Ana Sayfa > Siyasət > Şuşa Bəyannaməsi – qardaşlıqdan müttəfiqliyə aparan yol
Şuşa Bəyannaməsi – qardaşlıqdan müttəfiqliyə aparan yolBu gün, 16:30. Yazar: azer |
![]() 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuş mühüm siyasi sənəddir. Məhz Milli Qurtuluş Günündə imzalanan bu bəyannamə iki qardaş ölkə arasında mövcud olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Şuşa Bəyannaməsi öz mahiyyətinə görə təkcə iki dövlət arasındakı münasibətləri tənzimləyən sənəd deyil, həm də regionda sülhün, təhlükəsizliyin və sabit inkişafın təmin olunmasına xidmət edən mühüm siyasi-hüquqi platformadır. Bəyannamədə siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret hədəflər müəyyən edilmişdir. Bu sənədin Azərbaycan üçün ən mühüm əhəmiyyətlərindən biri ölkəmizin təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsidir. Bəyannamədə tərəflərdən birinə qarşı təhdid və ya təcavüz halında qarşılıqlı dəstək göstərilməsi prinsipi öz əksini tapmışdır. Bu isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində əlavə siyasi və strateji təminat yaradır. Xüsusilə Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar şəraitində belə bir müttəfiqlik münasibətinin mövcudluğu ölkəmizin mövqelərini daha da gücləndirmişdir. Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi, enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyətin genişləndirilməsi sənədin əsas istiqamətlərindəndir. Xüsusilə regionun nəqliyyat-logistika imkanlarının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin iqtisadi potensialının daha səmərəli istifadəsinə şərait yaradır. Bəyannamə Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin birgə fəaliyyəti türkdilli dövlətlər arasında əməkdaşlığın genişlənməsinə, ortaq mədəni və tarixi dəyərlərin qorunmasına, siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə ciddi töhfə verir. Bu mənada Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında deyil, bütövlükdə Türk dünyasının gələcək inkişafı üçün strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Sənədin imzalanma məkanı kimi Şuşa şəhərinin seçilməsi də xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış Şuşada belə bir mühüm beynəlxalq sənədin imzalanması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və dövlət suverenliyinin təntənəsinin göstəricisi olmuşdur. Bu hadisə eyni zamanda dünya ictimaiyyətinə Azərbaycanın Qarabağ üzərində tam hüquqlarının təsdiqi kimi mühüm siyasi mesaj vermişdir. Xalqımızın gələcəyi baxımından Şuşa Bəyannaməsi böyük ümidlər vəd edir. Bu sənəd ölkəmizin təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi rifahın yüksəldilməsi, beynəlxalq nüfuzunun artırılması və regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində mühüm zəmin yaradır. Azərbaycan gəncliyi üçün yeni inkişaf imkanlarının açılması, elm, təhsil, texnologiya və innovasiya sahələrində əməkdaşlığın genişlənməsi də gələcək nəsillərin daha firavan həyat sürməsinə xidmət edir. Şuşa Bəyannaməsi müasir Azərbaycan tarixinin ən mühüm siyasi sənədlərindən biridir. Bu bəyannamə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha təsdiqləməklə yanaşı, ölkəmizin milli maraqlarının qorunmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və xalqımızın təhlükəsiz, firavan gələcəyinin təmin olunmasına xidmət edən strateji əhəmiyyətli sənəd kimi tarixdə öz layiqli yerini tutmuşdur. Şuşa Bəyannaməsinin yaratdığı imkanlar və perspektivlər Azərbaycanın gələcək inkişafında mühüm rol oynamaqda davam edəcəkdir. Əminə Ağazadə Milli Məclisin deputatı Geri dön |