Ana Sayfa > Özəl > Paşinyan revanşistlərə qarşı hərəkətə keçdi – Ermənistanda siyasi savaş qızışır

Paşinyan revanşistlərə qarşı hərəkətə keçdi – Ermənistanda siyasi savaş qızışır


Dünən, 21:37. Yazar: vasif
Paşinyan revanşistlərə qarşı hərəkətə keçdi – Ermənistanda siyasi savaş qızışır


Ermənistanda parlament seçkilərindən sonra siyasi qarşıdurma yeni mərhələyə daxil olub. Baş nazir Nikol Paşinyan hakimiyyətə qarşı çıxan qüvvələrə təzyiqləri artırarkən, müxalifət də əks-hücuma hazırlaşır.

Son məlumata görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan ölkədən çıxmaq istəyərkən saxlanılıb. Ona qarşı külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi açılıb və ölkədən çıxışına məhdudiyyət qoyulub.

Bu addım Ermənistanda bir çox müşahidəçi tərəfindən revanşist düşərgəyə verilən ciddi siyasi mesaj kimi qiymətləndirilir. Seçkilərdə baryeri keçə bilməyən Çarukyanın siyasi təsir imkanlarının daha da zəiflədiyi bildirilir.

Digər tərəfdən, rusiyalı erməni oliqarx Samvel Karapetyan düşərgəsi hakimiyyətə təzyiq göstərməyə çalışır. Onun qardaşı oğlu Narek Karapetyan iddia edib ki, hakim partiyadan cəmi bir neçə deputat mövqeyini dəyişərsə, Paşinyan parlamentdə üstünlüyünü itirə bilər.

Lakin hazırkı siyasi reallıq göstərir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə rahat çoxluğa malikdir və hökuməti təkbaşına formalaşdırmaq gücünü qoruyur. Buna baxmayaraq, Paşinyanın qarşısında daha böyük məqsəd dayanır – Ermənistan Konstitusiyasında dəyişikliklər və regional sülh gündəliyi.

Ekspertlərin fikrincə, qarşıdakı dövrdə Ermənistan siyasətində əsas mübarizə hakimiyyətlə müxalifət arasında mandat savaşı deyil, ölkənin gələcək kursu uğrunda gedəcək. Bu səbəbdən İrəvanda siyasi temperaturun yaxın aylarda daha da yüksələcəyi gözlənilir.
Geri dön