Ana Sayfa > Karusel / Özəl / Təhsil / Yazar6 > Yüz ilin işığında 60 illik görüş:
Yüz ilin işığında 60 illik görüş:Bu gün, 13:17. Yazar: Semsi |
![]() Təhsil bəşəriyyətin yoluna işıq salan elə bir müqəddəs məşəldir ki, onun yandırdığı ocaqlar əsrlər keçsə də, zamanın tufanlarında sönmür, əksinə, mənəviyyat coğrafiyamızı bütöv bir məmləkət boyu işıqlandırır. Maarifçilik – sadəcə quru bilik vermək deyil, bütöv bir nəslin yaddaşına, ruhuna və milli kimliyinə silinməz imzalar həkk etmək sənətidir. Bu müqəddəs amala xidmət edən ocaqlardan biri – Qərbi Azərbaycanın Amasiya rayonunun igidlik, ucalıq və savad rəmzi olan Güllübulaq kənd orta məktəbidir. Dünən paytaxtın tanınmış məkanlarından olan “Mona Liza” sarayında bu ulu elm məbədinin 100 illik yubileyinə həsr olunmuş elə bir təntənəli, kövrək və möhtəşəm tarixi hadisə yaşandı ki, onun rəmzi mənası sadəcə bir məktəbin yubiley çərçivələrini aşaraq bütöv bir elin, obanın mənəvi qələbəsinə, zamana meydan oxuyan qürur fəslinə çevrildi. Bu görüş – cismən doğma torpaqlardan uzaq düşmüş, amma ruhən heç vaxt ayrılmamış insanların 60 il əvvələ, gəncliyin saf və təmiz ağuşuna qayıdışın simvolu idi. ![]() DÖVLƏTÇİLİK STRATEGİYASI VƏ DOĞMA OD-OCAĞA QAYIDIŞ EŞQİ Bu möhtəşəm tədbirin baş tutması və illərdir ürəklərdə yığılıb qalan həsrətin vüsala çevrilməsi təsadüfi deyil. Akademik Abel Məhərrəmov öz dərin məzmunlu çıxışında xüsusi olaraq vurğuladı ki, bu gün bu insanların bir araya gəlməsində, bu mənəvi birliyin təntənəsində Azərbaycan dövlətinin, Ulu Öndər Heydər Əliyev siyasətinin və möhtərəm cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyinin misilsiz rolu vardır. Ölkə başçısının elan etdiyi və böyük qətiyyətlə həyata keçirdiyi Qayıdış Konsepsiyası, bu məsələyə dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi hər birimizin qəlbində doğma od-ocağa qayıdış hisslərini alovlandırmaqla yanaşı, respublikanın hər tərəfinə səpələnmiş Ağbaba və Şörəyel camaatının bir araya gəlməsini, o uzun, ağrılı ayrılıqlara son qoyulmasını təmin etmişdir. Güllübulaq ziyalılarının bu möhtəşəm yığıncağı məhz bu dövlət siyasətinin və milli birliyimizin sarsılmaz təzahürü idi. Tədbirin rəsmi və mənəvi təməli qoyularkən, xalqımızın müqəddəs dəyərlərinə olan ehtiram ən uca zirvəyə qalxdı. Salonda ümummilli liderimiz Heydər Əliyevin, Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən əziz şəhidlərimizin, məktəbdə dərs demiş fədakar ustad müəllimlərin və erkən itirdiyimiz, dünyasını dəyişmiş əziz məzunların xatirəsi salondakı qonaqlar tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Bu an, keçmişə, dövlətə və vəfalı sinif yoldaşlarına olan müqəddəs ehtiramın ən kövrək dəqiqəsi kimi tarixə düşdü. AMASİYALILARIN DOĞMA ATA OCAĞI VƏ EL QARŞISINDA BÖYÜK MİSSİYA Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Mərkəzi Aparatının əməkdaşı, Güllübulaq kəndinin sakini Əhməd Rzayev öz nitqində çox mühüm bir məqama toxundu. O, böyük qürur hissi ilə vurğuladı ki, akademik Abel Məhərrəmovun himayəsi və rəhbərliyi ilə bu möhtəşəm saray artıq hər bir amasiyalı üçün sözün həqiqi mənasında doğma ata ocağına, mənəvi sığınacaq mərkəzinə çevrilmişdir. ![]() Buraya mütəmadi olaraq toplaşan amasiyalıların bir araya gəlməsinə, bir-biri ilə görüşüb həsrət bitirməsinə, müxtəlif mütəşəkkil mədəni-kütləvi tədbirləri yüksək səviyyədə keçirməsinə yaradılan bu geniş və ali şəraitə görə Abel müəllimə bütün el-oba adından xüsusi minnətdarlığını bildirən Əhməd Rzayev, bu fəaliyyəti sadəcə bir xeyriyyəçilik deyil, el və Vətən qarşısında fədakarlıqla yerinə yetirilən böyük və tarixi bir missiya adlandırdı. YAYLAQ FESTİVALI VƏ AŞIQ İSGƏNDƏR AĞBABALININ 100 İLLİK YUBİLEYİNƏ DAİR KİTAB HƏDİYYƏLƏRİ Tədbir əsnasında Qərbi Azərbaycanın unudulmaz mədəni irsi və saz-söz sənəti də geniş şəkildə işıqlandırıldı. Akademik Abel Məhərrəmov çıxışında bu yaxınlarda Şamaxı rayonunun Qızmeydan kəndində Amasiya rayon İcmasının və Elləroyuğu kənd icmasının birgə təşkilatçılığı ilə keçirilən Yaylaq festivalını və bu festival daxilində Ağbaba-Çıldır aşıq mühitinin sonuncu azman ustadı, qüdrətli söz xiridarı Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinin qeyd edilməsini çox böyük, unudulmaz bir mədəni hadisə adlandırdı. ![]() Abel müəllim bu ulu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edərək, İcma tərəfindən ustad aşığın zəngin həyat və yaradıcılığına həsr edilərək nəfis şəkildə çap olunmuş iki dəyərli kitabı yubiley iştirakçılarına böyük məmnuniyyətlə hədiyyə etdi. Bu addım salondakı ziyalılar və aşıq sənətinin pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılandı. RƏSMİYYƏTDƏN UZAQ, DOĞMALIĞA SIĞINAN BİR ORTAM VƏ NURLU XATİRƏLƏR Tədbirin ən böyük özəlliyi və gözəlliyi onun quruluğunda, rəsmi protokollarında deyil, bəlkə də tamamilə rəsmiyyətdən uzaq olmasında idi. Salona heç bir millət vəkili, heç bir kənar vəzifəli şəxs dəvət olunmamışdı. Çünki bu gecənin rəhbəri də, vəzifəlisi də, fəxri də elə Güllübulağın öz övladları idi. Ortam o qədər sadə, o qədər səmimi və o qədər möhtəşəm idi ki, salondakı hər kəs özünü azad, sərbəst və bəxtiyar hiss edirdi. Arxa fonda Güllübulaq kəndinin, o qədim məktəb binasının və unudulmaz müəllimlərin fotolarından ibarət "Əsrin İşığı" adlı geniş video-çarx nümayiş olunduqca, sanki zaman dayandı. 60 illik ayrılıqdan, ömrün fərqli yollarından sonra bir yerə yığışan o fəxri məzunlar əslində arxiv şəkillərində görünən o gənclərin, o çılğın yeniyetmələrin özləri idi. Bəli, bu gün onların hər biri saçlarına dən düşmüş, ağsaqqal bir baba, ağbircək bir nənədir, lakin dünən gecə o salonda babalıq da, nənəlik də unudulmuşdu. Böyük akademiklərin, professorların, həkimlərin bir-birinə rəsmi ad-sanla deyil, sadəcə uşaqlıqdakı kimi “sən” deyərək, ürəkdən gələn “qadan alım” kəlmələri ilə müraciət etməsi insanı iliklərinə qədər titrədir, kövrəldirdi. Sanki hamı bir göz qırpımında 60 il əvvəlki o bərəkətli, o nurlu Güllübulaq kəndinin sinif otaqlarına qayıtmışdı. ![]() Tədbirdə çıxış edən məzunlar ötən illərin o nurlu tarixinə boylanaraq, onlara əlifbanı öyrədən, dünyanı tanıdan və qəlblərinə elm sevgisi aşılayan əziz ustadlarını böyük ehtiram və kövrəkliklə yad etdilər. İştirakçılar məktəbin direktoru olmuş Məmmədəli Məhərrəmov, Məmməd Rzayev, həmçinin fədakar müəllimlərdən Şəfiqə Avşarova, Yusif Mustafayev, Yunis Bayramov, Tağı Mustafayev, Cəfər Mustafayev, Şükür Əliyev, Məhərrəm Abbasov, İbrahim Bayramov, Abbas Həsənov və Adil Abbasov haqqında ən xoş, ən səmimi xatirələrini bölüşdülər, onların hər birinə Tanrıdan rəhmət dilədilər. Məzunlar xüsusi olaraq qeyd etdilər ki, məhz o nurlu insanların, o fədakar ustadların verdiyi müqəddəs tərbiyə və bilik sayəsində bu gün cəmiyyətdə uca məqamlar tutublar, qazandıqları hər bir uğurla haqlı olaraq fəxr edirlər. ![]() Sırf sinif yoldaşlarının bu müqəddəs görüşünə yetişmək üçün uzaq Gəncə şəhərindən böyük bir vəfa hissi ilə gələn Şövkət xanım Abbasova və medalçı məzunlardan olan respublikanın tanınmış, fədakar onkoloq həkimi Şirin xanım Bayramova öz kövrək, şirin və həsrət dolu xatirələri ilə yubiley gecəsinə tamam başqa bir rəng, mənəvi bir zinət qatdılar. QADINA VƏ ANAYA OLAN ULU TƏMƏLLİ EHTİRAM Gecənin ən emosional və zərif anlarından biri də məhz qadına, anaya olan ulu ehtiramın bir daha nümayiş etdirilməsi oldu. Tədbirdə iştirak edən və öz çıxışları ilə hər kəsi heyran qoyan bu iki ziyalı xanıma – Şövkət Abbasovaya və Şirin xanım Bayramovaya akademik Abel Məhərrəmov tərəfindən xüsusi gözəl gül buketləri təqdim edildi. Abel müəllimin bu nəcib və rəmzi mənası çox böyük olan jesti bütün salon tərəfindən gur və sürəkli alqışlarla qarşılandı. Bu, Güllübulaq elinin öz qadınına, öz anasına və ziyalısına verdiyi yüksək dəyərin bariz nümunəsi idi. ABEL MƏHƏRRƏMOVUN TARİXİ TƏLƏBİ: "YÜZ İL YAŞAMAYAN GÜNAHI ÖZÜNDƏ AXTSIN!" Tədbirin bədii hissəsi isə ruhun coşqu rəqsi idi. Bir-birindən gözəl, vətənpərvərlik və həsrət motivli mahnılar səsləndikcə, o yaşlı fəxri məzunlar sanki 60 ilin yorğunluğunu bir kənara atıb, gənclik şövqü, coşqusu və tükənməz bir enerji ilə rəqs etdilər. O rəqslərdə Güllübulağın dağlarının mənzərəsi, buz bulaqlarının şırıltısı və Ağbaba elinin bükülməz qaməti var idi. Tədbirin bədii və mənəvi kulminasiya nöqtəsi isə gecənin sonunda akademik Abel Məhərrəmovun salondakı bütün sinif yoldaşlarına və qonaqlara etdiyi o tarixi, unudulmaz çağırış oldu. Abel müəllim hamıya cansağlığı arzulayaraq, bu möhtəşəm görüşün 65-ci ildönümünə (yəni növbəti 5 ildən sonra) qədər hamının sağ-salamat qalmasını həm böyük bir sevgi ilə arzu elədi, həm də bir rəhbər, bir dost kimi qətiyyətlə tələb etdi! Üstəlik, dahi alim özünəməxsus xoş bir zarafat və ciddiyətlə qeyd etdi ki, 65 illik yubiley görüşünə kim sağ-salamat qalmağı bacarsa və gəlib iştirak etsə, həmin adamlara şəxsən öz tərəfindən xüsusi böyük mükafat verəcəkdir. Abel müəllim bu sözləri ilə hər bir məzunun içində yaşamaq, yaratmaq və doğmalarına qovuşmaq eşqini yenidən alovlandırdı. Bir sözlə, bu gecədən çıxan mənəvi hökm bu oldu: Güllübulaq ocağının işığında hər kim yüz il yaşayıb o qələbə gününü görməsə, günah onun özündədir! ![]() Tədbirin ən sonunda isə salondakı o unudulmaz mühiti, 60 illik vüsalı, üzlərdəki təbəssümü və gözlərdəki fərəh yaşlarını əbədiləşdirmək üçün hamı bir yerə toplaşaraq tarixi xatirə şəkilləri çəkdirdi. Bu şəkillər təkcə bir tədbirin yekunu deyil, Güllübulaq ruhunun zamana və məsafələrə qalib gəldiyinin, Azərbaycan elminin və mənəviyyatının silinməz salnaməsinin əyani rəsmi sənədi olaraq gələcək nəsillərə əbədi bir miras qaldı. Yubileyiniz mübarək, ey əsrlik işıq ocağı! Sizin yetişdirdiyiniz bu nəhəng insan kapitalı, dünən salonda yaşanan o "qadan alım" səmimiyyəti və ocaq qoruyucularınız sübut etdi ki, Güllübulaq ruhu əbədidir, ölməzdir! ![]() Şəmsi Qoca Geri dön |