Ana Sayfa > Manşet / Siyasət > Milli Qurtuluş Günü: sabitlik və tərəqqiyə aparan yolun başlanğıcı
Milli Qurtuluş Günü: sabitlik və tərəqqiyə aparan yolun başlanğıcıBu gün, 10:55. Yazar: azer |
|
1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günü xalqımızın dövlətçilik salnaməsində dönüş nöqtəsi kimi mühüm önəm kəsb edir. Bu əlamətdar gün respublikamızda ictimai-siyasi sabitliyin bərqərar olunması və gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. O dövrdə mürəkkəb proseslər fonunda ölkəmizin gələcəyi şübhə altında idi. Məhz belə bir ağır şəraitdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısını almış və misilsiz inkişaf yolunun təməlini formalaşdırmışdır. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət respublikanın sosial-iqtisadi yüksəlişində mühüm rol oynamışdır. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illərdə xalqın rifahının yaxşılaşdırılması, milli maraqların qorunması və iqtisadi potensialın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Məqsədyönlü siyasət nəticəsində sənaye müəssisələrinin fəaliyyəti genişləndirilmiş, yeni istehsal sahələri yaradılmış, kənd təsərrüfatında məhsuldarlıq artmış və ölkəmizin iqtisadi imkanları əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Bununla yanaşı, elm, təhsil və mədəniyyət sahələrinə göstərilən diqqət intellektual potensialın formalaşmasına və gələcək dövlət quruculuğu prosesinə mühüm töhfə vermişdir. Minlərlə gəncin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi gələcək inkişaf üçün güclü peşəkar kadr bazasının yaranmasına şərait yaratmışdır. Ümummilli Liderin uzaqgörən siyasəti sonrakı illərdə müstəqil dövlət quruculuğu prosesinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə təkan vermişdir. 1990-cı illərin əvvəllərində respublikada ağır siyasi böhran hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğala məruz qalması, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Eyni zamanda, daxili qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, separatizm meyilləri və idarəetmədəki xaos dövlət müstəqilliyinə ciddi təhlükə yaradırdı. O dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində həlledici rol oynadı. 1993-cü il iyunun 15-də Ümummilli Liderin Azərbaycan Ali Sovetinin sədri seçilməsi dövlətçiliyin xilası və milli birliyin təmin olunması baxımından tarixi hadisəyə çevrildi. Məhz buna görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkəmizdə sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi və dövlət idarəçiliyində vahid nəzarət sistemi formalaşdırıldı. Cəmiyyətdə milli həmrəylik və vətəndaş birliyi möhkəmləndirildi, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl islahatlara başlanıldı. Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun bütün istiqamətlərində sistemli siyasət həyata keçirdi. Məhz həmin sabitlik sonrakı illərdə iqtisadi yüksəlişin, beynəlxalq nüfuzun artmasının və güclü dövlət modelinin formalaşmasının əsasını təşkil etdi. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il mayın 12-də Ermənistan ilə atəşkəs sazişi imzalandı. Bununla yanaşı, iqtisadi dirçəliş və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait formalaşdı. Peşəkar və nizami ordunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirildi, hərbi idarəetmə sistemi təkmilləşdirildi, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirildi. Sonrakı illərdə qazanılan tarixi qələbələrin əsasında da məhz həmin dövrdə qoyulmuş güclü ordu quruculuğu siyasəti dayanırdı. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” beynəlxalq neft sazişi ölkənin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu. Dünyanın aparıcı enerji şirkətləri ilə imzalanan bu saziş dövlətimizin iqtisadi potensialını gücləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində mövqeyini də əhəmiyyətli dərəcədə möhkəmləndirdi. Xarici investisiyaların cəlb olunması, enerji layihələrinin həyata keçirilməsi və neft strategiyasının formalaşdırılması ölkənin uzunmüddətli inkişaf konsepsiyasını müəyyənləşdirdi. “Əsrin müqaviləsi” nəticəsində enerji resurslarının dünya bazarlarına çıxarılması təmin edildi, yeni nəqliyyat və enerji marşrutları formalaşdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatına keçid təmin olundu, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıldı və geniş islahatlara başlanıldı. Məqsədyönlü tədbirlər iqtisadi sabitliyin möhkəmlənməsinə, investisiya mühitinin yaxşılaşmasına və maliyyə imkanlarının genişlənməsinə şərait yaratdı. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sistemlərinin müasirləşdirilməsi, habelə regionların inkişafı istiqamətində mühüm layihələr reallaşdırıldı. İnfrastrukturun yenilənməsi, kənd təsərrüfatına dövlət dəstəyinin artırılması və insan kapitalının inkişafına yönəlmiş tədbirlər ölkənin davamlı inkişafı üçün möhkəm zəmin formalaşdırdı və sonrakı illərin uğurlu inkişaf strategiyasının əsasını təşkil etdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət strategiyası milli maraqların qorunmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsinə hesablanmışdı. Müstəqilliyin ilk illərində mövcud olan mürəkkəb geosiyasi şəraitə baxmayaraq, həyata keçirilən uzaqgörən və praqmatik diplomatik kurs nəticəsində dövlətimiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı. Balanslaşdırılmış xarici siyasət xətti müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasına imkan yaratdı. Beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi, diplomatik münasibətlərin genişləndirilməsi və milli maraqlara əsaslanan siyasi kursun həyata keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verdi. Xarici siyasətdə milli maraqların prioritet kimi müəyyən olunması dövlətimizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsini təmin etdi. Regional və qlobal layihələrdə fəal iştirak nəticəsində ölkəmiz beynəlxalq əməkdaşlıq proseslərinin vacib aktorlarından birinə çevrildi. Enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması da xarici siyasət strategiyasının əsas istiqamətlərindən biri idi. Xəzər enerji resurslarının dünya bazarlarına çıxarılması, beynəlxalq enerji marşrutlarının formalaşdırılması və mühüm nəqliyyat dəhlizlərinin yaradılması ölkəmizin geostrateji əhəmiyyətini daha da artırdı. Bu siyasət nəticəsində dövlətimiz regionda etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi mövqeyini gücləndirdi. Eyni zamanda, beynəlxalq iqtisadi əməkdaşlıq imkanları genişləndi, ölkəmizin siyasi və iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin siyasi, iqtisadi və hərbi gücü daha da artıb, beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər xalqımızın milli birlik və həmrəyliyinin parlaq nümunəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz uzun illər işğal altında qalmış torpaqları azad edib və tarixi ədalət bərpa olunub. Bu Qələbə xalqımızın milli qürur mənbəyinə çevrilərək dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olub. 2023-cü ildə həyata keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub. Bununla da uzun illər davam edən separatizmə son qoyulub və dövlət suverenliyi bütün ərazilərdə bərpa edilib. Bu tarixi nailiyyətlər Ulu Öndərin əsasını qoyduğu güclü dövlətçilik siyasətinin, milli birlik strategiyasının və ordu quruculuğu modelinin məntiqi nəticəsi kimi dəyərləndirilir. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, müasir infrastrukturun yaradılması dövlətimizin qüdrətini və inkişaf potensialını nümayiş etdirir. Milli Qurtuluş Günü həm də bugünkü uğurların əsasını təşkil edən tarixi mərhələdir. 15 iyun xalqımızın xilası, dövlətçiliyimizin qorunması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində formalaşan güclü dövlətçilik ənənələri bu gün də ölkəmizin uğurlu gələcəyini təmin edən əsas amillərdən biri olaraq qalır. Milli Qurtuluşun yaratdığı siyasi sabitlik, milli birlik və inkişaf strategiyası müasir uğurlarımızın fundamental əsasını təşkil edir və gələcək nəsillər üçün mühüm dövlətçilik məktəbi kimi böyük əhəmiyyət daşıyır. Heydər Əsədov Milli Məclisin deputatı Geri dön |