Ana Sayfa > İqtisadiyyat / Karusel > "Pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb" -

"Pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb" -


Bu gün, 12:30. Yazar: Subhan
"Pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb" -

“2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib”.

aia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 mlrd. manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 mln. manat və ya 2,4 faiz çoxdur.

“Bütövlükdə, ötən 5 ildə dövlət büdcəsinin xərcləri 11,2 milyard manat və ya 41 faiz artıb. Strukturuna görə dövlət büdcəsi xərclərinin 22,1 milyard manatı və ya 57,3 faizi cari xərclərə, 14,4 milyard manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2,1 milyard manatı və ya 5,4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib”, - deyə S.Babayev bildirib.

Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 faizinin və ya 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.

S.Babayev qeyd edib ki, 2025-ci ildə dövlət maliyyəsinin idarə olunması sahəsində mühüm müsbət nəticələr əldə edilib. Belə ki, 2025-ci ildə dövlət büdcəsinin mədaxili 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz, 2024-cü illə müqayisədə isə 2 milyard manat və ya 5,4 faiz çox icra edilib.

Nazir bildirib ki, qeyri-neft sektoru üzrə daxilolmalar proqnozla müqayisədə 311 mln. manat çox icra olunmaqla, 20,4 mlrd. manat təşkil edib və büdcə gəlirlərinin 52 faizi olmaqla, 2024-cü ilin göstəricisini 756 mln. manat üstələyib: “Dövlət büdcəsində qeyri-neft vergilərinin payının 59 faizə yüksəlməsi, əvvəlki illə müqayisədə isə 2,7 faiz bəndi artması büdcənin neft gəlirlərindən asılılığının azalmasının mühüm göstəricisidir. Ötən il vergi orqanlarının xətti ilə büdcəyə 16,4 milyard manat, gömrük orqanlarının xətti ilə isə 6,4 milyard manat vəsait təmin edilib. Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitin 12 milyard manatı və ya 73,4 faizi qeyri-neft, 4,4 milyard manatı və ya 26,6 faizi neft sektorunun payına düşüb. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 680 milyon manat və ya 2024-cü illə müqayisədə 132 milyon manat çox olub”.

S.Babayev qeyd edib ki, hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu həcmdə, yəni 14,5 mlrd. manat transfert edilib.

“Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur. Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib. Son 5 ildə sosialyönlü xərclər 3,9 mlrd. manat artıb”, - deyə S.Babayev qeyd edib.

aia.az
Geri dön