Ana Sayfa > Özəl > Azərbaycanda piylənmə halları artır: 814 mindən çox insan risk qrupundadır
Azərbaycanda piylənmə halları artır: 814 mindən çox insan risk qrupundadırBu gün, 19:14. Yazar: vasif |
![]() Azərbaycanda həddən artıq piylənmə sağlamlıq sahəsində diqqət çəkən problemlərdən biri olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə 15 yaş və yuxarı olan 814 mindən çox şəxs bədən çəkisinin orta əmsalının 30-dan yuxarı olması ilə xarakterizə olunan piylənmədən əziyyət çəkib. Rəsmi statistikaya görə, piylənmə göstəricisi kişilər arasında 9,3 faiz, qadınlar arasında isə 10,6 faiz təşkil edib. Bu da qadınlarda həddən artıq çəki probleminin kişilərlə müqayisədə daha geniş yayıldığını göstərir. Yaş qrupları üzrə aparılan təhlillər göstərir ki, piylənmə halları yaş artdıqca daha da yüksəlir. Ölkədə ümumi sayı 797 700 nəfər təşkil edən 15–19 yaşlılar arasında həddən artıq piylənmə 0,7 faiz olub. Bu göstərici gənc yaş qrupunda nisbətən aşağı səviyyədə qalsa da, sonrakı yaş mərhələlərində əhəmiyyətli artım müşahidə olunur. Belə ki, ümumi sayı 649 200 nəfər olan 20–44 yaş qrupunda piylənmə göstəricisi 4,3 faiz təşkil edib. Ümumi sayı 2 408 100 nəfər olan 45–64 yaşlı əhali arasında isə bu rəqəm 16,4 faizə yüksəlib. Ən yüksək göstəricilərdən biri isə ümumi sayı 1 012 300 nəfər olan 65 və daha yuxarı yaşlı əhali arasında qeydə alınıb. Həmin yaş qrupunda piylənmə səviyyəsi 19,3 faiz olub. Cinslər üzrə statistik göstəricilər də maraqlı mənzərə ortaya qoyur. 15–19 yaş qrupunda piylənmə oğlanlar arasında 0,5 faiz, qızlar arasında isə 0,8 faiz təşkil edib. 20–44 yaşlılar arasında kişilərdə bu göstərici 5,5 faiz, qadınlarda isə 3,1 faiz olub. 45–64 yaş qrupunda piylənmə səviyyəsi kişilərdə 15,2 faiz, qadınlarda 17,6 faiz olaraq qeydə alınıb. 65 yaşdan yuxarı əhali arasında isə göstəricilər daha da yüksələrək kişilərdə 15,3 faiz, qadınlarda isə 22,6 faiz təşkil edib. Araşdırmanın nəticələri göstərir ki, həddən artıq piylənmə problemi xüsusilə orta və yaşlı nəsildə daha geniş yayılıb. Ən yüksək göstəricinin 65 yaşdan yuxarı qadınlar arasında qeydə alınması isə bu istiqamətdə profilaktik tədbirlərin və sağlam həyat tərzinin təşviqinin vacibliyini bir daha gündəmə gətirir. Mütəxəssislər hesab edirlər ki, düzgün qidalanma, fiziki aktivliyin artırılması və mütəmadi tibbi nəzarət piylənmə ilə mübarizədə əsas amillərdən biridir. Çünki artıq çəki yalnız estetik məsələ deyil, həm də ürək-damar xəstəlikləri, şəkərli diabet və digər ciddi sağlamlıq problemləri üçün mühüm risk faktorlarından hesab olunur. Geri dön |