Ana Sayfa > Siyasət > 15 İyun – Qurtuluşdan Zəfərə aparan yolun başlanğıcı

15 İyun – Qurtuluşdan Zəfərə aparan yolun başlanğıcı


Bu gün, 10:44. Yazar: azer
15 İyun – Qurtuluşdan Zəfərə aparan yolun başlanğıcı

Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkə son dərəcə mürəkkəb və gərgin bir dövrə qədəm qoydu. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzkar siyasəti, separatçı qüvvələrin fəaliyyəti, eyni zamanda daxildə hökm sürən siyasi səriştəsizlik, hakimiyyət uğrunda mübarizə və parçalanma meyilləri dövlətin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkədə yaranmış anarxiya, özbaşınalıq və idarəetmədəki xaos iqtisadiyyatı iflic vəziyyətinə salmış, insanların sosial rifahını kəskin şəkildə aşağı salmışdı. Qarabağ problemi isə Azərbaycanın qarşısında duran ən ağır məsələlərdən biri olaraq qalırdı. Belə bir zamanda xalqın birliyi və həmrəyliyi zəruri olsa da, bəzi siyasi qruplar və hakimiyyət iddiasında olan şəxslər şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturdular. Çıxılmaz vəziyyətdə qalan Azərbaycan xalqı ölkənin xilasını yalnız Heydər Əliyevin siyasi təcrübəsində və liderlik keyfiyyətlərində görürdü.

Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələr vəziyyətə nəzarəti itirdiklərini anlayaraq Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. Xalqın və siyasi dairələrin təkidli çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da paytaxta gəldi. Bu hadisə Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcı oldu. O, ölkədə baş qaldırmış təhlükəli proseslərin qarşısını almaq üçün dərhal hərəkətə keçdi və həyatını riskə ataraq Gəncəyə yollandı. Məhz onun qətiyyətli addımları nəticəsində vətəndaş qarşıdurmasının və qardaş qırğınının qarşısı alındı.

1993-cü ilin iyun hadisələri Azərbaycan dövlətçiliyinin qorunmasında həlledici rol oynadı. Xalqın böyük etimad göstərdiyi Heydər Əliyev Naxçıvandan Bakıya gələrək ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. Sonralar Ümummilli Lider adlandırılan bu böyük dövlət xadimi müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanı ağır böhrandan çıxarmaq missiyasını həyata keçirdi və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarix sonradan Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə düşdü. İyunun 24-də isə Prezident səlahiyyətləri ona həvalə edildi. Milli Məclisin qərarı ilə 1997-ci ildən etibarən 15 iyun rəsmi bayram kimi qeyd olunmağa başladı.

15 İyun yalnız siyasi böhrandan çıxış günü deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Məhz bu tarixdən sonra ölkədə sabitliyin təmin olunması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müstəqil siyasətin həyata keçirilməsi üçün geniş imkanlar yarandı. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu və beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı.

Ümummilli Liderin zəngin idarəçilik təcrübəsi və siyasi iradəsi ölkədə sabitliyin bərqərar olmasına şərait yaratdı. Onun rəhbərliyi ilə vətəndaş qarşıdurmasına son qoyuldu, milli birlik və həmrəylik möhkəmləndirildi, azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər, elmin, təhsilin və mədəniyyətin inkişafına göstərilən diqqət ölkənin hərtərəfli tərəqqisinə təkan verdi. Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirdi və dünya birliyinə inteqrasiya prosesini sürətləndirdi.

Bu günkü Azərbaycan məhz Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun nəticəsidir. Onun təməlini qoyduğu dövlət quruculuğu və ordu quruculuğu siyasəti ölkəmizin güclənməsində mühüm rol oynayıb. Azərbaycan Silahlı Qüvvələri müasir dövrün tələblərinə cavab verən, yüksək döyüş qabiliyyətinə malik güclü ordulardan birinə çevrilib.

Ümummilli Liderin əsasını qoyduğu siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə mühüm iqtisadi, sosial və infrastruktur layihələri reallaşdırılmış, Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlmişdir. Dövlətimizin bütün sahələr üzrə inkişafı təmin edilmiş, yeni çağırışlara uyğun islahatlar həyata keçirilmişdir. Bu gün Azərbaycan müasir, qüdrətli və gələcəyə inamla addımlayan dövlət kimi inkişafını davam etdirir. Müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, cəmiyyətin modernləşdirilməsi və milli tərəqqinin təmin olunması bu yeni dövrün əsas xüsusiyyətləridir.

Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri.

Geri dön