daşıyır. 15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi və yeni inkişaf mərhələsinin başlanğıcı olduğu kimi, 2021-ci ilin 15 iyun tarixindən etibarən Türkiyə-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni dövr başlamışdır. Artıq Azərbaycan xalqı 15 İyun tarixində iki əlamətdar hadisəni birlikdə qeyd edir. İmzalanmış bu Bəyannamənin böyük tarixi və siyasi əsaslara söykəndiyini vurğulayan millət vəkili qeyd edib ki, sənəddə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Ümummilli Lider Heydər Əliyevin ideyaları öz əksini tapmışdır. XXI əsrdə işğaldan azad edilmiş Şuşada müttəfiqlik haqqında Bəyannamənin imzalanması bu böyük liderlərin siyasi fəlsəfəsinin və baxışlarının təntənəsi kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, dostluq və qardaşlıq simvolu olan Şuşa Bəyannaməsi, eyni zamanda çoxşaxəli strateji müttəfiqliyin rəmzidir. Bu baxımdan qeyd edilməlidir ki, müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Ölkələrimiz arasındakı əməkdaşlıq siyasət, təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, iqtisadiyyat, enerji, nəqliyyat, müdafiə sənayesi, təhsil, mədəniyyət və digər strateji sahələri əhatə edir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına mühüm təkan verir. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu reallıqlardan biri də Şuşa Bəyannaməsində xüsusi yer alan Zəngəzur dəhlizidir. Sözügedən dəhliz Mərkəzi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və siyasi əməkdaşlığın güclənməsinə xidmət edir. Bu prosesdə Azərbaycan və Türkiyə aparıcı rol oynayır. Orta Dəhlizin mühüm komponentlərindən biri olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin həyata keçirilməsi regionun nəqliyyat-logistika imkanlarını daha da genişləndirəcək. Layihə Naxçıvan Muxtar Respublikasının nəqliyyat və iqtisadi potensialını artırmaqla yanaşı, beynəlxalq ticarət dövriyyəsinin inkişafına da əhəmiyyətli töhfə verəcək. Zəngəzur dəhlizinin tərkib hissəsi kimi nəzərdə tutulan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti isə təkcə Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməyəcək, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat arteriyalarından birinə çevriləcək. Bu marşrutun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası da onun strateji əhəmiyyətini daha da artırır. Bəyannamədə öz əksini tapan mühüm istiqamətlərdən biri də qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi və əlverişli investisiya mühitinin formalaşdırılmasıdır. Azərbaycan və Türkiyə arasında investisiya əməkdaşlığının genişlənməsi iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, yeni layihələrin reallaşdırılmasına və strateji əhəmiyyət daşıyan sektorların daha da gücləndirilməsinə şərait yaradır. Qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi inteqrasiyasını dərinləşdirir, ticarət dövriyyəsinin artmasına və milli iqtisadiyyatların şaxələndirilməsinə xidmət edir. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha yüksək səviyyəyə yüksəlməsinə və uzunmüddətli strateji hədəflərin həyata keçirilməsinə mühüm zəmin yaradır. Deputatın sözlərinə görə, sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsidir. Beynəlxalq müstəvidə daha səmərəli fəaliyyət göstərmək məqsədilə media və diaspor sahələrində birgə fəaliyyət mexanizmlərinin yaradılması, informasiya mübadiləsinin genişləndirilməsi və diplomatik səylərin əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəyannamədə hər iki ölkənin diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ortaq media platformalarının formalaşdırılması, informasiya və kommunikasiya sahəsində əlaqələrin gücləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul olunması və həyata keçirilməsi kimi mühüm hədəflər öz əksini tapmışdır. Bəyannamənin imzalanmasından sonra Şuşada hər il 15 iyun tarixində elmi-siyasi konfransların keçirilməsi ənənəsi formalaşmışdır. Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda konfrans keçirilmişdir. 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda konfrans təşkil edilmişdir. 2024-cü ilin iyunun 15-də isə “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu ənənə 2025-ci ildə də davam etdirilmiş və iyunun 15-də “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” adlı beynəlxalq konfrans təşkil olunmuşdur. Həmin tədbirlər Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinin, Azərbaycan-Türkiyə müttəfiqliyinin və Türk dünyasının inteqrasiya proseslərinin müzakirə olunduğu mühüm platformalar kimi çıxış etmişdir. Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin siyasi, diplomatik və iqtisadi uğurlarının mühüm təcəssümüdür. Bu gün əminliklə demək olar ki, Şuşa Bəyannaməsinin yaratdığı yeni strateji reallıq fonunda Azərbaycan və Türkiyənin birliyi, qarşılıqlı etimadı və müttəfiqliyi həm region üçün sabitlik amili, həm də beynəlxalq münasibətlər sistemində nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Geri dön |